RU

Həmidə Ömərova: Həyatımla bağlı bir əsər yazmaq istəyirəm

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kino zamanın yaddaşına bənzəyir. Filmlər var ki, illər keçsə də, bir cümlə ilə belə yada düşür, çünki ekranda gördüyümüz hər obrazın arxasında yaşanmış hisslər dayanır. Yaxşı aktyor sadəcə rol oynamır, o, tamaşaçının yaddaşında iz buraxmağı da bacarır. Ona görə də elə simalar var ki, zaman keçsə də, onlar bir dövrün hissini özündə saxlamağa davam edir. Bu gün onlardan biri ilə oxucularımızın görüşünə gəlmişik. Verdiyi müsahibələrdən, etdiyi çıxışlardan bilirdim ki, çox mühafizəkar bir ananın himayəsi altında böyüyüb, üzərində daima ciddi nəzarət olub. Amma buna rəğmən, o, bütün buxovları qıra bildi, yalnız anasından deyil, Vətəndən uzaqda təhsil almağa nail oldu.

Həmsöhbətimiz Prezidentin fərdi təqaüdçüsü, respublikanın Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, dosent Həmidə xanım Ömərovadır.

- Ötən əsrin 70-ci illərinin ortalarında ölkənin yeganə universitetinin Filologiya fakültəsinə daxil oldunuz, amma bir ildən sonra istiqamət də dəyişdi, məkan da...

- Bizim mentalitetimizdə qəribə olduğu qədər maraqlı bir xüsusiyyət var. Atalar oğlan övladlarını hüquqşünas, analar qızlarını yalnız həkim görmək arzusunda olub. Anamın sözü mənim üçün qanun idi, o, nə deyirsə, necə istəyirsə, elə də olmalı idi. Məktəbi bitirəndə attestatımda bircə dənə cəbrdən "dörd" qiymətim oldu, qızıl medala düşə bilmədim və universitetin Biologiya fakültəsinə hazırlaşmağa başladım, çünki anam da, atam da məni ağ xalatda görmək istəyirdilər. Bununla belə, özlüyümdə götür-qoy edirdim ki, hansı sahə öz maraq dairəmdədir. Məktəb illərindən qələmlə aramızda bir dostluq bağı vardı - kiçik hekayələr, oçerklər yazırdım. Gendən gələn qazaxlı qanı özünü göstərməyə bilməzdi axı və bu da Filologiya fakültəsinə daxil olmağıma təkan verdi. Bununla belə, yenə də hiss edirdim ki, öz yerimdə deyiləm. Bu düşüncədə idim ki, televizorda mərhum rejissor Həsən Seyidbəylinin çıxışını gördüm. Çıxışında dedi ki, bu il azərbaycanlılara Moskva Kinematoqrafiya İnstitutunda aktyorluq ixtisası üzrə yer verilib. Arzu edənlər şəkil göndərdikdən sonra müsabiqəyə qatıla bilərlər. Baxmayaraq ki, tələbə idim, içimdəki hansısa hiss dilə gəldi, heç kəsə bir kəlmə demədən şəklimi təqdim etdim. Seçim turu üçün Moskvadan müəllim gəldi, sənəd təqdim edənlər imtahan verdik. Yeddi oğlan və yeddi qız seçilməli idi. Boş qalan iki qız yerinin biri qismətimə düşdü. Bunu müsahibələrimdə həmişə demişəm. Aktrisa olmaq kimi bir arzum olmayıb heç vaxt. Mən artıq sıxıldığım ana nəzarətindən, təzyiqdən uzaqlaşıb rahatlıq istəyirdim və bunu bir çıxış yolu kimi gördüm.

- Deməli ki, cəsarətiniz var...

- Uşaqlıq illərimi yada salanda görürəm ki, çox fəal, qıvraq biri olmuşam, görünür ki, bu da cəsarətli olmağımdan irəli gəlib. Maraqlıdır ki, uşaqlığımla bağlı çox xatirələrimi unutmamışam, onları qələmə də almışam. Yaşım artdıqca çox romantik, xəyallar dünyası ilə yaşayan bir Həmidə böyüməyə başlayıb. Gözəl gələcək, ağ atlı şahzadə, xoşbəxt həyat və daha nələr, nələr... Bu arzuları xəyal etmək təbii ki, hər bir yeniyetmənin düşündükləri idi, lakin mənim kimi güclü nəzarət, təzyiq altında yaşayan biri üçün bu həm də bir nicat yolu idi.

