RU

Rüfət oynamadı, “Varajdin” Splitdə 1 xal qazandı – ARENA.AZ

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının “Hayduk”la matçında şans qazanmayıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 15-ci turu çərçivəsində Split “Hayduk”u ilə qarşılaşıb.

“Varajdin” səfərdə baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Azərbaycanlı vinger bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də salınmayıb.

“Varajdin” 15 turdan sonra 20 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 15 oyunda 5 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu ilin yayında “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

Избранный
160
10
arena.az

10Источники