RU

BOKT-larla bağlı şikayətlər artır – Ekspertlərdən XƏBƏRDARLIQ!

Son dövrlərdə Azərbaycanda bank olmayan kredit təşkilatları ilə (BOKT) bağlı şikayətlər kəskin şəkildə artıb.

Vətəndaşlar kreditlər üzrə yüksək faiz dərəcələri, ödəniş planlarının sərtliyi və girov qoyulmuş əmlakların əlindən alınması riskindən narahat olduqlarını bildirirlər.

Xüsusilə, BOKT-lar arasında tanınmış qurumlardan biri olan KredAqro‑ya müraciət edən şəxslər də bu problemlərlə üzləşdiklərini deyirlər.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli NOCOMMENT.az-a bildirib ki, BOKT sektorunda tənzimləmə banklarla müqayisədə daha zəifdir və bu səbəbdən vətəndaşların hüquqları daha az qorunur.

Onun sözlərinə görə, kiçik maliyyə resurslarına sahib olan bu qurumların yüksək faizlə kredit verməsi, xüsusilə də ödəmə qabiliyyəti aşağı olan şəxslərə yönəlməsi həm sosial, həm də iqtisadi təhlükə yaradır:

“Kredit şərtlərinin şəffaf olmaması, qeyri-stabil gəliri olan vətəndaşlara yüksək məbləğdə borc verilməsi gələcəkdə geri qaytarma problemlərini kəskin artırır. Bu, həm borcalanlar, həm də sektor üçün riskdir”.

Əkrəm Həsənov

NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, BOKT-larla bağlanan kredit müqavilələrinin çoxunda girov məsələləri borcalan üçün sərt nəticələr doğura bilər.

Onun sözlərinə görə, əmlakın satış prosedurları yalnız qanunvericiliyə uyğun aparılmalıdır, lakin bəzi hallarda müqavilələrdəki qeyri-müəyyənliklər vətəndaşın hüquqlarını zəiflədən situasiyalar yaradır:

“Bir çox şikayətlər məhz müqavilələrdə şərtlərin dəqiq göstərilməməsi ilə bağlıdır. İnsanlar sonradan faizlərin necə hesablandığını, gecikmələrə görə nə qədər cərimə tətbiq olunduğunu, girovun hansı qaydada satışa çıxarıla biləcəyini bilmədiklərini deyirlər”.

Əkrəm Həsənov BOKT-lardan kredit götürmək istəyən vətəndaşlara müqaviləni imzalamadan əvvəl bütün maddələri diqqətlə oxumalarını, faiz hesablanması, gecikmə şərtləri və girov məsələlərini tam başa düşmələrini tövsiyə edir.

Избранный
27
nocomment.az

1Источники