RU

İqtisadçı: Azərbaycan “yaşıl elektrik” ixracatçısına çevrilməyi hədəfləyir

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan üçün yaşıl enerji artıq təkcə perspektiv deyil, reallıq mərhələsinə keçən yeni bir sektor kimi formalaşır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Kamran Hacıyev bildirib. O qeyd edib ki, rəsmi strateji sənədlərdə ölkənin məqsədi 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payını ən azı 30 faiz səviyyəsinə çatdırmaq, hətta mövcud temp qorunarsa, bu hədəfə daha tez yetişmək kimi ifadə olunur. Son illərdə bu istiqamətdə konkret iri layihələr icra edilir. Belə ki, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası Xəzər regionunun və MDB-nin ən böyük günəş stansiyası kimi istismara verilib, 240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam edir və bir neçə beynəlxalq tərəfdaşla əlavə külək və günəş layihələri üzrə sazişlər imzalanıb: “Strateji baxımdan Azərbaycanın yaşıl enerjidən istifadəsi iki əsas xətt üzrə qurula bilər. Birincisi, daxili elektrik tələbatının müəyyən hissəsini günəş və külək hesabına ödəməklə təbii qaz istehlakını azaltmaq və beləliklə, daha çox qaz həcmini ixrac üçün azad etmək mümkündür. İkincisi, ölkə tədricən “yaşıl elektrik” ixracatçısına çevrilməyi hədəfləyir: Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi çərçivəsində Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Qara dəniz dibi kabeli layihəsi tam gücü ilə işə düşdükdən sonra əsasən külək mənbələrindən istehsal olunan elektrik enerjisinin 4 GVt-dək Avropa İttifaqı bazarına çıxarılması planlaşdırılır, gələcəkdə bu rəqəmin daha da artması nəzərdə tutulur. Bu, Azərbaycanın artıq təkcə neft və qazla yox, həm də bərpaolunan enerji ilə regional enerji mərkəzi kimi mövqeyini gücləndirməsi deməkdir”.

İqtisadçı əlavə edib ki, bu potensialdan maksimum faydalanmaq üçün ölkənin yanaşması təkсə stansiyaların tikintisi ilə məhdudlaşmamalı, tamhüquqlu “yaşıl enerji ekosistemi”nin qurulmasına yönəlməlidir. Bunun üçün şəffaf və rəqabətli tender mexanizmlərinin tətbiqi, şəbəkə infrastrukturunun və enerji saxlama sistemlərinin inkişafı, elektrik bazarının yüksək paylı bərpaolunan mənbələrə uyğunlaşdırılması, külək və günəş energetikası üzrə ixtisaslaşmış kadr hazırlığı və yaşıl enerjinin sənaye, logistika və sərbəst iqtisadi zonalarla, o cümlədən Ələt Azad İqtisadi Zonasının və azad edilmiş ərazilərin inkişafı ilə əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə ardıcıl addımlar atılarsa, “yaşıl enerji” təkcə elektrik ixracı deyil, həm də yeni sənaye sahələri, xidmətlər və iş yerləri üçün baza yaradaraq, Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas drayverlərindən birinə çevrilə bilər.

 

Избранный
24
azertag.az

1Источники