RU

Lionel Messi yeni rekorda imza atdı, “İnter Mayami” finala çıxdı – ARENA.AZ

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in yarımfinal mərhələsi çərçivəsində “Nyu York Siti” ilə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyunda möhtəşəm qələbəyə seviniblər – 5:1. Messi 90 dəqiqə meydanda olub və 1 məhsuldar ötürməylə yadda qalıb.

Messi bu ötürmə sayəsində futbol tarixində yeni rekorda da imza atıb. O, karyerasındakı assistlərin sayını 405-ə çatdırıb. Beləliklə, argentinalı ulduz oyunçu əfsanəvi Ferents Puşkaşın rekordunu qırıb.

“İnter Mayami” isə qələbə sayəsində MLS-in finalına yüksəlib. Sözügedən komanda həlledici oyunda “Vankuver Ueytkaps” ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 6-da keçiriləcək.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 48 oyuna 43 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 87 oyun, 77 qol və 42 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Избранный
194
10
arena.az

10Источники