RU

COP29-dan COP30-a uzanan etimad və əməkdaşlıq körpüsü -Bakıdan Belemə

Azərbaycanın çoxşaxəli idarəetmə bacarığı və uğurlu ev sahibliyi modeli COP30-un hazırlanmasında və həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir

2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın qlobal iqlim diplomatiyasında yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən bu mötəbər tədbir tərəflər arasında uzun illər davam edən fikir ayrılıqlarının aradan qaldırılması və “Bakı Maliyyə Hədəfi”nin qəbul edilməsi ilə tarixə düşdü. Həmin sənəd 2025-ci ildən etibarən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur və bu, BMT tarixində indiyədək qəbul olunmuş ən böyük maliyyə öhdəliyi hesab olunur.

COP29-da əldə edilən nəticələr, COP30-a hazırlıq prosesi, Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı rolu və qadınların iqlim gündəliyində fəal ilə bağlı “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova ilə həmsöhbət olduq.

-COP29-un nəticələri fonunda COP30-dan əsas gözləntilər nələrdir?

-COP29-un nəticələri fonunda COP30-dan gözləntilər həm siyasi, həm maliyyə, həm də texniki səviyyədə olduqca yüksəkdir. Xüsusilə, Bakıda keçirilmiş COP29 iqlim maliyyəsi ilə bağlı “tarixi qərarların” qəbul edildiyi konfrans kimi qiymətləndirilir. Bu qərarlar qlobal iqlim gündəliyində yeni mərhələnin başlanğıcı kimi qəbul olunur və Braziliyada baş tutacaq COP30-un əsas vəzifəsi bu qərarların icrasına başlamaq olacaq. COP30-dan ən əsas gözləntilərdən biri Yeni Qlobal İqlim Maliyyə Məqsədinin (New Collective Quantified Goal – NCQG) həyata keçirilməsidir. COP29-da bu məqsəd üzrə əldə olunmuş razılaşma inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uzun müzakirələrin nəticəsi idi. İndi diqqət bu məqsədin necə icra olunacağına yönəlib, yəni maliyyə vəsaitlərinin kim tərəfindən və hansı mənbələrdən toplanacağı, hansı regionlara və sektorlara bölüşdürüləcəyi, şəffaf hesabatlılıq və monitorinq sistemlərinin necə qurulacağı Braziliyadakı müzakirələrin əsas mövzularından biri olacaq.

Digər mühüm gözlənti inkişaf etməkdə olan ölkələrin dəstəyinin gücləndirilməsi ilə bağlıdır. COP29-da Qlobal Cənubun səsi daha çox eşidildi və Bakıda yaradılan “Global South NGO Platform” bu baxımdan mühüm dönüş nöqtəsi oldu. COP30-da bu platforma və oxşar təşəbbüslərin institusional şəkildə gücləndirilməsi, iqlim ədalətinin təmin olunması, gender bərabərliyi, gənclərin və yerli icmaların iqlim siyasətinə real təsir imkanlarının artırılması istiqamətində yeni mexanizmlərin yaradılması gözlənilir.

COP-29 tarixi bir məqsəd, 2035-ci il üçün maliyyə hədəfi müəyyən etdi. Bu, artıq müəyyən edilib. Buna uyğun olaraq, COP-30-un bu məqsədə çatmaq üçün irəliləməyə başlaması gözlənilir. Əlbəttə ki, bu, uzun bir prosesdir - 10 il - amma hərəkət başlayacaq.

2025-ci il həm də Paris Sazişinin orta dövr qiymətləndirilməsi üçün vacib mərhələdir. COP30-da ölkələrin milli iqlim öhdəliklərinin (NDC) yenilənməsi, bu öhdəliklərin 1,5°C hədəfinə uyğun olub-olmamasının qiymətləndirilməsi və emissiyaların azaldılması üzrə daha sərt qlobal planın qəbul olunması planlaşdırılır. Bu, beynəlxalq iqlim siyasətində növbəti onillik üçün istiqaməti müəyyən edəcək.

