"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, son illər həm regional, həm də qlobal səviyyədə baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan bu bölgədə rolunu daha da gücləndirib və artıq sadəcə tranzit ölkə deyil, mühüm strateji aktora çevrilib: "Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın əsas istiqamətlərindən biri Orta Dəhlizin - yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafıdır. Bu marşrut Avrasiya məkanında enerji və yükdaşımaların yenidən bölüşdürülməsində həlledici rol oynayır. Azərbaycanın malik olduğu Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və regiondakı sabitlik ölkəmizi Orta Dəhlizin təbii liderinə çevirir. Xüsusilə hazırkı geopolitik şəraitdə Avropa və Asiya arasında alternativ və təhlükəsiz marşruta ehtiyacın artması Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.
Azərbaycan-Özbəkistan münasibətləri isə artıq sırf iqtisadi əməkdaşlıq çərçivəsindən çıxaraq müttəfiqlik xarakteri almağa başlayıb. Hər iki ölkə təkcə siyasi sahədə deyil, müdafiə sənayesi, kənd təsərrüfatı, nəqliyyat, enerji və humanitar istiqamətlərdə də əməkdaşlığı genişləndirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesləri bu əməkdaşlığa əlavə dinamika verib və Azərbaycan–Özbəkistan xətti türk dünyasının strateji dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycan Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi çıxış edir. Bunun əsas səbəbi ölkənin balanslaşdırılmış xarici siyasəti, regionda sabitlik adası olması və enerji-nəqliyyat layihələrinin uğurla idarə edilməsidir. Azərbaycan qlobal güclər arasında düzgün manevr etmək bacarığı ilə həm Mərkəzi Asiya ölkələri, həm Avropa İttifaqı, həm də Çin üçün vacib tərəfdaş statusu qazanıb.
Bütün bu proseslər yaxın illərdə regionun güc balansına ciddi təsir göstərəcək. Azərbaycanın iştirakı ilə inkişaf edən nəqliyyat-logistika şəbəkəsi Mərkəzi Asiya dövlətlərinin Qərbə inteqrasiyasını sürətləndirəcək, Türk Dövlətləri Təşkilatının nüfuzunu artıracaq və Avrasiyada yeni siyasi–iqtisadi xəritənin formalaşmasına səbəb olacaq. Azərbaycan burada yalnız körpü rolunda çıxış etmir, həm də regional əməkdaşlığın təşəbbüskarı olan ölkə kimi ön sıralarda dayanır. Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsində qeyd edilən prioritetlər Azərbaycanın Mərkəzi Asiyada nüfuzunun artmaqda olduğunu, regional əməkdaşlığın dərinləşdiyini və gələcək illərdə ölkəmizin bu bölgənin siyasi-iqtisadi proseslərində daha fəal rol oynayacağını göstərir".