RU

İlham Əliyev: Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi uzunmüddətli sabitliyin zəmanətidir

BAKI, 14 noyabr. TELEQRAF

"Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir".

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlət başçısı qeyd edib: "Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə də xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilmişdir. Əsas nəqliyyat obyektlərinə, marşrutlara və ümumiyyətlə dövlətlərimizə qarşı planlaşdırılan pozuculuq aktları barədə fasiləsiz və operativ məlumat mübadiləsinin aparılması və birgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.

Müvafiq kontekstdə tranzit xətlərimizdən istifadə etməyə cəhd göstərən terrorçu təşkilatların və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyat tədbirlərinin hazırlanması və reallaşdırılması da prioritet fəaliyyət istiqamətləri sırasında yer almalıdır. Bu əməkdaşlıq kibertəhdidlərdən müdafiə, eləcə də nəqliyyat axınlarına nəzarət və monitorinq üçün qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini də əhatə etməlidir.

Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir. Əminəm ki, bugünkü tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına töhfə verəcəkdir".

Избранный
20
49
teleqraf.com

7Источники