- Yəqin ki, tək övlad olduğunuzdan ərköyün böyüdülmüsünüz...  

- Ərköyün böyüdülsəydim, sərbəstliyim, azadlığım olardı, amma mən faktiki atasız böyümüşəm. Valideynlərim eyni ali məktəbdə təhsil alıblar və bir-birini sevərək ailə qurublar. Atam fransız, anam ingilis dili müəllimi olub. Əslən bakılı, şəhər qızı olan anam qazaxlı bir oğlanı sevib ki, onunla rayonda yaşamağı belə, gözə alıb. Mən Bakıda doğulandan sonra anam kəndə gəlib, lakin təəssüf ki, bu ailə səadəti mənim üç yaşıma qədər davam edib. Kənd həyatına uyğunlaşmağı bacarmayan anam məni götürərək Bakıya qayıdıb və beləcə, onların yolları ayrılıb. Sonradan atam ikinci ailə həyatını qurub, bacı-qardaşlarım olub. Atam bizim aramızda ünsiyyət yarada bildi. Onlar tez-tez mənə məktublar yazırdı və bugünədək bizim əlaqəmiz var. Hara fırlansaq da, kökümüz birdir.

- Yəni atanızla rahat görüşə bilmisiniz...

- Deməzdim, çünki anam bunu istəmirdi və atamla görüşlərimiz gizli olardı. Mən anamı hər zaman anlamağa çalışmışam. Gənc bir qadın, əlində üç yaşlı uşağı, digər tərəfdən, sevdiyi insandan ayrılığı asan həyat vəd etmirdi. Müəllim kimi fəaliyyətini davam etsə də, həyat onu sındıra bilmişdi. Anam ikinci dəfə ailə qurmadı, ömrünü mənə həsr etdi. Lakin onun bu fədakarlığı qısqanclıqlarla dolu olduğundan, mən yalnız onun istəklərini yerinə yetirmək kimi öhdəliklərlə yaşayırdım.

- Amma bu, bəlli bir vaxta qədər davam etdi və siz öz istəyinizə Nəsibə xanımı razı sala bildiniz...

- Təsəvvür edin, Filologiya fakültəsinə daxil olmaq üçün güc-bəla ilə onun razılığını ala bilmişdim və mənim Moskvada təhsil almaq fikrimi biləndə nələr olmadı ki... Üç gün gecə-gündüz ona yalvarıb-yaxardım, bildirdim ki, mən aktrisa yox, rejissor olacağam və sonunda anamın razılığını ala bildim. Sevincimin həddi yox idi, çünki sərbəst yaşamaq, rahat nəfəs almaq eşqi mənim üçün hər şey demək idi. Amma bilmirdim ki, qarşıda məni hansı çətinliklər, necə üzüntülər gözləyir.

- Və beləcə, hər addımı nəzarət altında olan 18 yaşlı yeniyetmə bir qız təhsil almaq üçün gəldi Moskvaya...

