RU

Bibiyanı kəndində qadınların turizmdə rolunun artırılmasına dair ilk tədbir keçirilib - FOTOLAR

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” adlı layihəni həyata keçirir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin icra müddəti: 3 aydır.

Layihə: Lerik rayonu, Bibiyanı kəndində həyata keçiriləcəkdir.

Layihənin ümumi məqsədi — regional turizmin inkişafına dəstək verməkdir.

Spesifik məqsədlər:

Turizm potensialı olan Bibiyanı kəndində turizm yönümlü fəaliyyətlərdə qadınların ehtiyaclarının müəyyənləşdirilməsi və maarifləndirilməsi yolu ilə onlara dəstək göstərmək (monitorinq zamanı qadınların ehtiyacları dəqiqləşdiriləcək);

Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatları və vergi qanunvericiliyi barədə qadınların məlumatlandırılması;

“Koordinasiya qrupu”nun yaradılması (turizm xidməti ilə məşğul olan ailə təsərrüfatlarının əlaqələndirilməsi üçün);

Bibiyanı turistik kəndində turist qəbulu ilə məşğul olan evləri əks etdirən (qısa məlumat və fotolarla) bukletin hazırlanması və yayılması.

Layihə çərçivəsində qadınlar üçün hər qrupda 10 nəfər olmaqla 5 təlim təşkil ediləcəkdir.

Qadın liderliyi, qadın haqları və qadın haqlarının müdafiə mexanizmləri;

Vergi qanunvericiliyi və turizm sahəsində maarifləndirmə (qonaqlama təlimləri);

Turizm təsərrüfatı ilə məşğul olan ailələrdə keçiriləcək praktiki təlimlər və təcrübə mübadiləsi;

“Koordinasiya qrupu”nun yaradılması və ailələrin turistlərə yüksək səviyyəli xidmət göstərməsinə dəstək;

Bibiyanı kəndi və yaxın ətrafda yerləşən görməli yerlər barədə məlumat və şəkillərin yer aldığı bukletin hazırlanması və paylanması.

 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin həyata keçirdiyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” layihəsi çərçivəsində ilk tədbir 2025-ci il noyabrın 3-də Lerik rayonunun Bibiyanı kəndində, kənd sakini Həsənova Leyla xanımın evində keçirilib.

Tədbirdə 9 nəfər qadın iştirak edib. Tədbiri layihənin ekspertləri Nabat Qəniyeva və Dilarə Əfəndiyeva aparıblar.

Tədbiri layihə ekspertlərindən biri açaraq donor, cəmiyyət və layihə barədə məlumat verib. Ardınca qadın haqları və onların qorunması mexanizmləri haqqında məlumat təqdim olunub.

Dövlət qadın siyasəti, qanunvericilikdə qadınlara verilən hüquq və güzəştlər barədə müzakirələr aparılıb. Beynəlxalq konvensiyalar, o cümlədən CEDAW haqqında məlumat verilib.

Qadın liderliyi və qonaqqarşılama mövzuları üzrə müzakirələr xüsusi maraq doğurub.

Qadınlara “Koordinasiya qrupu”nun məqsədi və gələcək fəaliyyəti izah edilib, könüllü olaraq qrupa qoşulmaq istəyənlər qeydiyyata alınıb.

Qadınlara izah edilib ki, turizm fəaliyyətində iştirak yalnız evdə turist qonaqlamaqla məhdudlaşmır – digər istiqamətlərdə də fəaliyyət göstərmək mümkündür. “İş yerləri yoxdur” deməyin, çünki iş yerlərini siz özünüz yarada bilərsiniz — fikri tədbirdə xüsusi vurğulanıb. Qadınlara həm özləri, həm də başqaları üçün iş yerlərinin necə yaradıla biləcəyi barədə məlumat verilib.

Kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial imkanlarını genişləndirmək, onları turizm sahəsinə və yerli turizm xidmətlərinin inkişafına cəlb etməkdir.

Tədbir iştirakçıları kənd turizminin davamlı inkişaf, gəlir mənbəyi və mədəni irsin qorunması üçün mühüm vasitə olduğunu vurğulayıblar. Qeyd olunub ki, məhz qadınlar bu prosesdə əsas hərəkətverici qüvvə ola bilərlər — qonaq evləri, milli mətbəx və əl sənətləri kimi sahələrdə öz təşəbbüslərini reallaşdıra bilərlər.

Tədbir zamanı foto və video çəkilişlər aparılıb, iştirakçılar üçün şirniyyat və çay süfrəsi təşkil edilib.


"Cebheinfo.az" 

Избранный
17
8
cebheinfo.az

10Источники