RU

Avropa Komissiyası enerji əlaqələrini gücləndirmək məqsədilə 235 sərhədlərarası layihəyə xüsusi status verib

Berlin, 2 dekabr, AZƏRTAC

Avropa Komissiyası enerji əlaqələrini gücləndirmək məqsədilə 235 sərhədlərarası layihəyə “ortaq maraq kəsb edən layihə” və “qarşılıqlı maraq doğuran layihə” statusu verib.

AZƏRTAC Komissiyanın saytına istinadla xəbər verir ki, siyahıya 113 elektrik və ağıllı şəbəkə layihəsi, 100 hidrogen və elektroliz layihəsi, 17 karbon nəqli və 3 ağıllı qaz şəbəkəsi layihəsi siyahıya daxil edilib.

Bu layihələr “Avropanı birləşdirmək vasitəsi” proqramı çərçivəsində maliyyə dəstəyi ala biləcək və icazə prosedurları sürətləndiriləcək. Yeni təşəbbüslər elektrik, hidrogen, karbon nəqli və ağıllı qaz infrastrukturu daxil olmaqla Avropa İttifaqının enerji sisteminin modernləşdirilməsinə yönəlib.

Komissiyanın məlumatında bildirilib ki, 2024-2040-cı illərdə Avropanın enerji infrastrukturu üçün investisiya tələbatı 1,5 trilyon avroya yaxın olacaq. Seçilmiş layihələr Avropa İttifaqının rəqabətqabiliyyətliliyinin artırılmasına, dekarbonizasiya prosesinə və enerji təhlüksizliyinin möhkəmləndirilməsinə strateji töhfə verəcək.

Bu layihələrin siyahısı yaxın günlərdə Avropa Parlamentinə və Şurasına təqdim olunacaq və təsdiqdən sonra onların icrası üzv dövlətlərlə sıx əməkdaşlıq şəraitində sürətləndiriləcək. Komissiya, həmçinin enerji bağlantılarının genişləndirilməsi və Avropa İttifaqının enerji sisteminin dayanıqlığının artırılması üçün yeni Avropa Şəbəkələri Paketini təqdim etməyə hazırlaşır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
38
azertag.az

1Источники