- Bəli, yeddi oğlan, yeddi qız gəldik Moskva Kinematoqrafiya İnstitutuna. Onların arasında yeganə mən idim ki, universitetin Filologiya fakültəsindən gəlmişdim. Qalanları müəyyən dərəcədə incəsənətlə əlaqəsi olan gənclər idi. Mən isə çox utancaq, özünü gözdən kənarda saxlamağa çalışan biri. Aktyorluq elə bir sənətdir ki, sənə deyiləni etməlisən. Mənə etüd göstər deyəndə, çox çəkinirdim, sıxılırdım və demək olar ki, iki il bu xasiyyət mənə mane oldu. Lakin üçüncü kursun əvvəlində mən bir növ həyatın ilk zərbəsini aldım. İnstitutun qaydalarına görə, aktyorluq ixtisası üzrə təhsil alan tələbələr dörd diplom tamaşa ilə  institutu bitirməlidir və hazırlıqlar üçüncü kursdan başlayır. Dərs ili başladı, müəllimimiz SSRİ Xalq artisti Yevgeniy Semyonoviç Matveyev, onun köməkçiləri xalq artistləri İrina Savçenko, Aleksandr  Novosadov, Lyudmila Çerkova bizim kursun tamaşalarının siyahısını oxumağa başladılar. Siyahıya Molyerin "Zorən təbib", M.Qorkinin "Həyatın dibində", K.Trenyovun "Lyubov Yarovaya" və Şekspirin "İki beronalı" tamaşaları daxil edilmişdi. Sonra rol bölgüsü ilə tanış olmağa başladıq. Gördüm ki, artıq üç tamaşada tələbə yoldaşlarıma bir tamaşada baş rol, digərində ikinci rol, köməkçi rol verilib, mənim adım isə çəkilmir. Nəhayət növbə çatır "İki veronalı" tamaşasına. Baş rollarının ifaçılarının adları oxunur və sonda pyesdəki xadimənin adı çəkilir, Luçetta - Həmidə Ömərova. Bunu eşidəndə qəhər məni boğdu, dörd tamaşadan yalnız birində mənə rol verilib, o da xadimə. Bizdə dərs mütləq şəkildə etüdlə başlayırdı, çünki bu, aktyor məktəbinin əlifbasıdır. Yevgeni Matveyev hər dəfə etüd tapşırığı verəndə məndən başqa hamı o səssiz səhnələri göstərməyə can atırdı, mən isə otaqda bir qara rəngli piano vardı onun arxasında özümü gizlədərdim.

- Baxmayaraq ki, aktyorluq ixtisasına yiyələnməyə gəlmişdiniz...

- Bəli, düz vurğuladınız, iki il mən bunu bacarmadım. Deməli, rol bölgüsündən əvvəl etüd tapşırığı vermişdi. Məzmunu belə idi: birinin ən yaxın adamı dünyasını dəyişib, cənazə hələ ortalıqdadır, həmin adam qəm-qüssə içindədir. Bu zaman bir nəfər hüzn içində olan adama yaxınlaşıb deyir ki, çox çıxılmaz vəziyyətdəyəm, səndən yüz manat borc istəyirəm. Pulu verib-verməmək isə adamın öz ixtiyarındadır. Yəni lal tamaşanın məzmunu bundan ibarət idi. Aldığım xadimə rolu mənə necə dağ çəkmişdisə, ilk dəfə olaraq əlimi qaldırıb etüdü göstərmək istədiyimi bildirdim. Bütün müəllim heyətinin təəccübdən gözləri bərəldi. İkinci rolu tələbə yoldaşım Mikayıl Mikayılova tapşırdılar. Rolları özümüzün seçmə imkanımız olduğundan dedim ki, ən yaxın adamını itirənin rolunu mən oynayacağam. Və mən nə etsəm yaxşıdır, qalxdım səhnəyə, ayağımı bir-birinin üstünə aşıraraq oturdum, qollarımı da sinəmdə çarpazlaşdırdım, təsəvvürümə gətirdim ki, cənazə Yevgeniy Matveyevindir. Ən yaxın adamını itirəndə təbii ki, ağlamalısan. Və mən həm cənazəni müəllimim zənn etdiyimdən, həm də aldığım xadimə rolundan təsirlənərək ürəyimdə gileylənməyə başladım: Ah Matveyev, sən bilsəydin ki, mən necə yaxşı insan və aktrisayam deyəndə gözümdən yaş süzülməyə başladı. Bu zaman Mikayıl  yaxınlaşıb yüz manat pul istədi, mən də ürəyimin hökmü ilə ona həmin pulu verdim və etüd bitdi.

- Və müzakirələr başladı...

