RU

Novruzəli Aslanov: “Azərbaycan cəmiyyəti destruktiv siyasi modellərin ölkəmizdə dayanıqlı nəticə vermədiyini dəfələrlə nümayiş etdirib”



Milli Məclisin deputatı Novruzəli Aslanov regional və qlobal siyasi arenada baş verən dəyişikliklər fonunda Azərbaycanın siyasi sistemini və ölkə daxilində yaranan müxtəlif siyasi təşəbbüsləri şərh edərkən bildirib ki, bu cür proseslər demokratik dinamikanın təbii elementidir. Onun sözlərinə görə, zaman-zaman formalaşan müxtəlif siyasi münasibətlər və ittifaqlar da dövrün spesifik kontekstinin məhsulu olub.
Deputat qeyd edib ki, Azərbaycan regionda sabitliyi, təhlükəsizliyi və praqmatik siyasi kursu ilə seçilən dövlət olaraq, xarici təzyiqlər qarşısında dayanıqlı mövqe nümayiş etdirir. Bu dayanıqlığın əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar, təhlükəsizlik arxitekturasının modernləşdirilməsi və genişmiqyaslı inkişaf strategiyaları dayanır.

Novruzəli Aslanov son günlər ölkənin ictimai-siyasi gündəmində geniş müzakirə olunan məsələlərə də toxunaraq bildirib ki, Azərbaycan müxalifətinin yaratdığı Milli Şura çox qısa zamanda siyasi fiaskoya uğradı. Bu uğursuzluğun əsas səbəbi qurum daxilində təmsil olunan bəzi ziyalıların və partiya liderlərinin, xüsusilə Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin dövlət siyasətinə münasibətdə sərt, əsassız və reallıqlarından uzaq mövqelər sərgiləməsi oldu. Onların bəyanatları faktlara söykənmədiyindən ictimaiyyət tərəfindən qəbul edilmədi və tənqid hədəfinə çevrildi, nəticədə Şura siyasi meydanda boğularaq cansız cəsədə çevrildi. Son hadisələr ictimaiyyət arasında belə bir təəssürat yaradır ki, bu şəxslərin bəzi qərarları və mövqeləri xarici siyasi mərkəzlərin təsiri altında formalaşır, region proseslərinə baxışları isə milli maraqlardan çox şəxsi və xarici maraqlara xidmət edir və ədalətli olaraq ictimai qınağa məruz qalır. Mehdiyev işi ilə bağlı araşdırmalar bəzi gizli məqamları üzə çıxardı və göstərdi ki, adı çəkilən müxalifət nümayəndələri şəxsi maraqlar üçün çalışıblar. Eyni zamanda, AXÇP ilə əlaqələr də maraqların uzlaşması prizmasından ictimai tənqid obyektinə çevrilib.

Milli Şuranın qısa ömrü onu göstərdi ki, müxalifət platformaları yalnız formal birləşməyə üstünlük verir və real təsir göstərmək qabiliyyətindən uzaqdır. İndiki halda da onların aktivləşməyə cəhdləri tamamilə uğursuzluğa məhkumdur və ictimai etimadsızlığı daha da gücləndirir.

Novruzəli Aslanov əlavə edib ki, bu gün regionda və dünyada mürəkkəb geosiyasi proseslər getdiyi bir vaxtda, ölkə daxilində də müəyyən qrupların kənar təsirlərə açıq olması ehtimalı cəmiyyəti narahat edən məsələlərdəndir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli islahatlar, yeni inkişaf modeli və dövlət idarəçiliyi fəlsəfəsi artıq regionda nümunə kimi qəbul olunur. Onun sözlərinə görə, belə bir şəraitdə destruktiv yanaşmaların ictimai rəydə dəstək tapmaması tamamilə təbiidir.

“Azərbaycan bu gün regionda söz sahibidir. Reallıq budur ki, ölkədə sabitlik, iqtisadi dinamika və siyasi islahatlar xətti möhkəmləndikcə, destruktiv mövqelər zəifləyir və aradan çıxır. Cəmiyyət sabit inkişafı dəstəkləyir. Dövlətin həyata keçirdiyi strategiya real nəticələr verdikcə, qeyri-konstruktiv münasibətlərə sosial sifariş azalır.”

Deputat bununla yanaşı vurğulayıb ki, dayanıqlı siyasi mühit yalnız milli maraqlar üzərində qurulduqda uğur qazanır: “Azərbaycan cəmiyyəti dəfələrlə göstərib ki, reallıqlarla uyğunlaşmayan və ya xaricdən transfer olunan siyasi modellər dayanıqlı sosial baza formalaşdıra bilməz. Milli dövlətçilik ənənələri və ictimai konsensus ölkəmizdə uzunmüddətli siyasi sabitliyin əsas təminatıdır.”

Sonda Novruzəli Aslanov qeyd edib: “Azərbaycanın siyasi gələcəyi gizli ittifaqlara və qeyri-şəffaf proseslərə deyil, institusional məsuliyyətə, açıq dialoqa, dövlətçilik mədəniyyətinə və milli maraqların prioritet götürüldüyü siyasi modelə söykənir. Bu yanaşma həm ölkə daxilində sabitliyə, həm də regionda davamlı sülhün möhkəmləndirilməsinə xidmət edir.”



Избранный
21
aia.az

1Источники