-Sizcə, COP30 hansı əsas prioritetlər üzərində qurulmalıdır ki, əvvəlki konfranslarda müəyyənləşdirilən qərarlar real nəticə versin?

-Mənim fikrimcə, COP30-un əsas prioritetləri elə şəkildə formalaşdırılmalıdır ki, o, əvvəlki konfranslarda, xüsusilə COP28 və COP29-da qəbul edilən qərarların praktiki icrasını təmin etsin və iqlim siyasətində söz mərhələsindən əməl mərhələsinə keçidi reallaşdırsın. Bunun üçün beş əsas istiqamət ön plana çıxmalıdır.

Bir neçə il əvvəl Misirdə keçirilən COP 27 konfransıda su, kənd təsərrüfatı və ümumiyyətlə insan ehtiyaclarına üstünlük verilməsi qərarı verildi. COP 28 Dubayda keçirilən sonrakı konfransda qlobal uyğunlaşma hədəfi qəbul edildi. Daha sonra Bakı konfransı maliyyəyə yönəldi və indi COP30-da nöqtələri birləşdirməli və uyğunlaşma layihəsi göstəricilərini qəbul etməliyik.

-Azərbaycan COP29-u uğurla keçirməklə beynəlxalq səviyyədə iqlim diplomatiyasında yeni nüfuz qazandı. Bu təcrübə COP30 prosesinə necə təsir göstərə bilər?

-Azərbaycanın COP29-u uğurla keçirməsi ölkənin beynəlxalq iqlim diplomatiyasında nüfuzunu əhəmiyyətli dərəcədə artırdı və onu Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoq körpüsü rolunda önə çıxardı. Bu təcrübə COP30 prosesinə həm məzmun, həm də idarəetmə baxımından çox mühüm təsir göstərə bilər.

Əvvəla, Bakı COP29-un ən böyük nailiyyətlərindən biri qlobal iqlim maliyyəsi sahəsində Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılması idi. Bu, son illərin ən mürəkkəb danışıqlarından biri sayılırdı və Azərbaycan tərəfinin diplomatik balansı qoruma bacarığı bu nəticəyə gətirib çıxardı. Beləliklə, COP30 Braziliyada bu qərarların icrasına başlayarkən Azərbaycan təcrübəsi siyasi konsensusun formalaşdırılması, etimadın bərpası və inklüziv yanaşmanın tətbiqi baxımından nümunə kimi dəyərləndiriləcək.

Azərbaycanın COP29-da qazandığı uğur COP30 prosesinə həm diplomatik, həm də konseptual təsir göstərəcək. Bakı COP-u iqlim diplomatiyasında yeni etimad mühiti və Qlobal Cənubun səsinin daha aydın eşidilməsinə zəmin yaratdı. Buna görə də Belem COP30-un uğuru müəyyən mənada Azərbaycanın qoyduğu bu siyasi və institusional təməl üzərində qurulacaq. Azərbaycanın nümunəsi göstərdi ki, kiçik və orta ölçülü ölkələr belə qlobal iqlim prosesində tərəfləri birləşdirən, ədaləti önə çıxaran və real nəticəyə yönəlmiş lider rolunu oynaya bilərlər.

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə iqlim diplomatiyasında yeni etimad mühiti yaratdı. Yüzlərlə ölkənin nümayəndələri Azərbaycanın təhlükəsiz və effektiv idarəetmə nümunəsini birbaşa müşahidə etdilər. Bu təcrübə Braziliya nümayəndələri üçün də örnək ola bilər və onların COP30-da oxşar təhlükəsizlik və təşkilati standartları tətbiq etməsinə stimul verə bilər. Beləliklə, Azərbaycanın çoxşaxəli idarəetmə bacarığı və uğurlu ev sahibliyi modeli COP30-un hazırlanmasında və həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir.

-COP29-da qəbul edilmiş “Bakı Maliyyə Hədəfi” COP30 müzakirələrinə hansı istiqamətdə təsir göstərəcək?

-COP29-da qəbul edilmiş “Bakı Maliyyə Hədəfi” (Baku Financial Target) qlobal iqlim maliyyələşməsi sistemində yeni mərhələnin əsasını qoydu və bu sənədin təsiri COP30 müzakirələrində çoxşaxəli olacaq.