- Başladı, nə başladı... Matveyev dedi ki, fərz edin mən rejissoram, filmim üçün baş rola aktyor və aktrisa seçiminə gəlmişəm. İndi siz bu etüdün iştirakçılarının müzakirəsinə başlayın. Bütün kurs yoldaşlarım, ələlxüsus qızlar keçdilər hücuma. Dedilər ki, biz Həmidənin göz yaşlarına inanmadıq. Ona görə ki, yaxın adamını itirərək göz yaşı axıdan dərdli bir adam heç zaman ayağını ayağının üstünə aşıraraq oturmaz və qollarını çarpazlaşdırmaz, yəni o, cənazənin qarşısında çox rahat oturmuşdu. Əslində aktyor plastikası nöqteyi-nəzərindən iradlar düzgün idi. Amma içim yanırdı, çünki səbəbini özüm bilsəm də, göz yaşlarım həqiqi idi. Sonda Matveyev sanki öz qərarını verirmiş kimi dedi ki, Həmidə sınaq çəkilişlərini keçmədi. Artıq heç kəsin fikrini eşitmirdim və hardasa laqeyd bir halda keçib pianonun yanındakı yerimdə oturdum. Öz halıma necə acıdımsa, ixtiyarsız olaraq yenə də gözümdən yaş axmağa başladı. Səhnənin işıqlarından biri oturduğum səmtə düşdüyündən birdən İrina Savçenko dedi ki, bir Həmidəyə baxın, o necə ağlayır? Baxın bu, həqiqi göz yaşlarıdır. Dərhal hamı çevrilib mənə baxdı. İndiyə qədər o zaman yaşadığım hissi sözlə ifadə edə bilmirəm. Bir onu bildim ki, qalxdım ayağa, özümü auditoriyadan atdım bayıra, uzun dəhliz boyu qaçaraq sondakı otağa girib qapını bağladım. Səsim eşidilməsin deyə, otaqdakı su kranını açıb hönkür-hönkür ağlamağa başladım. Sakitləşəndən sonra öz-özümə dedim ki, Matveyev, baxmayaraq ki, mənə inanmırsan, sənə və hamıya aktrisa olduğumu sübut edəcəyəm.

- Azərbaycanlı tələbələr arasında yeganə siz institutu fərqlənmə diplomu ilə bitirməyinizlə deyəsən, bunu sübut edə bildiniz...

- Görün mən nə etdim. İki il ərzində ki, dörd tamaşa hazırlanmalı idi, mənə tapşırılan xadimə rolunun məşqlərinə gedirdim, çox oynaq, hamı ilə dil tapan bir obraz idi Lüçetta və İrina Savçenkonun dediklərinin hamısını qeyd edirdim. Lakin mən bununla kifayətlənmirdim, öz məşqlərim bitəndən sonra o biri tamaşaları izləməyə gedirdim. Kurs yoldaşım Elmira Səfərova "Zorən təbib" tamaşasında Lüsenda rolunu oynayırdı və orada onun əynində çox gözəl və incə qırmızı bir paltar vardı. Paltar o qədər havalı idi ki, Lüsenda qaçanda o, sanki alov dilləri kimi gözləri qamaşdırırdı. Təsəvvür edin ki, o paltarın eşqinə mən o tamaşanın məşqlərini buraxmırdım və Matveyevin dediyi bütün qeydləri dəftərçəmə yazırdım. Artıq o utancaq Həmidədən əsər-əlamət qalmamışdı. Beləcə, qış semestri gəldi və biz sessiyalarda açıq imtahanlar verirdik. Sergey Bondarçuk, Vyaçeslav Tixonov Matveyevin yaxın dostları idilər və bizim açıq tamaşalara baxmağa gəlirdilər. "İki veronalı" tamaşasına baxan Bondarçuk mənim rolumu görəndən sonra Matveyevdən soruşur ki, Luçettanı oynayan qız təzə tələbədir? Matveyev deyib ki, birinci kursdan burdadır. Daha sonra Bondarçuk deyib ki, çox istedadlı qızdır, lakin sən xadimə ilə xanımı səhv salmısan və bu sözdən sonra mənə baş rol verildi.

- Axıtdığınız göz yaşları sevincinizə çevrilib...

