RU

Türk ölkəsi tarixi xətti dəyişdi: Ərdoğana gözlənilməz xəbər – Növbədə Bakıdır

Şimali Kipr Türk Respublikasının (ŞKTR)  yeni prezidenti Tufan Ərhürman gözlənildiyi kimi ilk xarici səfərini Türkiyəyə etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşan görüş çərçivəsində tərəflər Kipr məsələsi ilə bağlı mövcud durum barədə fikir mübadiləsi aparıblar. Həmçinin iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə müzakirə olunacağı bildirilib.

Tufan Ərhürmanın ilk xarici səfərini Türkiyəyə etməsi indiki məqamda təkcə diplomatik protokol deyil, həm də siyasi reallıqdan doğan zərurətdir. Məlumdur ki, Ankara Şimali Kiprin beynəlxalq səviyyədə tanınmaması səbəbindən bu dövlət üçün yeganə təhlükəsizlik təminatçısı və iqtisadi dayaq kimi çıxış edir. Yeni rəhbərliyin əvvəlkindən fərqli görüşləri olsa da, görünür, legitimlik qazanmaq prosesində Türkiyə ilə əməkdaşlıq davam edəcək. Bir sözlə, yeni rəhbərlik siyasi xəttini əvvəlki prezident Ersin Tatar dönəmindən tam qoparmadan, amma özünün daha çox müzakirəyə açıq, dialoqa meyilli siyasi imicini formalaşdıraraq Türkiyə ilə münasibətləri mərkəzə qoyur.

Ərhürman-Ərdoğan görüşünün gündəliyinə "Kipr probleminin müzakirəsi"nin daxil edilməsi xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, Ərhürmanın qələbəsi regionda maraqlı bir çox aktor üçün sürpriz oldu. Nəzərə almaq lazımdır ki, Ersin Tatarın Türkiyə, Azərbaycan və Türk dünyası ilə kifayət qədər yaxın əlaqələri vardı. Tatar, ŞKTR-nın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlüyünü təmin etmiş, gələcəkdə ölkənin müstəqilliyinin tanınması istiqamətində fəal işlər görmüşdü. Bu baxımdan yeni prezidentin hansı siyasi xətti izləyəcəyi Ankara nəzdində də haqlı suallar doğurur.

Əvvəllər də dediyim kimi, Ərhürmanın hədəfi Kipr türklərini beynəlxalq təcriddən çıxarmaqdır. Bu məqsədə isə federasiya modelinin canlandırılması ilə nail olmağı düşünür. Yəni Ərhürman ŞKTR-nın müstəqil dövlət kimi tanınmasını prioritet hesab etmir. Çünki bu istiqamətdə beynəlxalq dəstəyin kifayət qədər zəif olduğunu anlayır. Əvəzində, Kiprin siyasi birliyini qoruyaraq türklərin hüquq və təhlükəsizliyini təmin edən birgə yaşayış modelini dəstəkləyir.

Şimal-Cənub arasında danışıqlar illərdir dondurulub. Türkiyə uzun müddətdir iki dövlətli həll modelini ən realist variant kimi təqdim edir. Lakin Ərhürman əvvəlki Tatar administrasiyası qədər sərt mövqeli fiqur deyil və bu fərq danışıqların konturunu dəyişmək potensialına malikdir. Ankara üçün əsas məsələ danışıqlar masasına hansı prinsiplərlə oturulacağıdır.

Ərdoğanın Ərhürmanı Beştəpədə rəsmi mərasimlə qarşılamasına xüsusi diqqət yetirməsi də göstərir ki, Ankaranın nəzərində ŞKTR müstəqil ölkə, Ərhürman isə prezidentdir. Bunu beynəlxalq diplomatik təcridin yumşaldılması üçün rəsmi dəstək nümayişi və Türkiyənin Kipr məsələsini öz milli məsələsi kimi təqdim edən siyasi xəttinin davamı kimi başa düşmək olar.

Təbii ki, ŞKTR-nın Tufan Ərhürman rəhbərliyi dövründə hansı xətti tutacağını zaman göstərəcək. Bununla belə onun növbəti səfərini Azərbaycana etməsi də istisna deyil.

Türk ölkəsi tarixi xətti dəyişdi: Ərdoğana gözlənilməz xəbər - Növbədə Bakıdır

Türk

Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
1
olaylar.az

2Источники