RU

Flaminqolar bu il vaxtından əvvəl gölə miqrasiya edib – FOTOLAR

Qlobal iqlim dəyişikliklərinin təsiri artıq quşların köç marşrutlarında da açıq şəkildə hiss olunur. Havaların mövsümə uyğun keçməməsi çöl quşlarının miqrasiyasına ciddi təsir göstərib. Bunun ən bariz nümunələrindən biri Biləsuvardakı Mahmudçala ovçuluq təsərrüfatında müşahidə edilir. Ötən il bu ərazidə görünməyən flaminqolar bu il böyük sürülər şəklində bura köç ediblər. Bununla belə, əvvəlki illərdə daha çox rast gəlinən digər köçəri quşların sayı kəskin azalaraq nəzərə çarpacaq dərəcədə aşağı düşüb.

NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə adətən bu ərazilərdə çoxluq təşkil edən ördək, qaşqaldaq və digər çöl quşlarının sayı bu il kəskin azalıb. Mütəxəssislər bildirir ki, qış fəslinə baxmayaraq havaların mülayim keçməsi bəzi quş növlərinin miqasiyasını gecikdirir. Mövcud hava şəraiti isə flamingolar üçün ideal qışlama mühiti yaradıb.
Ekoloq Nazim Məmmədov deyir ki, flamingoların bu il adi vaxtdan daha tez köç etməsini yalnız havaların mülayim keçməsi ilə əlaqələndirmək düzgün yanaşma deyil. “Köç prosesi daha çox quşların populyasiya halında yaşaması və davranışlarını birlikdə tənzimləməsi ilə bağlıdır. Hesab edirəm ki, flamingoların bu dəfə də köç etməsi təkcə havaların mülayim keçməsi ilə bağlı deyil. Bu quşlar fərd olaraq yox, populyasiya halında yaşayırlar və qərarları da birlikdə verirlər. Adətən bir dəstə hərəkətə keçəndə digər dəstələr də onlara qoşulur. Ola bilsin ki, ilk qrup daha tez köç edib və qalanları da instinktiv olaraq onların dalınca yola düşüblər. Son illər iqlim dəyişiklikləri, su hövzələrinin vəziyyəti və qida ehtiyatları kimi amillər də onların köç vaxtına və istiqamətinə ciddi təsir göstərir. Müşahidələrimə görə, bu il də həmin amillərin təsiri özünü göstərir”.
Flaminqoların ilk dəfə bu qədər böyük dəstələr halında Mahmudçalaya köç etməsi həm yerli sakinlərin, həm də yoldan yerli və xarici qonaqların marağına səbəb olur.
Bu Qızılqazları yaxından müşahidə etmək üçün əraziyə gələn rayon sakinləri bu nadir mənzərəni asanlıqla izləyə bilirlər. Bəzən flaminqolar o qədər yaxın məsafəyə gəlib çıxırlar ki, yoldan keçənlər quşları cəmi bir neçə metr məsafədən seyr edə bilirlər.
Sakinlər onu da bildirir ki, sanki quşlar öz qədim köç marşrutlarını yenidən bərpa ediblər. “Ərazidə qida ehtiyatının bol olması və su-bataqlıq landşaftının əlverişliliyi bu nadir köçəri quşların tarixən böyük sürülər halında burada mövsümi şəkildə məskunlaşmasına şərait yaradıb”.

Qeyd edək ki, Mahmudçala ovçuluq təsərrüfatı çöl quşlarının əsas yaşayış və toplanma ərazilərindən biri olduğundan burada ov etmək qəti qadağandır. Ümumilikdə 7136 hektar sahəni əhatə edən Mahmudçala Ovçuluq Təsərrüfatı çöl quşlarının növ müxtəlifliyi və qışlama dövründə əraziyə toplaşan quşların sayına görə Avropada İngiltərə və Niderlanddan sonra üçüncü yerdə qərarlaşır.

Избранный
6
4
nocomment.az

5Источники