RU

Qurban Qurbanov: “Riskə getmək istəmirik” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Füzuli Məmmədov uzun müddətdən sonra baş məşqçi kimi Premyer Liqaya qayıdıb. Ona qarşıdakı matçlarda uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Vacib 3 xal idi. Oyun bizim üçün asan deyildi. Avrokubok oyunlarından sonra futbolçuların hazırlıq səviyyəsi 30-40 faiz aşağı düşür. Şərait, vaxtımız olmur. Elə də asan deyil. Bugünkü heyəti götürsək, bir neçə futbolçu öz idman formasından uzaqdır. Ramil Şeydayev nə qədər vaxtdır oynamır. İlk dəqiqələrdən meydanda olması asan deyil. Musa Qurbanlı da həmçinin. Bədavi Hüseynovu da qeyd edərdim. Ritmə düşmək üçün 3-4 oyun keçirmək lazımdır ki, güclərini bölüşdürə bilsinlər. Risklərə getmək istəmirik. Vacib oyunlar olsa da, futbolçuları qorumaq bizim üçün daha vacibdir. Hətta məğlub olmağa hazırıq, nəinki futbolçuları itirməyə. “Napoli” ilə oyunda da Mateus Silva, Leandro Andrade əzələsində problem hiss etdi. Kevin Medina məlumdur. Bəhlulda da yorğunluq var idi. Hətta üç nəfəri protokola salmadıq. İlk “11-lik”də yer alanlar yorğun olsalar da, oyun ritmindən düşmürlər. Digərləri isə həm məşqdən uzaq qalırlar, həm də daha az oyun keçirirlər. Bu da bizə ciddi problem yaradır. Kənardan görünə bilər ki, adlar var. Amma o adlar istədiyin formada olmayanda, problemlər yaranır. Şükür Allaha, çalışırıq ki, vəziyyəti balanslaşdıraq. İlin sonuna gəldikcə, zədəlilərin sayı artır. Qarşıda bizi kubok və çempionat matçlarımız var. Futbolçuların üzərinə daha da çox məsuliyyət düşür ki, özlərini bu oyunlara hazırlasınlar. Çempionat bir az fərqli gedir, komandalar başqa cür oynayır. Əvvəllər komandalar müdafiədə daha çox səhv edirdilər, indi fərqlidir”.

“Ayaks” da gözünü qarşıdakı oyunlara dikib”

Qurban Qurbanov “Napoli” ilə oyunda Marko Yankoviç və Mateus Silva arasında baş vermiş mübahisəyə də aydınlıq gətirib:

“Futbol emosional oyundur. Belə halların çox şahidi olmuşuq. Bundan da çox sərt hallar görmüşük. Hər bir halda, belə oyunlarda özlərinin emosiyalarını qoruyub-saxlamalıdırlar. Çünki matçın gedişatına təsir edə bilər. Ümumi fikirlərimi bildirmişəm”.

Qurbanov UEFA Çempionlar Liqasında “Ayaks”a qarşı keçirəcəkləri oyundan da söz açıb:

“Çox vacib oyundur. Bəlkə də azarkeşlər turnir cədvəlinə məndən daha çox baxırlar, daha çox oyunları analiz edirlər. Bəlkə bəzi detallara mən toxunmuram, amma fanatlar bunu analiz edirlər. Biz oyuna daha çox diqqət ayırmalıyıq. Futbolçulara müsbət təsiri olar. Çempionat oyunlarına hazırlaşa-hazırlaşa həmin görüşü də fikirləşməyə çalışacağıq. “Ayaks”ın öz oyun fəlsəfəsi var, neçə oyununa baxmışam. Rəqiblərdən aşağı səviyyədə oynamayıb. “Benfika” ilə matçda daha çox qol epizodları oldu, nəinki onların. Bu cür yanaşma məni daha çox narahat edir. Sanki qalibiyyət artıq bizimdir, sonuncu pillədə gedən komandaya qarşı oynayırıq. Bundan uzaqlaşmaq lazımdır. “Ayaks” da gözünü qarşıdakı oyunlara dikib. Xüsusilə də, bizimlə matça. Çox ciddi və diqqətli olmalıyıq. Ötən mövsüm Avropa Liqasında sonuncu olduq. Amma 3-4 oyunumuz var idi ki, rəqibdən üstün idik. Sadəcə, qismətimiz deyildi”.

Избранный
150
9
arena.az

10Источники