- Etiraf edirəm ki, başlanğıcda layiq görüldüyüm xadimə rolundan nə qədər mütəəssir olmuşdumsa, onu məndən alanda çox heyifsiləndim, çünki Luçettaya çox bağlanmışdım. Çox xırdalıqlara varmaq istəmirəm, lakin izlədiyim məşqlərdə etdiyim qeydlərlə bağlı iki məqama toxunmaq istəyirəm. Məhz həmin qeydlərin sayəsində heç bir məşq etmədən "Lyubov Yarovaya" tamaşasındakı Panova rolunu necə oynadığımı Matveyev görəndə bunu təsadüfi adlandırmışdı. Daha sonra bir səbəb üzündən "Zorən təbib" tamaşası bağlanma təhlükəsi qarşısında qaldı. Səbəb isə məhz qırmızı paltarına valeh olduğum Lüsenda rolu idi. İki ildi tamaşanı hazırlayan Lyudmila Çerkova elə bir həyəcan, təşviş yaşayır ki, özünə yer tapa bilmir. Matveyev isə qəti qərarını bildirərək deyir ki, ya rola əvəz tapın, ya da tamaşa bağlanır. Özünə yer tapmayan Çerkova bu zaman məni göstərərək deyir ki, bəlkə Həmidə bacarar, o, iki il tamaşanın bütün məşqlərinə baxıb. Artıq Panova rolunu doğrultduğumu gördüyündən, Matveyev bir həftə vaxt verir. Bir həftəyə o tamaşanı məşq edib oynadıq, amma təəssüf ki, valeh olduğum o qırmızı paltardan sonda əsər-əlamət qalmadı. Beləliklə, mən özümü göstərib, mənə inanmayanlara necə aktrisa olduğumu sübut etdim. Və mənim fərqlənmə diplomumda içində Panova rolunun mükəmməl yaratdığına görə cümləsi yazılmışdı.

- Və həmin diplomla gəldiniz "Azərbaycanfilm"ə...

- Gəldim, amma yarım il məni heç bir rejissor görmədi, məndən başqa bütün tələbə yoldaşlarım filmlərə çəkildi. Və günlərin birində dedilər ki, bu gənclər dörd diplom tamaşası ilə institutu bitirib gəliblər, birini bizə göstərsinlər. Biz öz geyimlərimizdə kinostudiyada "Zorən təbib" tamaşasını göstərdik. Tamaşaya baxanların arasında rejissor Oqtay Mirqasımov da vardı. Nəbi Xəzrinin "Əks-səda" pyesi əsasında iki seriyalı "Anlamaq istəyirəm" filmini çəkməyə hazırlaşırdı. Məni foto sınaq çəkilişlərinə çağırdılar. Sonra Oqtay Mirqasımov məni çağırıb dedi ki, aktrisa kimi çox xoşuma gəlirsən, amma filmdəki Çinarə professor qızıdır. İstəyim odur ki, o, həqiqətən professor qızı olsun, mənə kömək edə bilərsən? Məmnuniyyətlə razılaşdım və Oqtay Mirqasımovun tapdığı həqiqi professorun qızına kömək etməyə başladım. Oqtay müəllim isə bütün olanları kənardan izləyirdi. Nəticədə sınaq çəkilişlərində Çinarə roluna təsdiq olundum. Lakin o zaman bədii televiziya filmləri Moskvanın nəzarəti altında idi və onlar çalışırdılar ki, çəkilən filmlərdə mütləq bir rus aktrisası olsun. Filmin sınaq çəkilişləri Moskvaya təqdim olunanda Oqtay Mirqasımova bu təklif olunur. O, etiraz etdikdə filmin bir ay dondurulacağı bildirilib. Oqtay müəllim mənimlə yenidən işləmək üçün bir ay vaxt istəyib. Onun bu inadkarlığını görəndən sonra filmin çəkilişləri dayandırıldı. Həmin bir ay ərzində Oqtay Mirqasımov məni "Mozalan" satirik kinojurnalında bir süjetə çəkir ki, bu da mənim kamera qarşısında ilk rolum olur. "Anlamaq istəyirəm" filmindən sonra kino yaradıcılığımın məhsuldar dövrü başladı.

- Ən çətin yaşadığınız rol...

