ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyanın prezidenti Əhməd əl-Şəraa ilə görüş keçirib.
Milli.Az xəbər verir ki, görüş zamanı Tramp öz markasına məxsus "Trump" ətrini əl-Şəraaya və onunla birlikdə olan xarici işlər naziri Əsəd əş-Şeybaniyə hədiyyə edib. Ətri onların üzərinə sıxaraq, bunun "ən yaxşı ətir" olduğunu bildirib və "biri sizin üçün, biri də həyat yoldaşınız üçündür" deyib.
Sonra Tramp gülərək soruşub: "Neçə arvadın var? Bir?"
Əl-Şəraa sakitcə "Bəli, bir" cavabını verib. Tramp isə zarafatla əlavə edib:
"Sizdə vəziyyət bir az fərqlidir, heç vaxt bilmək olmur!"
Bu sual bir ərəb və müsəlman dövlət başçısına ünvanlandığı üçün bir qədər qeyri-adi və uyğun olmayan hesab olunub. Əl-Şəraa isə cavab olaraq Trampa eyni sualı verib:
"Bəs sizin neçə arvadınız var?"
Tramp cavab verib: "Hazırda bir."
Otaqda olanlar bu sözlərə gülüblər.
Əhməd əl-Şəraa 1946-cı ildən bəri Ağ Evə səfər edən ilk Suriya prezidenti olub. O, Trampa Suriya tarixindən qədim artefaktların surətlərini hədiyyə edib - bunlara dünyanın ilk əlifbası, ilk möhürü, ilk musiqi notu və ilk gömrük tarifi də daxildir.
Səfərin məqsədi sadəcə hədiyyə mübadiləsi deyildi. Əl-Şəraa açıqlayıb ki, Suriya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub və Trampı həmçinin Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə inandırmağa çalışır.
Lalə Qüdrətova
Milli.Az