Hesab edirəm ki, “Bakı Maliyyə Hədəfi” COP30-un gündəliyinə yalnız maliyyə deyil, həm də ədalət, məsuliyyət və real nəticəyə yönəlik iqlim siyasəti məntiqini gətirəcək.

-Sizcə, COP30 zamanı beynəlxalq iqlim səhnəsində Azərbaycan hansı təşəbbüslərlə çıxış edə bilər?

-Azərbaycan COP30 zamanı beynəlxalq iqlim səhnəsində həm regional liderlik, həm də praktiki təşəbbüskarlıq nümayiş etdirmək üçün unikal mövqeyə sahibdir. COP29-un uğurlu ev sahibliyi ölkəmizə iqlim diplomatiyasında etibarlı tərəfdaş statusu qazandırdı və bu təcrübə COP30-da da müxtəlif istiqamətlərdə təşəbbüslərlə çıxış etməyə imkan verir.

Azərbaycan “Bakı Maliyyə Hədəfi”nin icra mexanizmləri üzrə təşəbbüslərlə çıxış edə bilər. Ölkə COP30-da iqlim maliyyəsinin şəffaf idarəedilməsi, fondların bölgüsü və Qlobal Cənub ölkələri üçün ədalətli maliyyə axınlarının təmin edilməsi istiqamətində texniki platforma və ya “Climate Finance Implementation Hub” kimi regional əməkdaşlıq təşəbbüsünü təklif edə bilər. Bu, COP29-un irsini davam etdirmək və Azərbaycanın iqlim maliyyə sisteminin formalaşmasında aparıcı rolu möhkəmləndirmək baxımından əhəmiyyətli addım olar.

Eyni zamanda, Azərbaycan enerji keçidi və yaşıl texnologiyalar üzrə təcrübə paylaşımı təşəbbüsü ilə çıxış edə bilər. “Yaşıl enerji zonası”, Xəzər dənizində bərpaolunan enerji layihələri və Cənubi Qafqazda regional interkonnektor şəbəkəsinin yaradılması kimi planlar COP30 müzakirələrində praktiki transformasiya nümunəsi kimi təqdim edilə bilər. Ölkəmiz bu çərçivədə bərpaolunan enerji texnologiyalarının transferi və investisiya tərəfdaşlığı üzrə regional platforma yaradılmasını təklif edə bilər.

Azərbaycan Qlobal Cənub Vətəndaş Cəmiyyəti Platforması (Global South NGO Platform) vasitəsilə COP30-da inklüziv iştirak modelini gücləndirə bilər. Bu təşəbbüsün məqsədi inkişaf etməkdə olan ölkələrin sivil cəmiyyətlərinin iqlim qərarvermə proseslərində daha fəal rol almasını təmin etməkdir. COP30 zamanı Azərbaycan bu platforma çərçivəsində Cənub-Cənub əməkdaşlığı mövzusunda xüsusi sessiya və ya dialoq formatı təklif edə bilər.

-Qlobal iqlim qərarlarının qəbulunda qadınların və gənclərin rolu barədə nə düşünürsünüz? Sizcə, COP30 bu baxımdan hansı imkanları yarada bilər?

-Qlobal iqlim qərarlarının qəbulunda qadınların və gənclərin rolu son illərdə getdikcə daha strateji əhəmiyyət kəsb edir. Çünki iqlim dəyişikliyinin sosial və iqtisadi təsirləri cins və yaş qruplarına görə fərqli şəkildə təzahür edir. COP30 bu baxımdan inklüziv iqlim idarəçiliyinə keçid üçün yeni imkanlar yarada bilər.

Əvvəla, qadınlar iqlim böhranının ön xəttindədir – xüsusən kənd təsərrüfatı, su idarəçiliyi və sosial dayanıqlıq kimi sahələrdə onların rolu həlledicidir. Buna görə də COP30 qadınların qərarvermə proseslərində daha güclü təmsilçiliyini təmin etmək üçün “Gender and Climate Action” gündəliyini genişləndirməli və konkret nəticələrə yönəlməlidir. Məsələn, qadınların iqlim layihələrində liderliyi və maliyyə resurslarına çıxış imkanları üçün xüsusi fond və ya Gender-Responsive Climate Finance Facility kimi təşəbbüslər COP30-un praktiki nəticələri arasında ola bilər.

