RU

İdmanda hüquq və ədalət: yeni antidopinq çərçivəsi

Noyabrın 13-də Bakıda, “JW Marriott Absheron” mehmanxanasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans keçirilib.  Tədbirdə dövlət rəsmiləri, Olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), eləcə də digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, yerli və əcnəbi mütəxəssislər iştirak ediblər.  Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Açılış mərasimində çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə konfransın idmanda şəffaflığın, ədalətin və hüququn aliliyinin təmin olunması istiqamətində qlobal səviyyədə səylərin birləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi münasibətilə keçirilən bu tədbir həm də cəmiyyətimizin sağlam, ədalətli və dəyərlərə əsaslanan idman mühitinə sadiqliyinin bariz göstəricisidir. AMADA olaraq, əsas məqsədimiz yalnız dopinqə qarşı mübarizəni gücləndirmək deyil, eyni zamanda maarifləndirmə, profilaktika və beynəlxalq əməkdaşlıq vasitəsilə yeni nəsil idmançılarda ədalətli oyun prinsiplərinə hörmət hissini daha da möhkəmləndirməkdir. Biz inanırıq ki, bu konfrans çərçivəsində aparılacaq fikir və təcrübə mübadiləsi, WADA-nın yeni çərçivəsinə uyğun olaraq, milli sistemimizin daha da təkmilləşdirilməsinə və qlobal antidopinq ailəsi ilə əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəkdir.
WADA-nın nümayəndəsi Stefan Trinks  konfransın dopinqə qarşı qlobal mübarizədə qarşılıqlı əməkdaşlığın və ortaq dəyərlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli təşəbbüs olduğunu vurğulayıb. Qeyd edib ki, AMADA-nın bu sahədə göstərdiyi səyləri və beynəlxalq standartlara uyğun fəaliyyətini yüksək qiymətləndiririk. Əminik ki, bu tədbir idmanda dürüstlük, şəffaflıq və ədalətin qorunması istiqamətində yeni tərəfdaşlıqlara və daha səmərəli əməkdaşlığa zəmin yaradacaqdır.

Tədbirin əsas sessiyasında WADA-nın İdmançıların insan hüquqları üzrə müstəqil eksperti Snežana Samardžić-Markoviç “2027-ci il Ümumdünya Antidopinq Proqramı layihəsində idmançıların hüquqları” və AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə “AMADA-nın illik hesabatı: Dürüstlük və ədalətli yarış prinsiplərinin gücləndirilməsi” adlı təqdimatları böyük marağa səbəb olub.   
Konfrans işini plenar panellər üzrə davam etdirib.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadənin moderatorluğu ilə keçirilən ilk plenar panel - “İdmanda hüququn aliliyi: Yeni antidopinq qaydalarının formalaşması”nda Stefan Trinks, Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer və Avropa Şurasının Antidopinq Konvensiyasının Hüquqi Məsələlər üzrə Məsləhətçi Qrupunun (T-DO LI) sədri, Fransanın Milli Antidopinq Agentliyinin Hüquq direktoru Floriane Cavel təqdimatlarla çıxış ediblər. 
İkinci plenar panel – “Daha ədalətli yarış uğrunda: İdmanda insan hüquqları və ədalət”ə AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev moderatorluq edib. İdmançılar üzrə Antidopinq Ombudsmanı Anna Thorstenson, Litva Antidopinq Agentliyinin direktoru Rūta Banytė və Polşa Antidopinq Agentliyinin direktor müavini Hubert Dziudzikin təqdimatları nümayiş olunub. 
Panellər çərçivəsində sual-cavab mərhələləri təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Konfransın məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi fonunda idmanda hüququn aliliyinin və ədalətli rəqabət prinsiplərinin qorunması istiqamətində dopinq və digər zərərli maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyinin artırılması, profilaktik və maarifləndirici fəaliyyətlərin təkmilləşdirilməsi, WADA-nın yeni qanunvericiliyindəki dəyişikliklərin və beynəlxalq təcrübəyə əsaslanan müasir antidopinq çərçivəsinin formalaşdırılmasını təşviq edən beynəlxalq dialoq, təcrübə mübadiləsi və əməkdaşlıq platformasının yaradılması olub.

Yaqut Ağaşahqızı, "İki sahil"

Избранный
60
ikisahil.az

1Источники