- Oqtay Mirqasımovun "Gümüşü furqon" filmindəki Mədinəni canlandırmaq çox çətin olub. Yeganə rolumdur ki, onun gündəliyini tutmuşam və indiyə qədər onu saxlayıram. Əvvəla çəkiliş prosesində yaradıcı heyət arasında anlaşılmazlıq, pərakəndəlik vardı. Filmdəki bir epizod haqda danışmaq istərdim. Tərəf müqabilim Şəfiqə Məmmədovanın qardaşı mərhum Məmməd Məmmədov idi. Filmdə Mədinənin yuxusu deyilən bir səhnə var. Hər ikimizi paraşütə sarıyıb yuxarı qaldırıblar. Göydən asılı vəziyyətdəyik və məşq edirik ki, guya uçuruq. Necə oldusa, Oqtay Mirqasımovu çağırdılar və sonra studiya yavaş-yavaş boşalmağa başladı. Demə, kulis arxasında problem yaşanıb, operator gedib, rejissor əsəbləşib və fasilə elan ediblər. Biz isə qalmışıq yuxarıda asılı vəziyyətdə. Əvvəl elə Mədinənin yuxusundakı kimi zənn edirdik ki, uçuruq, sonra səslərin kəsildiyini eşidib artıq həyəcanlanmağa başladım. Məmməd də məni sakitləşdirməyə çalışırdı. Handan-hana gəlib bizi yuxarıdan endirdilər, üzümə su səpib özümə gətirdilər və uzun müddət paraşütün iplərinin izi qollarımda qaldı. Məmmədi düşürəndə qurğu xarab oldu, onu nərdivanla endirmək məcburiyyətində qaldılar. Həm obraz baxımından, həm çəkiliş prosesində yaşanan vəziyyət səbəbindən "Gümüşü furqon" filminin yaradıcılığımda fərqli yeri var. Lakin mən Afaq rolumu da xüsusi olaraq vurğulamaq istərdim.

- Eldar Quliyevin "Nizami" filmində böyük Nizaminin ömür-gün yoldaşı...

- Bəli... Taleyin bir qisməti oldu ki, mən Afaq roluna çəkildim. Deməli, filmin çəkilişlərinə artıq başlanmışdı və Afaq roluna Tamara Yandiyeva təsdiq olunmuşdu. Ulu öndərin mədəniyyətə və incəsənətə xüsusi diqqəti olduğundan ona filmdən iyirmi dəqiqəlik bir parça təqdim olunur. Görəndə ki, Afaqı xarici bir aktrisa oynayır, Heydər Əliyev soruşub ki, Azərbaycanda Afaqı oynaya biləcək aktrisa yoxdur? Bu iraddan sonra kinostudiyada Afaqın axtarışına başlayırlar. Mənim şəklimi ona göstərdikdən sonra həmin rola təsdiq olundum. O zaman iyirmi beş yaşlı gənc qız idim və əlbəttə ki, bu, mənim üçün böyük bir hadisə idi.

- Digər tərəfdə də Müslüm Maqomayev kimi bir tərəf müqabili vardı...

- Ona görə də böyük həyəcan və məsuliyyət hissini hər addımımda hiss edirdim. Lakin bu böyük sənətkar çəkiliş meydançasında o qədər mədəni, səmimi, kübar bir insan idi ki, davranışı ilə gərginliyimi azalda bilirdi. Eldar müəllim mənə dedi ki, sən Kinematoqrafiyanı bitirmisən, Müslüm Maqomayev haqqında çox filmlər çəkilib, bu film onun ilk böyük roludur, üstəlik də, dahi bir klassikin obrazını yaradır, çalış tərəf müqabili kimi ona yardım et. Sənətə yeni başlayan gənc bir aktrisa üçün  bu, çox sevindirici və məsuliyyətli tapşırıq idi. Mən bacardığım qədər ona lazımi köməyimi əsirgəmirdim. Hətta bir səhnədən sonra o, mənə dedi: "Həqiqətən bir anlıq inandım ki, mən Nizamiyəm, siz də Afaq".

Dahi bir sənətkardan bu sözləri eşidəndə, ürəyimdə bir daha müəllimlərimə təşəkkür etdim. Filmin çəkiliş yeri Gəncə şəhəri idi. Məxsusi olaraq bu film üçün Nizaminin evi tikilmişdi və həmin ev bu gün də bir muzey kimi "Nizami" filmindən yadigar qalır. Filmdə Nizami ilə Afaqın toy səhnəsi çəkiləndə Gəncə əhalisi böyük maraqla orada iştirak etdilər. Həmin ərəfə Müslüm Maqomayevin doğum gününə təsadüf etdiyindən Gəncədə sənətkarın 40 illik yubileyi keçirildi, həyat yoldaşı Tamara Sinyavskaya da gəldi. Və bu cütlüyə böyükdən-kiçiyə hamı o qədər səmimi, isti münasibət göstərdi... Gəncə əhli onları səhnədən buraxmaq istəmirdi. Bu iki sənətkar elit təbəqənin əsl nümayəndələri olduğunu sübut etdilər.