Eyni zamanda, gənclər iqlim diplomatiyasında yeni ideyaların və sosial innovasiyaların əsas daşıyıcısıdır. COP30-un Braziliya kimi gənc və dinamik əhali strukturuna malik bir ölkədə keçirilməsi bu baxımdan simvolik məna daşıyır. Gənclərin iştirakı yalnız aksiyalar və forumlarla məhdudlaşmamalı, həm də rəsmi qərarvermə mexanizmlərinə inteqrasiya edilməlidir. Məsələn, COP30 çərçivəsində Youth Climate Delegate Program və ya Young Negotiators Network kimi təşəbbüslərin genişləndirilməsi gənclərin beynəlxalq səviyyədə real təsir imkanlarını artırar.

Nəhayət, Azərbaycan kimi ölkələr COP29-da qazandıqları təcrübəyə əsaslanaraq COP30-da bu mövzuda fəal mövqe tuta bilərlər. Xüsusilə qadın iqlim liderləri, ekoloji QHT-lərdə çalışan gənclər və universitet şəbəkələri vasitəsilə Qlobal Cənubun qadın və gənclərinin səsini qlobal səviyyəyə çıxarmaq mümkün olar. Beləliklə, COP30 qadınların və gənclərin iqlim siyasətində yalnız iştirakçılar deyil, qərarverici və innovator subyektlər kimi çıxış etdikləri yeni inklüziv iqlim nizamının formalaşması üçün mühüm platforma ola bilər.

-Qadın, İnkişaf, Gələcək” İctimai Birliyi olaraq siz COP30 prosesində hansı təşəbbüslərlə çıxış etməyi planlaşdırırsınız?

- İctimai Birlik kimi biz COP30 prosesində iştirakımızı yalnız müşahidəçi deyil, aktiv təşəbbüskar və tərəfdaş rolunda görürük. COP29-da əldə etdiyimiz təcrübə, xüsusilə vətəndaş cəmiyyəti dialoqlarında və “Global South NGO Platform”un yaradılmasında qazandığımız biliklər, COP30-da daha sistemli və konkret təşəbbüslərlə çıxış etməyə zəmin yaradır.

Təşkilatımız QHT Agentliyinin Dəstəyi ilə “COP29 Qlobal Təcrübəsi və COP30 Yeni Perspektivləri” layihəsi çərçivəsində bir neçə yan tədbirlərin keçirilməsini planlaşdırır. 13 və 19 noyabr 2025- ci il tarixlərində Azərbaycan Pavilyonunda İqlim dəyişikliyi üzrə Biomüxtəliklik və Uyğunlaşma sonra Kənd təsərrüfatına olan təsirlər üzrə yan tədbirlər keçiriləcəkdir. 20 noyabr 2025-ci ildə isə Ümumdünya Səhiyyə Təşkilatının Pavilyonunda İqlim dəyişikliyinin sağlamlığa təsiri üzrə yan tədbirin keçirilməsi planlaşdırılır. Artıq spikerlər də müəyyən olunmuşdur.

Biz COP30-da Azərbaycan və Latın Amerikası qadın təşkilatları arasında “Cənub-Cənub əməkdaşlığı” modelinin inkişafına töhfə verməyi planlaşdırırıq. Bu çərçivədə Amazon regionunda yaşayan yerli icma qadınlarının təcrübəsinin öyrənilməsi və Azərbaycanın kənd qadınları üçün adaptasiya bacarıqları üzrə birgə yan tədbirlərdə iştirakımız nəzərdə tutulur. Beləliklə, məqsədimiz COP30-da yalnız iştirak etmək deyil, Azərbaycan qadınlarının iqlim diplomatiyasına real töhfəsini göstərmək, COP29-un irsini sosial yönümlü və davamlı fəaliyyətə çevirməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
34
ikisahil.az

1Источники