RU

Yuxusuzluq şagirdlərin dərs nailiyyətini zəiflədir?

Uşaqlarda və yeniyetmələrdə sağlam yuxu rejimi onların fiziki inkişafı, emosional sabitliyi və gündəlik öyrənmə qabiliyyəti üçün əsas faktorlardan biridir. Bu yaş dövrü boyunca yuxu ehtiyacı dəyişdiyinə görə valideynlərin uyğun rejimi qurması bəzən çətin ola bilər.

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova açıqlama verib.

O bildirib ki, ən çox yuxu problemləri yeniyetmələrdə müşahidə olunur:

“Sağlam yuxu, təbii ki, uşaqların fiziki inkişafında, emosional balansın təmin olunmasında, konsentrasiya, diqqət, yaddaş və gündəlik qavrama qabiliyyəti üçün əsas və həll edici rol oynayır. Eləcə də immun sisteminin düzgün işləməsi üçün vacibdir. Hər bir halda sağlam həyat tərzinin əsas dayaqlarından biri sağlam yuxudur.

Yaş artdıqca uşaqların yuxu ehtiyacı dəyişir və buna görə gündəlik yuxu rejimi qurulmalıdır. Yaşa görə normal yuxu saatları var ki, bizim ən çox istinad etdiyimiz, elmə əsaslanan və düzgün məlumat verən mənbələr Amerika Pediatriya Akademiyası və Avropa Pediatriya Akademiyasıdır. Bu təşkilatların ümumi bir “sleep foundation” konsensusu mövcuddur və biz buna istinad edirik”.

Ən çox rastlanan problemlərin gec yatmaq, gec yuxuya getmək və yuxuya getməkdə çətinlik olduğunu deyən həkim əlavə edib:

“Yenidoğulmuş dövrdə stabil bir yuxu rejimi mövcuddur və uşaqlar günün çox hissəsini yuxuda keçirirlər. İlk 3 ay ərzində uşaqlar günün təxminən 17–18 saatını yuxuda keçirə bilirlər. 4 ayından etibarən uşaqlarda yuxu rejimi formalaşmağa başlayır. Bu dövrdə yuxu təlimi də tətbiq olunur. 4–11 ay arasında uşaqlar gün ərzində 12–15 saat yuxuya ehtiyac duyurlar. Buna gündüz yuxuları da daxildir.

1-2 yaş arasında yuxu müddəti 11–14 saat, 3–5 yaş (bağça dövrü) 10-13 saat, 6-12 yaş (məktəb dövrü) 9-12 saat, 13-18 yaş (yeniyetmə dövrü) isə 8–10 saat olmalıdır. Uşaqlarda da böyük insanlarda olduğu kimi normal yuxu müddətləri bu şəkildədir.

Bizə ən çox müraciət olunan məsələlər gec yatmaq, gec yuxuya getmək və yuxuya getməkdə çətinlikdir. Bunun səbəbi adətən ekran vaxtının çoxluğu olur. Axşamlar enerji verən qidalar, şirniyyat və kafein qəbulu xüsusilə yeniyetmələrdə yuxuya getməyi çətinləşdirir. Gecələr tez-tez oyanmalar da olur. Səbəblər otağın çox isti və ya soyuq olması, gecə qorxuları (nightmare), gecə terroru, gündüz emosional stresin yuxuya təsiri ola bilər.

Bəzən səbəb tənəffüs problemləridir: məsələn, burun tıxanması olan uşaqlar gecə tez-tez oyanır. Refluks, diş çıxarma dövrü, qeyri-sabit rejim, yatağın oyun yeri kimi istifadə olunması da yuxu problemlərinə gətirə bilər. Yeniyetmələrdə isə gecə ekran istifadəsi və bioloji saatın pozulması səbəbindən qeyri-sabit yuxu rejimi yaranır”.

Pediatr yuxu rejiminin qurulması üçün aşağıdakıları tövsiyə edir:

“Birinci növbədə stabil gündəlik rejim olmalıdır. Uşaq hər gün eyni saatda yatmalı və oyanmalıdır. Həftə sonu ilə həftə içi arasında fərq maksimum 1 saat ola bilər, çünki rejimin pozulması həftə içi rejimə qayıtmağı çətinləşdirir.

Məktəb yaşlı uşaqlar üçün 20-30 dəqiqəlik sakitləşdirici yuxu rutini, kitab oxumaq, yüngül musiqi, yumşaq işıq faydalıdır. Ekran qaydaları ciddi şəkildə tətbiq olunmalıdır: 3T (telefon, tablet, televizor) yatmazdan ən azı 2 saat əvvəl dayandırılmalıdır, çünki ekranın mavi işığı melatonin səviyyəsini azaldır və yuxunu pozur.

Yuxu mühiti düzgün hazırlanmalıdır: otaq çox isti olmamalı (19–21°C), sakit və qaranlıq olmalıdır. Yataq yalnız yuxu üçün olmalıdır, oyun üçün yox. Yatağa çoxlu oyuncaq aparmaq düzgün deyil, yalnız bir “yuxu dostu” oyuncağa icazə verilə bilər.

Axşam yüngül qidalar verilməli, ağır yemək, şokolad, çay, kafein və enerji içkiləri qətiyyən verilməməlidir. Kiçik yaşlı uşaqlarda qaz yaradan qidalar gündüz saatlarında verilməlidir. Fiziki aktivlik də vacibdir, lakin yatmağa yaxın ağır fəaliyyət olmamalıdır.

Xüsusilə yeniyetmələrdə dərs və imtahanla bağlı stress yuxunu poza bilər. Axşam uşaqlar gün ərzində yaşadıqlarını paylaşmaq istəyirlər. Valideynlərin onları susturması düzgün deyil. Əksinə, duyğuların paylaşılması emosional yükü azaldır və daha sağlam yuxuya kömək edir.

Yeniyetmələrdə gec yuxuya getmək bioloji saatın gecikməsinə səbəb olur. Məcburi erkən oyanma isə yuxu çatışmazlığı yaradır ki, bu da konsentrasiyanı və emosional tarazlığı pozur. Ona görə yetkinlik dövründə yuxu qaydalarına ciddi əməl olunmalıdır”.

Hansı hallarda həkimə müraciət edilməlidir?

"Uşaqda gecə xoruldama, tənəffüs apnesi (qısa müddətli nəfəs dayanması), gecə qorxuları, davamlı şəkildə gec yatıb gündüz həddindən artıq yuxulu olma və ya yeniyetmələrdə depressiv əlamətlər müşahidə olunarsa, həkimə müraciət edilməsi tövsiyə olunur".

Избранный
12
1
azedu.az

2Источники