RU

Rəşad Sadıqov: “Bu, bizə yaraşan bir hərəkət deyil” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Püşkdən sonra bu mərhələdə ən maraqla gözlənilən oyun idi. Hər iki komanda gözləntilərin qarşılığını verdi. Maraqlı oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyundan həzz alırdım. Çox yaxşı komplektləşmiş komandaya qarşı oynayırdıq. Futbolçularımız inamlı mübarizə apardılar. 75-80 dəqiqə bərabər səviyyədə oyun getdi, ondan sonra üstünlük bizdə idi. Çalışırdıq ki, oyun penaltilərə getməsin. Şükürlər olsun ki, əlavə vaxtda önəmli qol vurduq. Rəhbərliyi, azarkeşləri, futbolçuları təbrik edirəm. Ailə olaraq qələbə qazandıq.

Əvvəlcədən planımız belə idi ki, İssa Cibrilla start heyətdə oyuna başlasın, sonra Junior Martins oyunu gücləndirsin. “Kəpəz”lə matçda yaxşı oynamışdı. Oyuna əvvəlcədən başlasaydı, 55-60-cı dəqiqədə fiziki baxımdan düşmüş olardı. Özü ilə bu barədə danışmışdıq. İssanı dəyişməyə ürəyim gəlmirdi. Amma zədədən yeni çıxıb. Sağlamlığını düşündüm. İnsan sağlamlığı daha önəmlidir. O da effektiv oldu”.

Rəşad Sadıqov Junior Martinsin qol vurduqdan sonra rəqib azarkeşləri qıcıqlandırmasına da münasibət bildirib:

“Görmədim. Edibsə, səhv edib. Komandamıza, mənə, özünə yaraşan bir hərəkət deyil. Rəqib futbolçuları, azarkeşləri qıcıqlandırmaq doğru deyil. Mütləq şəkildə bu barədə tədbir görəcəyəm”.

Избранный
18
14
arena.az

10Источники