RU

Naxçıvanda yeni idarəetmə mərhələsi

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Prezidentin səlahiyyətli nümayəndəsi və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları ilə görüşü, həm regionun, həm də ümumən ölkənin inkişaf xəttinin yenilənmiş konsepsiyası kimi qiymətləndirildi. Qapalı keçirilən görüşdə dövlət başçısı qarşıdakı illər üçün hədəfləri geniş şəkildə izah edərək, yeni təyinatların “sadəcə kadr dəyişiklikləri deyil, struktur mədəniyyətinin yenilənməsi” olduğunu bildirdi.

Prezident çıxışının əvvəlində Naxçıvanın Azərbaycan dövlətçiliyi üçün strateji rolunu xatırladaraq qeyd etdi ki, region ötən illərdə sabitlik və sosial inkişafla bağlı mühüm nəticələr əldə edib. Lakin qarşıdakı dövr bu nəticələrin daha sistemli əsaslar üzərində möhkəmləndirilməsini tələb edir. O vurğuladı ki, Naxçıvan təkcə coğrafi mövqeyinə görə deyil, siyasi və iqtisadi əhəmiyyətinə görə də Azərbaycanın inkişaf modelinin ən vacib sütunlarından biridir.

Səlahiyyətli nümayəndəyə müraciətində Prezident Əliyev ondan gözləntilərin xüsusi olduğunu bildirdi. Dövlət başçısı qeyd etdi ki, regionda həyata keçirilən layihələr real nəticələr verməli, bürokratik gecikmələrə son qoyulmalı, əhali ilə əlaqə gücləndirilməlidir. O, həmçinin sosial proqramların, infrastruktur və kənd təsərrüfatı layihələrinin icrasına dair vahid koordinasiya sisteminin qurulmasının vacibliyini vurğuladı. Prezident xüsusilə qeyd etdi ki, hər bir proses şəffaflıq üzərində qurulmalı, bütün layihələrə dair hesabatlıq mexanizmləri ictimai şəkildə və vaxtında təqdim edilməlidir.

Yeni təyin olunmuş icra başçılarına ünvanlanan mesaj isə daha sərt və konkret idi. Prezident onların fəaliyyətini “dövlətin nüfuzu ilə birbaşa bağlı məsuliyyət sahəsi” kimi xarakterizə edərək, köhnə idarəetmə vərdişlərinə yer olmayacağını açıq şəkildə bildirdi. İcra başçılarından tələb olunan əsas məqamlar sırasında yerli təsərrüfat sahələrinin düzgün idarə olunması, torpaq məsələlərində tam şəffaflıq, sosial xidmətlərin real keyfiyyət göstəricilərinə uyğunlaşdırılması və korrupsiya potensialı olan bütün sahələrin nəzarətə götürülməsi xüsusi vurğulandı. Prezident əlavə etdi ki, bölgələrdə kadr siyasəti daim təkmilləşdiriləcək, fəaliyyətində qüsur olan şəxslər dərhal sistemdən uzaqlaşdırılacaq.

İqtisadi hədəflərə toxunan dövlət başçısı Naxçıvan üçün üç əsas inkişaf xəttini açıqladı. Birincisi, rəqəmsal idarəetmə infrastrukturu, regionda elektron xidmətlər, rəqəmsal xəritələşdirmə, operativ qərar qəbuletmə sistemlərinin qurulması. İkincisi, Naxçıvanın logistika və sərhəd ticarəti mərkəzi kimi mövqeyinin gücləndirilməsi tranzit imkanlarının genişləndirilməsi, yeni nəqliyyat marşrutlarının tətbiqi, sərhəd əməkdaşlığının intensivləşdirilməsi. Üçüncüsü, sosial rifahın yüksəldilməsi, təhsil, səhiyyə, ictimai xidmətlərin göstərilməsi sahəsində keyfiyyət standartlarının yenilənməsi və əhalinin real ehtiyaclarına uyğun proqramların həyata keçirilməsi.

Prezident Əliyev çıxışının sonunda yeni təyinat alan şəxslərdən yüksək nəticə gözlədiyini vurğulayaraq bildirdi ki, Naxçıvanda atılan hər bir addım ölkənin ümumi inkişaf xəritəsində mühüm yer tutur. O qeyd etdi ki, bu gün verilən tapşırıqlar sabah regionun iqtisadi, sosial və inzibati strukturunun formalaşmasında həlledici rol oynayacaq.

Prezidentin çıxışının məzmunu göstərir ki, qarşıdakı dövrdə həm səlahiyyətli nümayəndədən, həm də icra başçılarından ciddi fəaliyyət, konkret nəticələr və müasir idarəetmə bacarıqları tələb olunacaq.

Elşən SƏFƏROV

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
sesqazeti.az

1Источники