ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Ukrayna müharibəsi getdikcə daha böyük miqyasda genişlənmək təhlükəsilə üz-üzədir. Rusiya və Qərbin son davranışları müharibənin böyüyərək, onların öz aralarında savaşa çevrilmək riskini də artırıb.
Bu günlərdə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandon "Ouest-France"a verdiyi müsahibədə Rusiyanın Ukrayna ilə müharibəni "qloballaşdırdığını" və kəşfiyyat məlumatlarının NATO ölkələrinin mümkün hərbi əməliyyatlara hazırlaşmasının zəruriliyini təsdiqlədiyini bildirib.
Mandon parlament müdafiə komitəsinin üzvləri qarşısında çıxışı zamanı toplanmış kəşfiyyat məlumatlarına istinadən Rusiyanın Avropada "müharibəni davam etdirməyə meyilli ola biləcəyini" bildirib. Ardınca o, Fransa ordusunun "üç-dörd il ərzində baş verə biləcək toqquşmaya hazır olmaq" məcburiyyəti barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Fransanın bu fikrini Almaniya və Böyük Britaniya kimi Avropa nəhəngləri də bölüşür. Onlar da müharibəyə hazırlaşmaq üçün ordularını gücləndirir.
Fransız generalından bir qədər əvvəl NATO-nun baş katibi Mark Rütte də Rusiyanın beş il ərzində NATO-ya hücum edə biləcəyini söyləmişdi. Almaniya Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Aleksandr Solffrank isə bildirib ki, Rusiya "günü sabah" NATO-ya qarşı "məhdud hücum" etməyə qadirdir.
Rusiya ilə Qərb arasında müharibə görəsən realdırmı?
Qaynarifo-ya açıqlamasında politoloq Taleh Əliyev belə bir toqquşmanın qaçılmaz olduğu qənaətindədir:

"Fransa Baş Qərargah rəisinin məlum açıqlaması bir daha təsdiq edir ki, Avropa dövlətləri, başqa sözlə NATO-Rusiya müharibəsi qaçılmazdır. Hansı ki, bu müharibə də üçüncü Dünya Müharibəsinin başlanmasının anonsu olacaq. Hər iki tərəfdə müxtəlif hərbi təlimlərin keçirilməsi, informasiya savaşı və müharibəyə hazırlıq istiqamətində ciddi işlər görülür”.
Ekspertə görə, sözügedən qarşıdurma olarsa, bu, yaxın dövrdə deyil, bir neçə ildən sonra baş tutacaq:
"Amma Fransız generalına istinad etsək görərik ki, müharibə yaxın zaman üçün yox, növbəti 3-4 il ərzində gerçəkləşəcək. Bu müddət bir qədər tezləşə, hətta yubana bilər, amma edilən xəbərdarlıqlar belə bir böyük müharibənin qaçılmaz olduğunu deməyə əsas verir. Ona görə də Avropa da indidən həmin savaşa hazırlaşır”.
Rüfət Sultan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.