RU

Ərdoğan xalqa müraciət etdi - Bu faciəvi hadisə... ÖNƏMLİ MESAJLAR

“Dünən 86 milyonu hüznə boğan çox acı bir xəbər aldıq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Türkiyə lideri Gürcüstan-Azərbaycan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı xalqına müraciətində aşağıdakıları vurğulayıb:

“Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanda olan hərbi birliyimizi daşıyan “C 130” tipli hərbi yük təyyarəmiz ölkəmizə qayıtmaq üçün havaya qalxdıqdan qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siğnaği bölgəsində qəzaya uğradı.

Uca Allah şəhidlərimizin məkanını cənnət, məqamlarını ali etsin!

Qəlbimizdəki yanğını ifadə etmək əlbəttə, mümkün deyil.

86 milyonun hər bir fərdinə, əziz şəhidlərimizin kədərli ailələrinə və Türkiyə Silahlı Qüvvələrinə səbr və başsağlığı diləyirəm. Bu faciəvi hadisə yalnız millətimizi deyil, azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərin kədərə boğdu.

Hadisənin bütün təfərrüatları hərtərəfli şəkildə araşdırılır”.

Ərdoğan bildirib ki, Gürcüstan rəsmiləri bu prosesdə ən yüksək səviyyədə əməkdaşlıq və dəstək göstərir:

“Azərbaycanlı qardaşlarımız da eyni şəkildə bütün imkanlarını səfərbər ediblər. Millətimiz əmin olsun ki, Türkiyə ilə yanaşı, Gürcüstan və Azərbaycanın bütün imkanları da qəhrəmanlarımız üçün səfərbər edilib. Ərazidə aparılan işlər anbaan izlənir. Hadisənin bütün istiqamətləri ilə tam aydınlaşdırılması üçün zəruri araşdırmalar böyük diqqət və dəqiqliklə aparılacaq”.

Türkiyə prezidenti hadisədən sui-istifadə cəhdləri ilə bağlı da çağırış edib:

“Millətimizdən yalanlara, manipulyasiyalara və dezinformasiyalara qarşı ayıq olmalarını xüsusilə xahiş edirəm. Sosial şəbəkələrdə bu cür faciələri siyasi məqsədlər üçün istismar edənlərə əsla meydan verilməməlidir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Mesaj və zənglərlə acımızı bölüşən, başsağlığı verən bütün dost və qardaş ölkələrə təşəkkürümü bildirirəm!”

"Cebheinfo.az”

Избранный
33
4
cebheinfo.az

5Источники