RU

Avropa Komissiyası “Erasmus+” proqramı üzrə 2026 cı il üçün 5,2 milyard avro vəsait ayırıb

ain.az bildirir, Azertag portalına istinadən.

Berlin, 14 noyabr, AZƏRTAC

Avropa Komissiyası “Erasmus+” proqramı üzrə 2026-cı il üçün müraciətlərin qəbulunu elan edib.

AZƏRTAC xəbər verir ki, Komissiya təhsil, təlim, gənclər və idman sahələrində genişmiqyaslı maliyyə imkanları təqdim edir. Proqramın 2026-cı il üçün büdcəsi təxminən 5,2 milyard avro təşkil edir. “Erasmus+” bu vəsait vasitəsilə bacarıqların artırılması, gənclərin inkişafı və vətəndaşlıq təhsilinin genişləndirilməsi istiqamətində layihələri dəstəkləyəcək.

Gələn il proqram məktəb sektorunda tərəfdaşlıq və mobillik imkanlarını daha da artıracaq. Bu addım tədrisdə innovativ metodların sınaqdan keçirilməsinə və əsas bacarıqların möhkəmləndirilməsinə şərait yaradacaq. “Erasmus+”, həmçinin Avropa İttifaqının demokratik iştirak və ümumi dəyərlərin təşviqi üzrə fəaliyyətlərini də gücləndirəcək.

Proqram 2026-cı ildə Avropa İttifaqının “Bacarıqlar İttifaqı” strategiyasını dastəkləyərək, ömür boyu təhsil və keyfiyyətli məşğulluq üçün bacarıqların inkişafına töhfə verəcək. Eyni zamanda, inklüzivlik, rəqəmsal transformasiya, yaşıl keçid və demokratik proseslər proqramın əsas prioritetləri olaraq qalır.

“Erasmus+” Ukraynada təhsil alan şagirdlərə və müəllimlərə, eləcə də müharibə səbəbindən Avropa İttifaqı ölkələrinə sığınmış ukraynalılara dəstəyini davam etdirəcək.

“Erasmus+” çərçivəsində 100 mindən çox təhsil və gənclər təşkilatının layihələrinə dəstək verilməsi planlaşdırılır. Proqram gələn il təxminən 1 milyon 275 min iştirakçıya mobillik imkanı yaradacaq. Təhsil, təlim, gənclər və ya idman sahəsində fəaliyyət göstərən təşkilatlar, o cümlədən məktəblər, universitetlər, peşə təhsili mərkəzləri, QHT-lər və gənclər qrupları “Erasmus+” maliyyələşməsi üçün müraciət edə bilərlər. Fərdi şəxslər (şagirdlər, müəllimlər və ya gənclər kimi) bu proqramda yalnız həmin təşkilatlar vasitəsilə iştirak edə bilərlər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
azertag.az

2Источники