RU

Cəmiyyətin içdən içə çürüyən yarası – narkotik

Ağdan gələn qara gün

Narkotik maddələrdən istifadə yalnız fərdi bir problem deyil, eyni zamanda cəmiyyətin içdən içə çürüyən yarasıdır. Bu problem, çox zaman sönük görünən bir alov kimi həyatımızın müxtəlif sahələrinə yayılar, ailələri dağıdır, gəncləri hədəf alır. Azərbaycanda da son illərdə bu problem getdikcə artan təzahürlər göstərir, xüsusilə gənclər arasında risk qrupları yaranır. Düşünürəm ki, narkotiklərin təsiri yalnız fiziki sağlamlıqla məhdudlaşmır. İnsanlar asılılığa düşdüklərindən sonra psixoloji və emosional sarsıntılar yaşayır, ətrafındakı insanlarla münasibətlərini itirir, sosial əlaqələrdə problemlər ortaya çıxır. Bir insanın həyatında narkotik "yolunu" seçməsi, təkcə onun həyatını dəyişdirmir, həm də ailəsinin, dostlarının və hətta cəmiyyətin gələcəyini risk altına qoyur. 

 Tibb elmləri doktoru psixiatr, narkoloq Araz Əliquliyev mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib:

" Azərbaycanda hazırkı narkotik istifadəsi göstəriciləri rəsmi statistikaya əsaslanır. Rəsmi qeydiyyata götürülənlərin böyük əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən, cinayət əsasında aşkar edilmiş istifadəçilərdir. Onlar tibbi yoxlamadan keçərək psixotrop, psixoaktiv maddələrdən sui-istifadə nəticəsində yaranan xəstəlik diaqnozu qoyulur. Bununla yanaşı, az bir qismi isə özləri tibbi müəssisələrə müraciət edir. Yəni əsas iki mənbə var: birincisi, hüquq-mühafizə orqanları tərəfindən aşkar edilənlər, ikincisi isə  təxminən 15 faizi  tibbi müəssisələrə müraciət edənlərdir. 
Narkotik asılılığın yaranması fizioloji və psixoloji baxımdan necə baş verir?Beyində insanın limbik sistemi var- bu sistem birinci siqnal sisteminə aiddir və limbik sistemdə zövq və həzz hissini yaradan, onu inkişaf etdirən mərkəzlər mövcuddur. Həmin mərkəzlərdə biokimyəvi proseslər neyromediatorlar vasitəsilə gedir. Bu prosesdə daha çox dopamin, serotonin tipli neyromediatorlar iştirak edir. İnsan qısa müddətdə həmin psixoaktiv maddənin istifadə etdiyi zaman beyində bu maddələr həzz mexanizmlərini əvəz edir. Yəni, həyatda insanı sevindirən, ruhlandıran təbii hissləri həmin maddələr süni şəkildə əvəz edir və nəticədə maraqlar tamamilə dəyişir, beyinin mərkəzləri yenidən köklənir. Bunun nəticəsində psixi asılılıq yaranır. Bəzi psixoaktiv maddələr həm psixi, həm də fiziki asılılıq yaradır. Fiziki asılılıq daha çox metadon və bu kimi digər təbii və ya kimyəvi elementlərdir.  Psixoaktiv maddələrdən ən ağırı sayılanı spirtli içkilərdir.  Asılılıqdan qurtulma ehtimalını artıran əsas amil insanın öz həyatını dərk etməsidir. Yəni, narkotiklərdən qat-qat üstün olan, həyatın mənasını dərk etməyə kömək edən dəyərlər formalaşmalıdır. Bu, insanın şəxsi həyatında, ailəsində, maraqlarında, sevgisində və məsuliyyət hissində əks oluna bilər. Müalicə prosesində bu amillər vacib rol oynayır, çünki narkotiklər insanda həzz və komfort hissi yaradır, buna görə də insan o hissdən çıxmaqda çətinlik çəkir. Bundan xilas olmaq üçün daha güclü motivasiyalar-sevgi, bağlılıq, məsuliyyət, həyat məqsədi yaranmalıdır. Bu amillər şəxsdən-şəxsə fərqli ola bilər. Müalicə və reabilitasiya tədbirləri də bu fərdi xüsusiyyətlərə əsaslanmalıdır.
