RU

Xalqa xidmət və sosial ədalət əsas iş prinsipləri olmalıdır

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi fikirlər müasir idarəetmə sistemində dərin məzmun daşıyan strateji konsepsiyanı nümayiş etdirir. Bu çıxış ölkənin idarəçilik modelində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Hər bir təyinat böyük etimadın, eyni zamanda, yüksək məsuliyyətin ifadəsidir. Rəhbər vəzifəyə gətirilən şəxslər xalqın etimadını doğrultmalı, gündəlik fəaliyyətlərini məhz vətəndaşlara xidmət prinsipi üzərində qurmalıdırlar. Prezident İlham Əliyevin “Xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” fikri bir daha sübut edir ki, dövlət idarəetməsində əsas məqsəd xalqa yaxın, şəffaf və ədalətli xidmət anlayışının tətbiqidir. Həmin çıxışla dövlətimizin başçısı yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə yeni yanaşma formalaşdırıb. Rəhbərlər yalnız inzibati vəzifə daşıyıcıları deyil, həm də xalqın gündəlik qayğılarını bölüşən məsuliyyətli şəxslər olmalıdır. Bu amil idarəetmədə şəffaflığın, ictimai etimadın və dövlət-xalq birliyinin dərinləşməsinə xidmət edən mühüm istiqamətdir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri son illərdə həyata keçirilmiş infrastruktur layihələrinin miqyası ilə bağlı idi. Respublikanın bütün bölgələrində əsas infrastruktur layihələri, o cümlədən elektrik enerjisi, qaz, içməli su, yol və sosial obyektlərlə bağlı layihələr demək olar ki, başa çatıb. Elektrik enerjisi ilə təminatda sabitlik tam bərpa olunub, köhnəlmiş xətlər yenilənib, işğaldan azad edilmiş ərazilərdə isə sıfırdan qurulan enerji infrastrukturu güclü potensial formalaşdırıb.

Magistral və şəhərlərarası yollar müasir standartlara uyğun şəkildə yenidən qurulub. Kənd yollarının da 70–80 faizi yüksək keyfiyyətlə təmir edilmiş, hər il bu istiqamətdə dövlət büdcəsindən əlavə vəsait ayrılır. Beləliklə, yolların müasirləşdirilməsi regionlar arasında nəqliyyat əlaqəsini asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatının, turizmin və sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bununla yanaşı, bütün şəhərlərdə içməli su layihələri uğurla icra olunur. Kəndlərdə su təminatının yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, su anbarlarının və kanalların tikintisi nəticəsində kənd təsərrüfatı məhsuldarlığında artım müşahidə edilir. Sözügedən nailiyyətlərin hər biri dövlətin planlı, məqsədyönlü və davamlı siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışında qeyd edib: “Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri: “Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik”.

Dövlətimizin başçısının çıxışında bir daha ölkənin bütün bölgələrində idarəçiliyin əsas prinsipinin sosial ədalət olduğu diqqətə çatdırılıb. Hər bir kənddə, hər bir bölgədə yaşayan insanlar ədalətin mövcudluğunu hiss edir. Bu amil sadəcə sosial məsələ deyil, eyni zamanda, idarəetmədə etimadın və sabitliyin qorunması üçün fundamental dəyərdir. İdarəetmə sistemində əsas məqsəd vətəndaşla dövlət arasında etimad körpüsünün möhkəmləndirilməsidir. Bütün bunlar yalnız ədalətli, şəffaf və hesabatlı idarəçiliklə mümkündür. Beləliklə, sosial ədalət prinsipi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.

Dövlətin regional siyasətində əsas məqsəd bölgələrdə iqtisadi fəallığı artırmaq, yeni iş yerləri yaratmaq və sahibkarlığa real dəstək göstərməkdir. Dövlət proqramları çərçivəsində artıq minlərlə insan özünüməşğulluq proqramı vasitəsilə dayanıqlı gəlir mənbəyi əldə edib. Sahibkarlara güzəştli kreditlərin ayrılması, yeni istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatı və turizm sahələrinə dövlət dəstəyinin artırılması ölkənin iqtisadi xəritəsini daha da genişləndirir. Yerli rəhbərlərin əsas vəzifələrindən biri bu proseslərdə fəal iştirak etmək, sahibkarlar üçün əlverişli mühit yaratmaq və yerli istehsalı gücləndirməkdir.

Turizm sektorunun genişlənməsi isə bölgələr üçün əlavə iqtisadi potensial formalaşdırır. Xüsusilə təbii və tarixi resurslarla zəngin ərazilərdə sözügedən sahənin inkişafı həm məşğulluğun artmasına, həm də regionların iqtisadi strukturunun şaxələnməsinə xidmət edir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində kənd turizmi, ekoturizm və mədəni turizm sahələrində yeni imkanlar yaranır.

Prezident İlham Əliyevin “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” fikri çıxışın mənəvi və siyasi qayəsini formalaşdırdı. Bu, sadəcə tövsiyə deyil, dövlət xidmətində çalışan hər bir rəhbərin fəaliyyətində əsas prinsiplərdən biri olmalıdır. Rəhbərlər vəzifə məsuliyyətini yalnız inzibati öhdəlik kimi deyil, xalq qarşısında mənəvi borc kimi qəbul etməlidirlər. Xalqla birbaşa ünsiyyət, yerlərdə vətəndaş məmnunluğuna nail olunması idarəetmədə yeni keyfiyyət mərhələsini müəyyənləşdirir.

Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq ölkənin bütün bölgələri, şəhərləri və kəndləri yüksək standartlara cavab verməli, insanlara daha yaxşı şərait yaradılmalıdır. Bu məqsədlə dövlət büdcəsi hesabına icra olunan infrastruktur və sosial layihələr birbaşa vətəndaş rifahına yönəlmişdir. Qəbul zamanı səsləndirilən fikirlər dövlət idarəetməsinin gələcək mərhələsi üçün strateji çərçivə rolunu oynayır.

Beləliklə, infrastrukturun müasirləşməsi, sahibkarlığa dəstək, sosial ədalətin gücləndirilməsi və insan amilinin prioritetləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu istiqamətdə atılan addımlar idarəetmənin müasir tələblərə uyğunlaşmasını, şəffaflığın və ictimai etimadın dərinləşməsini təmin edir. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqləyir ki, dövlətin gücü yalnız iqtisadi göstəricilərlə deyil, xalqa göstərilən xidmətin səviyyəsi və ədalət prinsiplərinə sadiqliyi ilə ölçülür.

Heydər Əsədov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
3
sesqazeti.az

4Источники