Yerli istehsal iqtisadiyyatın inkişafı, idxalın əvəz olunması, ölkə daxilində məşğulluğun artırılması, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi cəhətdən vacibdir. Bütün marketlərdə xarici ökələrin istehsalı olan məhsullarla yanaşı, yerli istehsal məhsullarını da görə bilirik. Ancaq yerli istehsal məhsullarının qiyməti digərlərindən daha baha qiymətə təklif edilir. Bura, mayonez, konservləşdirilmiş qidalar və digər məhsulları aid edə bilərik.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinovun sözlərinə görə, qiymətlərin baha olmasının səbəblərindən biri yerli istehsalla məşğul olan şirkətlərin xammalı xarici şirkətlərdən almalarıdır: “Xaricdə isə məhsulların istehsalı zamanı öz ölkələrinə məxsus xammallardan istifadə edilir. Bununla yanaşı məhsulun kütləvi istehsalı ilə də bağlıdır. Bu gün xarici şirkət bir məhsuldan məsələn 10 min ədəd istehsal edirsə, yerli istehsalda bu 2 min ədəddir. Say çox olduqca maya dəyəri aşağı düşür amma yerli istehsalda say az olur və maya dəyəri yüksək olur”.
Mütəxəssis digər səbəbi isə yerli istehsal olan məhsulların marketlərdə satış, görüntü paylarının az olması ilə əlaqələndirib: “Mən bunları öz təcrübəmdən də deyirəm. İdxalla məşğul olan böyük şirkətlər marketlərə məhsulları verdikləri zaman faiz müqabilində sanki diktə edirlər. Yəni mən dövriyyənin 10-15 faizini verəcəmsə, sən mütləq vitrində 40-50 faiz pay verməlisən. Məsələn, mayonez istehsal edən iki hegemon şirkət hansısa bir marketə diktə edir ki, burada mənim payım görüntü olaraq vitrində 40-50 faiz olmalıdır. Qalan hissədə 10 yerli şirkətin istehsal etdiyi məhsulu yığmaq mümkün olarmı? Təbii ki, mümkün deyil. Burada əlavə görüntü məsələsi ortaya çıxır. Ancaq ana rəfdə olan görüntü əlavə görüntünün effektini vermir. Bu baxımdan vitrində olan pay bölgüsü yerli şirkətlərə qalmır. Bu zaman da yerli istehsal bazarı zəifliyə gedir. İstehsal etdiyi məhsulu bazarda sata bilmir. Satanda da müəyyən problemlərlə üzləşir”.
Şəhanə Quliyeva