Ən çox müşahidə olunan narkotik növlərinə rəsmi qeydiyyatda olanlara əsasən, birinci yerdə ağır narkotiklər opioid preparatları, metamfetamin və amfetamin qrupları dayanır. Amma qeyri-rəsmi tədqiqatlar göstərir ki, bizdə "latent narkomaniya" dövrü mövcuddur. Yəni, insan narkotikdən istifadə edir, amma hələ ictimai, hüquqi və tibbi səviyyədə aşkar olunmur. Bu dövr təxminən 7-8 il çəkə bilər və bu mərhələdə əsas istifadə olunan maddə marixuanadır.  Hüquq-mühafizə orqanlarının müsadirə etdiyi və məhv etdiyi maddələrin miqdarına baxanda da birinci yerdə marixuana dayanır. 
Narkotiklərlə mübarizədə effektiv strategiyalar iki əsas istiqamətdə aparılır: Təklifin azaldılması yəni, qara bazara çıxarılan psixoaktiv maddələrin miqdarının azaldılması və tələbatın azaldılması yəni, istifadəçilərin sayının azaldılmasıdır. 
Təklifin azaldılması əsasən qanunvericilik, hüquqi-normativ sənədlərin qəbulu və hüquq-mühafizə tədbirləri ilə həyata keçirilməsidir.  Bura narkotik əkini və qaçaqmalçılığa qarşı mübarizə, dövlətlərarası əməkdaşlıq, kəşfiyyat və informasiya mübadiləsi, tranzit malların yoxlanılması kimi tədbirlər daxildir.
Tələbatın azaldılması isə maarifləndirmə və profilaktik tədbirlərlə həyata keçirilir. Burada əsas məqsəd insanların narkotikə başlamasının qarşısını almaqdır. Bunun üçün psixoaktiv maddələrin dövriyyəsini, tələbatın səviyyəsini və hansı yaş qruplarına aid olduğunu müəyyənləşdirmək vacibdir. Bunun üçün geniş elmi, epidemioloji tədqiqatlar aparılmalı, onların nəticəsinə əsasən profilaktik layihələr hazırlanmalıdır. Eyni zamanda sağlam həyat tərzinin təbliği, idman tədbirlərinin təşkili, gənclərin asudə vaxtının səmərəli təşkili, valideynlərlə işin aparılması, məktəblərdə və ali təhsil müəssisələrində psixoloji dəstəyin təmin olunması vacibdir. Xüsusən də yeniyetmələr arasında psixoloqlar tərəfindən məqsədyönlü layihələr həyata keçirilməlidir. Layihələrin sonunda sorğular və tədqiqatlar aparılaraq səmərəlilik qiymətləndirilməlidir. 
Digər tərəf isə tibbi müalicə və reabilitasiya məsələləridir. Burada bir çox  mərhələdən başlayaraq geniş şəkildə ambulator və stasionar müalicə həyata keçirilməli, bəzən məcburi müalicə tədbirləri də tətbiq olunmalıdır. Bu tədbirlər azadlıqdan məhrumetmə ilə əlaqəli və ya əlaqəsiz formada ola bilər. Əgər insan könüllü pis vərdişlərdən azad olmaq istəyirsə  müalicə olunmaq istəyirsə, ona bütün mənəvi, tibbi və hüquqi dəstək göstərilməlidir. Amma əgər insan dəfələrlə müalicə olunsa da, yenidən narkotikə qayıdır və ailəsinə, ətrafına zərər vurursa, cinayət əməli törətmədən belə məcburi müalicəyə cəlb oluna bilər. Reabilitasiya proqramlarının həyata keçirilməsi, bu proqramların lisenziyalaşdırılması, həkim və mütəxəssislərin ixtisasartırma təlimləri də çox vacibdir".

Narkotik asılılığının kökündə dayanan sosial səbəblər, insanları bu yola aparan hansı boşluqlar haqqında daha ətraflı sosioloq Üzeyir Şəfiyev Olaylar.az-a açıqlama verib:

