RU

ABŞ-nin başının bəlası – Narkokartellər amerikalıları iynəyə oturdur, toz uddurur

Dünyanın hərbi-siyasi və iqtisadi baxımdan ən qüdrətli dövləti olan ABŞ-nin başının bəlası narkotik maddələrdir. Heç bir xarici qüvvə ABŞ əhalisinin gələcəyini narkotik maddələr qədər təhdid etmir.

Ona görə də narkotik maddələrlə mübarizə bu gün Birləşmiş Ştatların 1 nömrəli prioritetidir.

ABŞ hökuməti bu istiqamətdə hər yola əl atır - yasaqlayıcı qanunvericiliyin tətbiqindən tutmuş, narkotik kartelləri ilə mübarizə aparmaq üçün digər ölkələrə hərbi yardım və hərbi müdaxiləyə qədər.

Dünən Pentaqonun ABŞ-yə narkotik daşıyan narkotik kartellərini hədəf alan "Cənub nizəsi" əməliyyatının başlanmasını zəruri edən səbəb budur. Əməliyyatın məqsədi narkotik qaçaqmalçılarının yaratdığı təhlükəni aradan qaldırmaq və “Amerika xalqını qorumaq”dır. Gerçəkdən də belə bir təhlükə mövcuddur. Amerikalı gənclər kütləvi şəkildə narkotik maddə asılılığındadırlar.

nar-3.JPG

ABŞ-nin rəqibləri bu əməliyyatı Venesuelaya qarşı həyata keçirilən hərbi-siyasi müdaxilə planlarının tərkib hissəsi saysalar da, Venesuelanı idarə edən xuntanın – prezident Maduro və generalların hazırda dünyanın ən böyük narkokartel bossları olması çoxdan təsdiqlənib.

ABŞ-nin narkotrafiklə mübarizəsi bu günün və dünən işi deyil. Bu termin ilk dəfə ABŞ-nin 37-ci prezidenti Riçard Nikson tərəfindən istifadə edilib və daha sonra mediada məşhurlaşıb.

1960-cı illərdə ABŞ-də yeni növ narkotiklər, əsasən LSD geniş yayılanda Riçard Nikson narkotik qaçaqmalçılığına qarşı qətiyyətli bir kampaniya başladıb. 1969-cu ilin sentyabrında Meksikadan marixuana axınının qarşısını almaq üçün ABŞ ilə Meksika arasındakı sərhəd, demək olar ki, bir ay müddətinə tamamilə bağlanıb. Lakin bu dəfə Yaxın Şərqdə istehsal olunan narkotik maddələrin ABŞ-yə daşındığı müşahidə olunub. 1978-ci ildən 1984-cü ilə qədər ABŞ-də kokain istehlakı ildə 19-25 tondan 71-137 tona qədər artıb. 1977-ci ildə keçirilən “Gallup” sorğusu göstərib ki, əhalinin dörddə biri ən azı bir dəfə marixuana, təxminən 10 faizi isə kokaini sınayıb.

nark-5.jpg

Kokainin istehsalı ilə məşğul olan əsas ölkələr bu gün də Kolumbiya, Peru və Boliviyadır. Kolumbiya onların arasında mübahisəsiz liderdir. 30 il öncə Pablo Eskobarın Medellin narkotik kartelinin illik dövriyyəsi 30 milyard dollara çatmışdı. Kolumbiya hüquq-mühafizə orqanları onunla mübarizəyə başlayanda Eskobar yüzlərlə hökumət məmurunun, polisin, adi vətəndaşın həyatına son qoyan amansız terror müharibəsinə başlayıb. O, hələ də Kolumbiyada əfsanələşdirilməkdədir.

Kokainin istehsal olunduğu koka yarpaqlarının əksəriyyəti Peru və Boliviyada yetişdirilir, oradan Kolumbiyaya daşınır və bu ölkədə gizli laboratoriyalarda kokain hidroxloridinə çevrilir. Daha sonra kokain ABŞ-a və Avropaya göndərilir. Kolumbiya kokaini ABŞ-yə Braziliya, Peru, Venesuela, Ekvador və Meksika vasitəsilə daxil olur. Hazırda Meksikadakı Sinaloa narkotik karteli ABŞ-də narkotik ticarətinin təxminən 60%-ni idarə edir. Kokainin əsas hissəsi dəniz yolu ilə daşınır, narkotik tacirləri malları gizlətmək üsullarını daim dəyişdirir, yoxlama və rəsmiləşdirmə prosedurlarından məsul olan liman işçilərinə və vəzifəli şəxslərə rüşvət verməyə çalışırlar.

