RU

Anton Krivotsyuk Koreyada gümüş medalçı oldu! – ARENA.AZ

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen”in komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün final mərhələsindəki sonuncu oyununda “Gimçeon Sanqmu” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası yekunda darmadağına sevinib – 3:0.

Anton bu görüşdə 90 dəqiqə meydanda olub.

“Daejeon Hana Sitizen” artıq geridə qalmış mövsüm ərzində keçirdiyi 38 oyuna topladığı 65 xalla 12 iştirakçı arasında ikinci olub və çempionatın gümüş medallarına sahib çıxıb. Krivotsyukun komandası 38 oyuna 18 qələbə qazanıb, 11 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 30-da iştirak edib, 2 qola imza atıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 92 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 45 matça çıxıb, 1 qola imza atıb.

Избранный
146
19
arena.az

10Источники