Dekabr ayına xas sıx təqvimə görə İngiltərə Premyer Liqasının XIV turu 2–4 dekabr tarixlərində baş tutacaq.
İdman.Biz xəbər verir ki, turun ən diqqətçəkən oyunlarından biri son çempion “Liverpul”la İngiltərə Premyer Liqasının debütantı “Sanderlend” arasında olacaq görüşdür.
“Liverpul” oyuna 21 xalla səkkizinci, “Sanderlend” isə 22 xalla altıncı pillədən start götürür.
Arne Slotun komandası əvvəlki turda “Vest Hem” üzərində 2:0 hesablı qələbə ilə uğursuz seriyaya son qoyub. Bununla belə, “qırmızılar” bu mövsüm çox qeyri-sabit çıxış edir: klub son onilliklərin ən zəif 12 matçlıq seriyasını yaşayır və son iki ev oyununu da uduzub. Slot hazırda Məhəmməd Salahın son oyunda ehtiyatdan çıxışından sonra bu dəfə start heyətinə qayıdıb-qayıtmayacağını təsdiqləməkdən yayınır. Üstəlik, Salahın 15 dekabrda Afrika Kuboku üçün komandadan ayrılması da əlavə amildir.
Kadr vəziyyətində “Liverpul” üçün yaxşı xəbərlər də var: Florian Virts zədədən sonra sıraya dönüb, Co Qomes uzun fasilədən sonra ilk dəfə APL-də start heyətində yer alıb, Aleksandr İsak isə Premyer Liqadakı qolsuzluq seriyasını qırıb. Bununla belə, məşqçilər korpusu altı gün ərzində üç oyun keçirməli olduqları üçün yükün düzgün bölüşdürülməsinin vacibliyini vurğulayır.
“Sanderlend” “Enfild”ə mövsümün ən sensasiyalı debütantı statusu ilə gəlir. Komanda ötən turda 0:2 hesabı ilə geri düşdüyü matçda “Bornmut”u 3:2 məğlub edərək böyük əzmkarlıq göstərmişdi. Baş məşqçi Reci Le Bri bunun komandanın xarakterindən irəli gəldiyini qeyd edərək bildirib ki, “bu vəziyyətdə bir çox komanda təslim olardı”. Diqqətçəkən başqa nüans isə budur ki, “Sanderlend” 1983-cü ildən bəri “Enfild”də “Liverpul”u məğlub edə bilmir.
XIV turun digər oyunları
2 dekabr
“Bornmut” - “Everton”
“Fulhem” - “Mançester Siti”
“Nyukasl” - “Tottenhem”
3 dekabr
“Arsenal” - “Brentford”
“Brayton” - “Aston Villa”
“Bernli” - “Kristal Palas”
“Vulverhempton” - “Nottingem Forest”
“Lids” - “Çelsi”
4 dekabr
“Mançester Yunayted” - “Vest Hem”
İngiltərə Premyer Liqasında 13 turdan sonra vəziyyət
“Arsenal” - 30
“Mançester Siti” - 25
“Çelsi” - 24
“Aston Villa” - 24
“Brayton” - 22
“Sanderlend” - 22
“Mançester Yunayted” - 21
“Liverpul” - 21
“Kristal Palas” - 20
“Brentford” - 19
“Bornmut” - 19
“Tottenhem” - 18
“Nyukasl” - 18
“Everton” - 18
“Fulhem” - 17
“Nottingem Forest” - 12
“Vest Hem” - 11
“Lids” - 11
“Bernli” - 10
“Vulverhempton” - 2
Teymur Tuşiyev