RU

Türkmənistan fəallaşır - Azərbaycanı da içinə alan beştərəfli qrup yaratmağı təklif etdi...


Türkmənistan Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərini birləşdirəcək müasir regional infrastruktur yaratmaq üçün nəqliyyat potensiallarının birləşdirilməsinin tərəfdarıdır. Bu barədə Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammet Axməmmədov “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: Qarşılıqlı əlaqə və inkişaf – 2025” konfransında bildirib.

Nazirin sözlərinə görə, logistika şirkətlərinin və assosiasiyalarının nəqliyyat sistemlərinin birləşməsində əsas rol oynaması gözlənilir: “Regiondaxili nəqliyyat əlaqələrinin istifadə olunmamış potensialını qeyd edən Türkmənistan Mərkəzi Asiyanı müasir, vahid və yüksəksəmərəli nəqliyyat mərkəzinə çevirmək üçün sistemli şəkildə çalışır”.

Bu məqsədlə Türkmənistan Mərkəzi Asiya ilə Xəzər-Qara dəniz regionu arasında Cənubi Avropaya çıxışı olan yeni nəqliyyat və kommunikasiya marşrutlarının inkişaf etdirilməsi imkanlarını öyrənmək məqsədilə hökumət səviyyəsində beştərəfli işçi qrupunun yaradılmasını təklif edib. Türkmənistanlı nazir vurğulayıb ki, Avrasiyanın mərkəzində yerləşən Türkmənistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat arteriyalarının yaradılması üzrə unikal coğrafi üstünlüyə malikdir. Ölkə bütün nəqliyyat növlərinin - dəmir yollarının, avtomobil yollarının, aeroportların və dəniz limanlarının inkişafına fəal şəkildə investisiya qoyur. Axməmmədov qeyd edib ki, Türkmənistan davamlı inkişaf prinsipinə sadiqdir və nəqliyyat sektorunda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi üçün fəal şəkildə çalışır: “Dəmir yolunun elektrikləşdirilməsinin modernləşdirilməsi, karbon izinin azaldılması və enerjiyə qənaət edən həllərin tətbiqi Türkmənistanın ekoloji cəhətdən təmiz və davamlı nəqliyyat dəhlizlərinin yaradılması üçün həyata keçirdiyi səylərdən yalnız bir neçəsidir”. Nazir buna nümunə olaraq, marşrutun bir hissəsinin elektrikləşdirilməsini əhatə edəcək Türkmənbaşı-Aşqabad-Marı-Türkmənabad dəmir yolunun modernləşdirilməsi layihəsini misal gətirib. O vurğulayıb ki, bu, ekoloji dayanıqlığı artıracaq və təmiz texnologiyalara yönəlmiş digər dəhlizlərin inkişafı üçün yeni imkanlar açacaq. Türkmənistanın təklif etdiyi Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərini birləşdirəcək müasir regional infrastruktur yaratmaq üçün isə Azərbaycanın prosesdə iştirakı vacib hesab edilir. Çünki barəsində bəhs edilən marşrutun keçəcəyi əsas ünvanlardan biri məhz Azərbaycandır. Azərbaycan Asiya, Avropa və Yaxın Şərq arasında strateji körpü rolunu oynayaraq, müasir nəqliyyat infrastrukturunun formalaşmasında mühüm mövqeyə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, xüsusilə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, qərb istiqamətində Qara dəniz limanlarına, cənubda İran və Fars körfəzi regionuna, şimalda isə Rusiya bazarlarına çıxış imkanı Azərbaycanı əsl tranzit mərkəzinə çevirir. Bu üstünlük dövlətin məqsədyönlü siyasəti nəticəsində son illərdə genişmiqyaslı nəqliyyat layihələri vasitəsilə reallaşdırılır və ölkə beynəlxalq nəqliyyat arteriyalarının əsas halqasına çevrilir.Ən mühüm strateji layihələrdən biri Orta Dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən yükləri Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşıyır. Orta Dəhliz həm zaman, həm də məsrəf baxımından Sakit okeandan Avropaya uzanan ən səmərəli marşrutlardan biridir. Azərbaycanın bu dəhlizdə rolu həlledici xarakter daşıyır: Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının fəaliyyəti bu rolu daha da gücləndirir. Bakı-Tiflis-Qars vasitəsilə Çindən Avropaya yük daşınması 12–15 gün ərzində həyata keçirilə bilir. Onun daşıma qabiliyyəti illik 5 milyondan 10 milyon tonadək artırılıb.

Azərbaycanın cənub istiqamətindəki Şimal–Cənub nəqliyyat dəhlizi isə ölkəni Hindistan, İran, Rusiya, Skandinaviya və Avropa bazarları ilə birləşdirir. Bu marşrut vasitəsilə Hind okeanından Baltik dənizinədək yüklərin daşınması mövcuddur və Azərbaycan bu xəttin mərkəzi keçid nöqtəsidir. Astara–Rəşt–Qəzvin dəmir yolunun tam istifadəyə verilməsi ilə dəhlizin daşıma potensialı daha da artacaq. Bu, Azərbaycanı həm Şimal–Cənub, həm də Şərq–Qərb istiqamətlərində qlobal logistika mərkəzinə çevirəcək. Bununla yanaşı, Zəngəzur dəhlizinin reallaşması da Azərbaycanın tranzit imkanlarını tamamilə yeni səviyyəyə qaldıra bilər. Bu dəhliz açılacağı təqdirdə Azərbaycan, Türkiyə, Naxçıvan, eləcə də Orta Asiya ölkələri və Çin arasında birbaşa dəmir yolu bağlantısı formalaşacaq. Zəngəzur dəhlizi eyni zamanda Orta Dəhlizin şimal və cənub qollarını birləşdirəcək, Azərbaycanın geosiyasi çəkisini artıracaq və regionda yeni nəqliyyat reallığı yaradacaq. Azərbaycanın tranzit potensialının güclənməsi yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir. Ölkə həm Avropa İttifaqı, həm də Asiya ölkələri üçün etibarlı tərəfdaş kimi çıxış edir. Bu mövqe Azərbaycanın xarici siyasətinin çoxvektorlu istiqamətinə tam uyğun gəlir və ölkəni qlobal ticarət şəbəkələrinin əsas iştirakçısına çevirir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən siyasət nəticəsində nəqliyyat-logistika sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından birinə çevrilib. Beləliklə, Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərini birləşdirəcək müasir regional infrastrukturda Azərbaycanın rolu getdikcə möhkəmlənir. Ölkə coğrafi mövqeyini strateji üstünlüyə çevirərək, enerji və logistika tranzitində etibarlı tərəfdaş kimi tanınır. Bu istiqamətdə həyata keçirilən layihələr təkcə Azərbaycan iqtisadiyyatının dayanıqlığını artırmır, həm də regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı asılılıq üçün mühüm zəmin yaradır.

Tahir TAĞIYEV

Избранный
73
baki-xeber.com

1Источники