RU

Novruzəli Aslanov: “Azərbaycan cəmiyyəti kənardan yönləndirilən modellərin ölkəmizdə effektiv olmadığını dəfələrlə göstərib”



“Azərbaycanın siyasi mühitində müxtəlif dövrlərdə fərqli ittifaqların yaranması və dağılması təbii prosesdir. Lakin Ramiz Mehdiyev ilə Əli Kərimli arasında formalaşan münasibətlər xüsusi diqqət çəkir. Bu iki şəxsi birləşdirən amillər yalnız siyasi maraqlar deyil, keçmişdəki uzunmüddətli əməkdaşlıq və həyat yollarının müəyyən dövrlərdə kəsişməsi idi. Lakin zaman keçdikcə hər iki tərəfin mövqeləri dəyişdi, siyasi ambisiyaların yenilənməsi isə yeni qarşıdurmalar və yeni ittifaqlar yaratdı. Bu prosesin davamı olaraq müşahidə olunan nəticələrdən biri də Milli Şura layihəsi oldu. İlk öncə Azərbaycandakı ənənəvi müxalifətin yenidən təşkilatlanması üçün bir platforma kimi nəzərdə tutulan bu qurum müxtəlif ideoloji və şəxsi yanaşmalar nəticəsində geniş siyasi təsir mexanizminə çevrilə bilmədi. Bununla belə, qurumun ayrı-ayrı təbəqələrdə müəyyən təəssübkeşləri və davamçıları qalmaqda idi. Əli Kərimlinin bu prosesdə önə çıxması da onun həm öz siyasi xəttinin davamı, həm də Mehdiyevlə münasibətlərində formalaşan qarşılıqlı asılılığın nəticəsi kimi öz təzahürlərini tapdı.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili daha sonra bildirib ki, regionda baş verən geosiyasi dəyişikliklərin fonunda müxtəlif siyasi qruplar bu təlatüm dalğalarının Azərbaycana da təsir edə biləcəyinə ümid edirdilər: “Lakin Azərbaycan cəmiyyəti bu kimi kənardan yönləndirilmiş modellərin ölkəmizdə effektiv olmadığını dəfələrlə göstərib. Müxalifətin daim öndə olması və ictimai tələbləri formalaşdırması üçün kənar dəstəkdən başqa, həm də daxili legitimliyə və geniş sosial bazaya ehtiyacı var. Bu isə AXCP və Milli Şura kimi platformalarda formalaşa bilmədi. Maliyyələşmə məsələləri ilə bağlı yayılan məlumatlar da bu prosesin müəyyən dərəcədə xarici təsirlərlə yönləndirildiyini deməyə əsas verir. Əlbəttə ki, xaricdə yaşayan azərbaycanlıların siyasi proseslərdə iştirak etmək istəklərinin manipulyativ xarakter alma ehtimalı ciddi problemlərə yol aça bilər. Əlbəttə ki, Ramiz Mehdiyevin Əli Kərimli ilə münasibətlərin mahiyyətinin dəqiq şəkildə müəyyənləşdirilməsi ilə məxfi məlumatların ötürülməsinə, müxtəlif şəxslərin bu proseslərdə iştirakına dair iddiaların ictimai fikirdə yaratdığı ciddi suallar da öz cavablarını tapacaq. Bu, həm dövlət, həm də cəmiyyət üçün son dərəcə vacibdir. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonrakı dönəmdə Moskvanın Cənubi Qafqazın subyektləri üzərində öz təsir imkanlarını bərpa etmək cəhdləri çərçivəsində Azərbaycandakı bəzi radikal siyasi qrupların aktivləşdirilməsi də mümkün idi. Məhz elə bu kontekstdə AXC-nin önə çıxması ehtimalı da istisna edilə bilməz. Lakin praktiki olaraq Azərbaycan cəmiyyətinin sabitlik istəyinin və dövlət institutlarının möhkəmliyinin bu cür proseslərə yol verməyəcəyi açıq-aşkardır. Ramiz Mehdiyev–Əli Kərimli tandeminin ifşası da bunu bir daha təsdiq etdi. Azərbaycanın siyasi reallığında gizli ittifaqların deyil, açıq, məsuliyyətli və yalnız milli maraqlara xidmət edən siyasi davranışın perspektivi var” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Избранный
26
aia.az

1Источники