Bəzi narkobaronlar kokain partiyalarını özəl təyyarələrdən istifadə edərək hava yolu ilə daşıyırlar.

nark-7.JPG

Pentaqon artıq Karib dənizində narkotik daşıdığı güman edilən gəmilərə zərbə endirir. Dünən iyirminci belə hücum qeydə alınıb. Rəsmi olaraq, narkotik kartellərinə qarşı hərbi güc tətbiqinə başlandığından bəri ən azı 80 nəfər öldürülüb.

ABŞ 1973-cü ildə narkotiklərlə mübarizə məqsədilə xüsusi federal yaradıb. 1979-cu ildə ABŞ və Kolumbiya ilə ekstradisiya müqaviləsi imzalanıb və narkotiklərlə mübarizə üçün bu ölkəyə 10 milyard dollardan çox yardım göstərib.

1981-ci ildə ABŞ prezidenti olan Ronald Reyqan "narkotiklərə qarşı müharibə"ni yenidən alovlandırıb. Narkotik qaçaqmalçılığına görə cəzalar artırılıb. Nəticədə ABŞ-də həbsxana sakinlərinin sayı 1980-ci ildəki 500.000-dən artaraq 1990-cı ildə bir milyona çatıb.

kolin.JPG

         Buşun dövlət katibi Kolin Pauell narkotiklərlə mübarizə aparan hərbçilərlə

1989-cu ildə ABŞ prezidenti Corc Buş beynəlxalq səviyyədə "narkotiklərə qarşı müharibə"ni davam etdirib. Həmin il Panama prezidenti Manuel Noryeqa sırf bu müharibənin qurbanı olaraq devrilib. ABŞ ordusu Panamanı işğal edərək hakimiyyəti dəyişib. Noryeqa həbs olunub və narkotik qaçaqmalçılığında ittihamı edilərək, 40 il həbs cəzası alıb.

Ancaq bu cür tədbirlər ABŞ-yə narkotik daşınmasını qarşısını almayıb, proses davam edib. 1994-cü ildən bəri Kolumbiya və Peru hava qüvvələri 50-dən çox narkotik yüklü təyyarəni ələ keçirib. Yenə də narkokartellərin öhdəsindən gəlmək mümkün olmayıb.

2009-cu ildə "Mother Jones" jurnalının üz qabığı "narkotiklərlə müharibə”nin uğursuzluğuna həsr olunub. Məqalədə yazılıb: "Biz ildə 300 milyard dollar yandırırıq. Ölüm dəstələri Meksikada gəzir. Kartellər Amerikanın 238 şəhərində fəaliyyət göstərir".

nark-2.jpg

Rəsmi statistikaya görə, 1971-ci ildən bəri "narkotiklərlə mübarizə"yə təxminən bir trilyon dollar xərclənib. ABŞ kəşfiyyat orqanları heroin və kokain ticarətinin yalnız 10-30 faizini ələ keçirə bildiklərini etiraf edirlər. ABŞ-də heroinin orta qiyməti artmaq əvəzinə, durmadan aşağı düşür. Bu da onu göstərir ki, bazarda “mal” boldur.

2025-ci ilin avqust ayında Donald Tramp Latın Amerikası ölkələrindəki narkotik kartellərinə müharibə elan etmək qərarına gəlib. 2025-ci ilin sentyabr ayından bəri ABŞ hərbi dəniz qüvvələri narkotik qaçaqmalçılığının qarşısını almaq üçün Karib dənizində patrul xidməti göstərir.

Həbsdə olan narkotik istifadəçilərinin sayına görə ABŞ birinci, Rusiya isə ikinci yerdədir.

Bu məsələ ölkəmiz üçün də aktualdır. Çünki bizim ölkəmizə də permanent şəkildə narkotik maddələr daşıyan narkokartellər var. Bu təhlükəli maddələr bizə əsasən İrandan gəlir. Qonşu ölkə narkotrafikin qarşısını almaq üçün ya effektiv tədbirlər görmək istəmir və bu işdə maraqlıdır, ya da acizdir, narkobaronlara gücü çatmır.

Araz Altaylı, Musavat.com

Избранный
32
musavat.com

1Источники