RU

“Zəfər Paradı dövlətimizin gücünün növbəti dəfə nümayişi oldu” - ŞƏRH EDİLDİ

“Qələbəmizin 5 illiyi münasibətilə keçirilən Zəfər Paradı ölkəmizin son illərdə əldə etdiyi uğurların, dövlətimizin gücünün və xalqımızın birlik ruhunun növbəti dəfə nümayişi oldu. Paradda Azərbaycan Ordusunun son 5 ildə keçdiyi inkişaf yolu, hərbi sahədə əldə olunan böyük nailiyyətlər və modernizasiya prosesinin nəticələri xüsusi vurğulandı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu, həm ordumuzun gücünü, həm də dövlətimizin təhlükəsizliyə verdiyi önəmi bir daha ortaya qoydu:

“Tədbirdə dost və qardaş ölkələrin liderlərinin iştirakı isə Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisi kimi qiymətləndirildi. Onların iştirakı həm də ölkəmizə olan etimadın, əməkdaşlıq və dostluq münasibətlərinin yüksək səviyyədə olmasının sübutu kimi diqqət çəkdi.

Zəfər əldə edildikdən sonra Azərbaycan regionda sülhün bərqərar olunması üçün ardıcıl və prinsipial səylər göstərib. Vaşinqton danışıqları və son razılaşmalar sülhə doğru əhəmiyyətli addım kimi dəyərləndirilir. Bu gün artıq bölgədə davamlı sülhün əldə olunmasına daha yaxın olduğumuzu demək mümkündür. Buna baxmayaraq, ölkəmizin hər zaman güclü orduya sahib olması dövlətimizin əsas prioritetlərindən biri olaraq qalır. Çünki möhkəm ordu – dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın təhlükəsizliyinin ən mühüm təminatıdır. Güclü hərbi potensial isə bir daha heç kimin Azərbaycan torpaqlarına qarşı iddia irəli sürməsinə imkan verməyəcək.

Zəfər Paradının yüksək səviyyədə təşkil olunması həm ölkəmizin dövlətçilik ənənələrinə, həm də xalqımızın qürur hissinə əlavə bir töhfə oldu. Cənab Prezident İlham Əliyev çıxışı zamanı paradın keçirilməsinin tarixi əhəmiyyətini vurğuladı, əldə olunan uğurların dəyərini qeyd etdi və Azərbaycan xalqını bu əlamətdar münasibətlə təbrik etdi. Onun çıxışı həm dövlətimizin gələcəyə baxışını, həm də milli birliyimizə verdiyi önəmi əks etdirirdi.

Bu möhtəşəm tədbir bir daha təsdiqlədi ki, Azərbaycan xalqı həm keçmişin şanlı Qələbəsinə, həm də gələcəyin daha parlaq hədəflərinə doğru inamla addımlayır”.

Müəllif: Arzu Qurbanlı
Избранный
25
sia.az

1Источники