- Çəkilişlərdə yəqin ki, çətinliklər olub...

- Müsüm Maqomayevin sıx qrafiki, qastrol səfərləri, Moskvada konsertləri olduğundan filmin bəzi hissələrinin çəkilişi uzanırdı. Afaqın ölüm səhnəsi ilə bağlı bir epizodu heç unuda bilmirəm. Həmin hissə asan başa gəlməmişdi, çünki Müslüm Maqomayev Moskvada konsertdə olduğundan çəkilişə gələ bilməmişdi. Çəkiliş pavilyonda nəzərdə tutulmuşdu və şaxtalı hava idi. Mən Afaq nazik bir geyimdə uzanmışam, özüm soyuqdan əsirəm, lakin tərəf müqabilim "Nizami" isə yoxdur. Vəziyyətdən çıxış yolunu belə tapdılar. Bir qrim ustası vardı - Volodya Arapov. Mənə dedilər ki, fərz elə qarşında dayanan "Nizami"dir və sən də ölürsən. Bu rəhmətlik Volodya da şişman biri idi və o güləndə həmişə qarnı yırğalanırdı. Rolumu əzbər bilirəm və gözümü açanda onun yırğalan qarnını görəndə özümü saxlaya bilməyib gülməyə başladım. Eldar Quliyev isə o qədər tələbkar bir rejissor idi ki, ondan da qorxurdum. Vəziyyəti belə görəndə Arapovu kənara çəkib yerində özü dayandı. Onu görən kimi qorxudan titrəməyə başladım və xahiş etdim ki, icazə verin özüm oynayım. Təsəvvürümə gətirdim ki, Müslüm Maqomayev qarşımdadır və beləcə həmin səhnə çəkildi. Ümumiyyətlə, "Nizami" filminin bütün kollektivi onun ərsəyə gəlməyində böyük əmək, birlik, peşəkarlıq nümayiş etdirə bildi və xoş halıma ki, orada mənim də payım var.

- Azərbaycan kinosunun bugünkü dərdi  ssenari, maliyyə, yoxsa yanaşma...

- Bu, kompleks yanaşma tələb edən məsələdir. Mən bu gün gənclərin əhatəsindəyəm, o mənada ki, onlara dərs deyirəm. Bu gün bizim istedadlı ssenaristlərimiz, aktyorlarımız, rejissorlamız yetişməkdədir. Onlara inanmaq və şərait yaratmaq lazımdır ki, özlərini sübut edə bilsinlər. Axı zamanında bizə də inanıb qarşımızda yolları açanlar olub. Buna görə də Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari işləri üzrə müsabiqələr keçirir, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən yaradılan xüsusi ekspert komissiyası qalib gələn ssenarilər əsasında filmlər çəkilir. Sadəcə olaraq elə bir mexanizm qurulmalıdır ki, çəkilən filmləri geniş tamaşaçı auditoriyası görsün. Zənnimcə, kommersiya ilə müəllif filmlərini birləşdirmək yollarını tapmaq lazımdır, çünki dünya kino təcrübəsində bu var. Onsuz da kinonu kommersantlar yaradıb. Lümyer qardaşları kinoya sənət kimi deyil, gəlir mənbəyi kimi baxıblar. Və əgər kinonun inkişafından söhbət gedirsə, kommersiya mütləqdir.

- Bu gün çəkilən filmlərdə çatışmayanlar...