"Əlbəttə ki, narkomaniya və narkotik vasitələrdən istifadə halları Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır. Azərbaycanda narkomaniyanın bu səviyyədə artmasının bir çox səbəbləri var. Ötən ilin statistikasına görə, Azərbaycanda 40 490 nəfər insan narkomaniya səbəbindən qeydiyyata alınmışdır. Bu, yalnız rəsmi qeydiyyatda olan istifadəçilərdir. Əgər statistikaya qeyri-rəsmi halları da əlavə etsək, tendensiyanın nə qədər qorxulu olduğu görünür. Azərbaycanda narkomaniyanın artmasının səbəbləri çoxdur. Birincisi, Azərbaycan narkomaniyanın geniş yayıldığı ölkələr arasında yerləşir. Məsələn, İranın narkomaniya ilə mübarizə idarəsinin rəisi açıqlamışdı ki, ölkədə rəsmi olaraq milyonlarla narkotik istifadəçisi qeydiyyata alınmışdır. Oxşar vəziyyət Rusiyada və Türkiyədə də mövcuddur. Gürcüstan isə bu baxımdan daha ciddi bir vəziyyətdədir. Azərbaycanda da narkomaniyanın yayılmasında qeyri-leqal yollarla qonşu ölkələrdən gələn narkotik vasitələrin də rolu var. 
Digər tərəfdən, torpaqlarımız uzun müddət erməni işğalı altında olduğu vaxtlarda həmin coğrafiyada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan hallar olmuşdur. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu halların qarşısı alınmağa başlanmışdır. Ancaq kənardan narkotik vasitələrinin daxil olması ilə yanaşı, hələ də ölkə daxilində və digər ölkələrdə kultivasiya ilə məşğul olan insanlar mövcuddur. Hüquq-mühafizə orqanları müvafiq tədbirlər görür, lakin bu problemin tam aradan qaldırılması hələ mümkün olmayıb. Ümumiyyətlə, narkomaniyanın statistikasının artması onu göstərir ki, mübarizə metodologiyamız dəyişməlidir. Bu vaxta qədərki yanaşma nəticəsizdir, çünki statistika artmaqdadır, azalmır. Mübarizə metodologiyası həm hüquqi, həm təbliğat-təşviqat, həm də maarifləndirmə sahəsində yenilənməlidir. Bu iş kampaniya xarakterli deyil, davamlı və ardıcıl olmalıdır. Güman edirəm ki, bununla bağlı yanaşmamızı dəyişməliyik. Çünki statistika azalmır. Hətta bununla bağlı ümumi respublika müşavirəsi keçirilməlidir. Həm hüquq-mühafizə orqanları iştirak etməli, həm bu işə məsul olan qurumlar iştirak etməlidir. Müştərək korporativ sosial məsuliyyət qoyulmalıdır. Daha yeni yanaşmalar ətrafında biz düşünməliyik. Hesab edirəm ki, bu çox zəruridir. Əks halda biz nəticə əldə edə bilməyəcəyik.  Məktəblərdə və kollektivlərdə mütəmadi testlər tətbiq edilməli, qan testləri ilə istifadəçilərin olub-olmaması müəyyən edilməlidir. Eyni zamanda təbliğat və təşviqat işləri paralel şəkildə aparılmalı, bütün məktəblərdə və kollektivlərdə geniş səviyyədə həyata keçirilməlidir. Hüquq-mühafizə orqanları yeni metodoloji yanaşma tətbiq etməlidir, çünki indiki vəziyyət göstərir ki, vaxta qədərki yanaşma özünü doğrultmayıb. Həm də qanunsuz keçidlərin qarşısının alınması və narkotrafik məsələlərinə qarışmış şəxslərə qarşı barışmaz mövqe nümayiş olunmalıdır. Cinayət məcəlləsində sərtləşdirmələr edilməli və bu işlər kampaniya xarakterli deyil, sistemli şəkildə aparılmalıdır. Sosial media və digər kommunikasiya vasitələrindən istifadə edərək təbliğat və təşviqat işləri paralel aparılmalıdır. Düşünürəm ki, narkomaniya ilə mübarizədə səmimi addımlar atılarsa, həm cəmiyyət, həm də müvafiq qurumlar səviyyəsində addımlar atılarsa, problemin qarşısını almaq mümkün olacaq".
Son olaraq, cəmiyyətimizin gələcəyi gənclərin sağlamlığı ilə birbaşa bağlıdır. Narkotik maddələrdən istifadəni dayandırmaq, maarifləndirmək və profilaktika tədbirlərini gücləndirmək hər kəsin vəzifəsidir. Ağdan gələn bu qara günün qarşısını almaq üçün hər birimiz düşünməli, hərəkət etməli və maarifləndirməyə töhfə verməliyik. Çünki unutmaq olmaz ki,  bir gəncin itirilməsi yalnız bir fərdin deyil, bütün cəmiyyətin itkisi deməkdir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники