RU

Dayanıqlı inkişaf strategiyasının əsas istiqamətləri

Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbul edərkən mühüm tapşırıqlarını verdi, eyni zamanda, kadr institutunun müasir dövrdəki vəzifə və səlahiyyətlərinin istiqamətlərini xatırlatdı. Dövlət başçısının səsləndirdiyi fikirlər həm də ölkəmizdə müasir çağırışlar şəraitində aparılan kadr islahatlarının və idaretmədə yeni mərhələnin başlandığının anonsu kimi də dəyərləndirilə bilər.

Cənab Prezident, ilk növbədə, ona işarə etdi ki, demokratik dövlət quruculuğunun əsas atributlarından birinə çevrilən səmərəli və şəffaf idarəetmə modeli layiqli, vicdanlı və dövlətə sədaqətlə qulluq edən kadrlar tələb edir, vəzifə təyinatında da məhz bu amillər prioritet yer tutur.  Çevik və sağlam iş tərzinə malik kadr bazası hazırda davam etdirilən institusional islahatların növbəti fazasında da ön planda olacaq.

Kadr təyinatları sözsüz ki, dövlətin və onun rəhbərinin həyata keçirdiyi genişmiqyaslı islahatlara dəstək vermək, hakimiyyətlə xalq arasında sarsılmaz etimadı daha da möhkəmləndirmək, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini gücləndimək məqsədi daşıyır və Azərbaycanın inkişafında ən mühüm amillərdən biri kimi çıxış edir.

Ali dövlət vəzifəsinə seçildiyi ilk gündən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” vədinə sadiq qalan İlham Əliyev xalqa layiqincə xidmət göstərən və bu, dəyişməz ali meyarını nümunəvi iş üslubuna çevirməyi bacaran Lider kimi vəzifəyə təyin etdiyi məmurlardan, o cümlədən yeni icra hakimiyyəti başçılarından da bu cür yanaşma gözləyir və tələb edir. Onlar məsuliyyətli və xalqın xidmətçiləri olmalı və bu ali tapşırıq onlar üçün əsas iş prinsipinə çevrilməlidir.

Rəhbər vəzifədə çalışan hər bir məmur davranışlarında sadə, səmimi, təvazökar və nümunə olmalıdır. Çox təəssüf ki, bəzi hallarda özlərini cəmiyyətdə düzgün apara bilməyən, ifrat dərəcədə təkəbbürlülük göstərən, özlərini hamıdan üstün tutmağa çalışan məmurlar da var ki, onlar bu hərəkətləri ilə dövlətin həyata keçirdiyi siyasətə xələl gətirirlər.

Ona görə də, yeni təyin edilən icra orqanı rəhbərlərinə verilən tapşırıq və tələb qəti və konkretdir: Göstərilən etimadı doğrultmaq, seçimin düzgün olduğunu sübut etmək. Azərbaycan dövlətinin yeni kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrlara üstünlük verildiyindən hər kəs bu prinsiplərə əməl etməlidir. Əks təqdirdə, qərar bəllidir - lazımi ölçülər götürüləcək.

Dövlətimizin başçısının icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında qoyduğu digər mühüm tapşırıq regionlarda azad iqtisadiyyat quruculuğuna böyük töhfələr verilməsi ilə bağlıdır. Çünki regionların inkişafı bilavasitə azad sahibkarlıqdan, güclü özəl sektorun təmsilçilərinin yaratdığı əlavə dəyərdən asılıdır. Dövlət hər bir rayonun spesifik inkişaf xüsusiyyətlərinə uyğun bölgələrdə investisiya və regional inkişaf proqramları icra edib, zəruri infrastrukturları ‒ yol, körpü, su, qaz, işıq, rabitə və s. xidmət sektorlarını modernləşdirib, iqtisadi təşviqlər çərçivəsində sənaye, aqrar və emal sənayesi, kənd təsərrüfatı, turizm, ticarət, xidmət sahələrinin inkişafına davamlı dəstəklər verib, hazırda sənaye parklarını böyüdür, vergi-gömrük, iqtisadi güzəştlər və institusional alətlərlə biznes fəaliyyətlərini stimullaşdırır.

Məhz bu xüsusi qayğı və diqqətin nümunəsidir ki, Azərbaycanda sahibkarların ən yaxın dostu elə Prezident İlham Əliyevdir. Biznes ordusu ona güvənərək rayonlara sərmayələr qoyur, yeni müəssisələr və iş yerləri yarardır, daha böyük istehsal və emal zənciri şəbəkələri qurmaq təşəbbüskarlığını artırır. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonrakı yaranmış münbit dövr isə istehsal-investisiya təşviqlərini sürətləndirməyi tələb edir, meyarlar yenilikçiliyə keçidi sürətləndirir. Vurğulandığı kimi bütün zəruri infrastrukturun formalaşması mərhələsinin başa çatdığı bölgələrimizdə hazırkı mərhələdə daha çox dəyərin yaradılması üçün sərmayələrin cəlbinin artırılması çox vacibdir. Bu prosesdə isə yerli icra orqanlarının da üzərinə ciddi məsuliyyət düşür, onlar biznesə təşviq və motivasiyalar verməli, təşəbbüskar olmalıdırlar.

Yeni təyin olunan icra başçılarına verilən tövsiyələr, qarşıya qoyulan mühüm tələblər və gözləntilər də məhz regionlarda azad biznesin və ölkəmizin ümumi iqtisadi inkişafına töhfə verməkdir. Bu məqsədyönlü siyasət həm də sosial xarakter daşıyır, yeni yaradılan hər bir iş yeri bölgələrdə məşğulluğun genişlənməsinə səbəb olur, uğurla icra edilən özünüməşğulluq proqramı on minlərlə insanı əhatə etməklə onların layiqli həyat şəraitini təmin edir.

Ona görə də, yeni kadrlardan əsas gözləntilərdən biri yerli istehsal-məşğulluq vəhdətini gücləndirmək, bölgə iqtisadiyyatının inkişafına daha çox dəstək verməkdir. Eyni zamanda, “yaşıl inkişaf”da və bölgələrdəki ekoloji tarazlığın qorunmasında yerli icra hakimiyyəti orqanları mərkəzi icra hakimiyyəti orqanları ilə əlaqələndirilmiş şəkildə işləməlidirlər. Bu koordinasiyalı fəaliyyət dövlətin ekoloji hədəflərə çatması üçün də mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, Prezident İlham Əliyev yeni təyin etdiyi rəhbər şəxslər qarşısında mühüm vəzifələr qoyaraq onlardan yüksək etimadı doğruldacaqlarına əminliyini ifadə etməklə, həm də digər məmurlara açıq mesaj verdi: ölkədə yeni iqtisadi modelin əsas qayəsi yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma və şəffaflıqdır. Bu, ardıcıl, prinsipial islahatlarla kim ayaqlaşa bilirsə, hökumətin sağlam komandası ilə uzlaşmış tərzdə çalışa bilirsə dövlət onlara etimad və etibar göstərəcək.

Ramid Namazov,
​Milli Məclisin deputatı

Избранный
9
1
ikisahil.az

2Источники