QHT.az xəbər verir ki, UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev ölkədə elmin geniş kütlələr arasında tanıdılması və elmin cəmiyyətdə nüfuzunun artırılması istiqamətində yeni təşəbbüslərin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan elminin populyarlaşdırılması sahəsində vəziyyət ürəkaçan deyil və bu istiqamətdə kompleks yanaşmaya ehtiyac var.
Etibar Əliyev çıxışında dünya təcrübəsindən nümunələr gətirərək qeyd edib ki, elmin cəmiyyətə çatdırılması yalnız alimlərin deyil, həm də humanitarların, media nümayəndələrinin və gənclərin iştirakı ilə mümkün olur. O, fiziki professor Çarlz Persi Snounun “İki mədəniyyət” konsepsiyasına toxunaraq vurğulayıb ki, humanitar və təbiət elmləri arasındakı anlayış uçurumu aradan qaldırılmadan elmin populyarlaşması mümkün deyil.
“Elmi populyarlaşdırma mərkəzi yaradıldı və bu sahədə ciddi addımlar atılacaq”
Etibar Əliyev qeyd edib ki, elmin populyarlaşdırılması ideyası onun şəxsi kitabxana və araşdırmalarından irəli gəlib və bu təşəbbüslə UNEC-də xüsusi mərkəz yaradılıb:
“Kitabxanamda iki yüzdən çox elmi-populyar kitab var. UNEC rəhbərliyinə müraciət edərək Elmin Populyarlaşdırılması Mərkəzinin yaradılmasına nail olduq və hazırda bu istiqamətdə fəal işləyirik.”
Elmin populyarlaşması üçün təkliflər
Etibar Əliyev elmin geniş auditoriyaya çatdırılması üçün bir sıra təkliflər də səsləndirib:
-
elmin populyarlaşdırılması üçün xüsusi saytın yaradılması,
-
elmi esselərin yazılması və bu janrın inkişaf etdirilməsi,
-
dünya səviyyəli elmi-populyar əsərlərin Azərbaycan dilinə tərcüməsi,
-
universitetlərdə elmin populyarlaşdırılmasına dair xüsusi kitabxanaların yaradılması,
-
gənclər və məktəblilər üçün Mütaliə klublarının təşkili.
O əlavə edib ki, dünyada məşhur elmi populyarlayıcı platformalar — məsələn, edge.org — milyonlarla insanın elmə marağını artırıb və Azərbaycanda da oxşar sistemin qurulmasına ehtiyac var.
“Elmin populyarlaşdırılması gənclər vasitəsilə həyata keçəcək”
Etibar Əliyev bildirib ki, elmi-populyar mühitin formalaşdırılması yalnız dövlətin deyil, həm də cəmiyyətin üzərinə düşən bir vəzifədir. Onun sözlərinə görə, elmin təbliği gənclər arasında müasir düşüncə tərzinin formalaşmasına, elmi savadlılığın yüksəlməsinə və cəmiyyətdə intellektual inkişafın gücləndirilməsinə xidmət edir.