- Azərbaycan tamaşaçısının beynində bir fikir formulu var. Çəkilən filmləri müqayisə edərək, əvvəlki filmləri həmişə tərifləyirlər, onlar üçün darıxanlar da az deyil. Onlara demək istəyirəm ki, ay tamaşaçı, axı sən hansı dövrdə, zamanda yaşadığını niyə unudursan? Niyə unudursan ki, bu gün bəşəriyyət texnologiyanın inkişaf etdiyi dövrdə yaşayır, o cümlədən də biz. Elə keçmişin yolu ilə gedib, yenilikdən uzaqda qalmaq olmaz axı. Bəli, tamaşaçını düşündürən, narahat edən mövzulara müraciət olunmalıdır. Biz bunu dünya filmlərində də görürük. Klassik nümunələrdən elə şedevr filmlər çəkilir ki, tamaşaçı onu hərisliklə izləyir. Belə filmlər bizdə də çəkilməlidir ki, tamaşaçı əvvəlki kinolar üçün nostalji yaşamasın. Etiraf etmək lazımdır ki, dövlət sifarişi ilə çəkilən sanballı filmlər az deyil. Amma bu filmlərin geniş tamaşaçıya çatdırılmasının yolunu tapmaq lazımdır. Azərbaycan müstəqillik qazanandan sonra uzun müddət kinoda bir boşluq yarandı və biz böyük tamaşaçı auditoriyasını itirdik. Bu ərəfədə yetişən nəsil türk melodramlarına, seriallarına, Amerikanın macəra-döyüş filmlərinə kökləndilər və bu gün əsas vəzifəmiz tamaşaçılarımızı yenidən qazanmaqdır. Düşünürəm ki, Azərbaycan teleməkanında kino kanalının açılması çox vacibdir. Sırf kinoya xidmət edən bir kanal bu gün tamaşaçı sarıdan kinoya böyük dəstək ola bilər.

- Sənətkar ailələrində övladlar çox vaxt valideynlərinin yolunu davam etdirir...

- Oğlum Rəhimin əvvəldən belə fikri olmasa da, bir ara həvəsləndi ki, aktyorluğa başlasın. Məsləhət görməsəm də, bir-iki dəfə onunla məşqlər etdim və gördüm ki, aktyorluq onda alınmayacaq və fikrindən daşındı. Kompüterə böyük həvəsi olduğundan mən də onu istədiyi sahəyə yönəltdim.

- Bu gün evinizdə ananızın adını daşıyan balaca Nəsibə böyüyür. Gələcəkdə nənəsinin yolunu davam etmək istəyi yaranarsa...

- Bu, gələcəkdə onun öz istəyindən və valideynlərinin Nəsibənin qərarına yanaşmasından asılı bir qərar ola bilər. Ancaq hiss edirəm ki, onun rəhmətlik anam kimi gur səsi var. Bir musiqi səsi eşidəndə ona dərhal reaksiya verir.

- Bir pedaqoq kimi bu gün sənətə başlayan Həmidə Ömərovaya məsləhətiniz...

- Rəhmətlik nənəm demişkən - səbir, səbir, səbir. Həyat dözüm və səbir tələb edir. Öz istəklərimiz, arzularımız uğruna nə qədər çabalasaq da, dəridən-qabıqdan çıxsaq da, tələssək də, əldə etmək istədiyimiz hər nə varsa, ona Tanrının yazdığı bəlli bir vaxtda nail oluruq. Ona görə də insan üçün ən vacibi səbirli və şükürlü olmaqdır.

- Ömrünüz bir film olsaydı, adını bilmək maraqlı olardı...   

- Ən gözəl və maraqlı sual oldu. Bir əsər yazmışam, adı "Mən öləndən sonra xoşbəxt idim". Əməliyyat zamanı kliniki ölüm keçirmişdim. Uzun qaranlıq bir dəhlizlə sonda görünən işığa sarı uçurdum. Kliniki ölüm keçirənlərin hamısı bunu görür. Heç bir əzanı hiss etmədən o qədər yüngül, rahat və çox xoşbəxt idim. Lakin həkimlərin sillələri məni həyata qaytardı, anladım ki, mən anayam və bu missiyanı yerinə yetirməliyəm. Həyatımla bağlı isə bir əsər yazmaq istəyirəm, adını da bilirəm, lakin sizə deməyəcəyəm. Bircə onu deyəcəyəm ki, bilmək istədiyiniz filmin adını artıq həmin əsərə vermişəm.

SÖZARDI: Bəzən müsahibə bitsə də, söhbət insanın içində davam edir. Çünki bəzi xatirələr cavab kimi yox, hiss kimi qalır. Söhbətimizin sonunda anladım ki, kino yalnız ekran işi deyil, insanın ömründə özündən sonra qalan bir izdir.

Tamilla M-ZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
525.az

1Источники