RU

​Kreml Paşinyanı gül və konyakla “sınayır” Ermənistana qarşı yeni qadağalar Koçaryana şans verir

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanda seçki yaxınlaşdıqca, Rusiya Nikol Paşinyan hökumətinə qarşı təzyiqi artırır və ruspərəst müxalifətin “əlinə oynayan” qərarlar verir. 

“AzPolitika” xəbər verir ki, Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) 22 maydan etibarən Ermənistandan gül idxalını dayandırıb.

Bu barədə yayımlanan rəsmi məlumatda deyilir ki, qadağa istixana yoxlamaları başa çatana qədər qüvvədə qalacaq. “Məhdudiyyətlər xəstəliyə yoluxmuş güllərin aşkarlanması və standartlara uyğun gəlməməsi səbəbindən tətbiq edilib.

Qərar ölkənin fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib”, - deyə rəsmi açıqlamada bildirilir.

Qeyd edək ki, Ermənistan Rusiyaya qızılgül, gerbera, qərənfil və alstromeriya ixrac edir.

Bu qadağanın məhz seçki öncəsi tətbiq edilməsi təsadüfi sayılmır və müşahidəçilər bunun daha çox Paşinyan hökumətinə qarşı siyasi təzyiq məqsədi daşıdığını bildirir.

Belə ki, bu tədbirlər xüsusilə Ermənistan hökumətinin Kremlə qarşı "dost olmayan" hərəkətlərindən sonra güclənməyə başlayıb. Bundan öncə Rusiya Ermənistandan spirtli içkilərin, eləcə də müxtəlif ərzaq məhsullarının, forel balıqlarının və s. idxalına qadağa qoyub.

Rosselxoznadzor isə Ermənistandan gələn mallarda yeni “pozuntular” aşkarlamaqda davam edir. Qurum artıq Ermənistan meyvə və tərəvəzlərinin “təhlükəli həşərat və bakteriyalarla çirklənməsinə dair” 146 hal aşkar etdiyini bəyan edib. Bundan əlavə, Rusiya Ermənistan pendiri, kərə yağı, konyakı və mineral suyu ilə bağlı narahatlıqlarını bildirərək, məhdudiyyətlər tətbiq edib.

Bütün bunlar Vladimir Putinin Paşinyan hökumətinə Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında təcili seçim və “mədəni boşanma” təklif etdiyi seçkiöncəsi dövrə düşür. Bu, həm də Robert Koçaryan başda olmaqla, ruspərəst müxalifətin əlinə arqumentlər verir. Müxalifət açıq şəkildə Rusiyanın Ermənistana qarşı qadağalarının siyasi xarakter daşıdığını etiraf edir və buna görə Kremli yox, Paşinyanı günahlandırır. Koçaryan bütün bunların fonunda dəfələrlə vurğulayır ki, Ermənistanın ümumi ticarət dövriyyəsinin 60%-dən çoxu Rusiya ilədir. Ona görə də Ermənistan yalnız Rusiya və Avrasiya İqtisadi Birliyi bazarlarına inteqrasiya edilməlidir. O qeyd edib ki, Avropa ilə yaxınlaşma cəhdləri Ermənistanın real iqtisadi perspektivlərilə dəstəklənmir. Ermənistan əhalisinin əksəriyyətinin rifahı birbaşa Rusiya ilə sabit əlaqələrdən asılıdır. Moskva ilə qarşıdurma isə Ermənistan iqtisadiyyatına və kənd təsərrüfatına böyük ziyan vuracaq. Bu qarşıdurmanın olmaması üçün də Paşinyan devrilməli və hakimiyyətə Rusiyanın əlaltıları gəlməlidir.

Ancaq qeyd edək ki, Paşinyan özü nə Rusiya ilə siyasi-iqtisadi əlaqələrdən, nə də Avrasiya İqtisadi İttifaqından imtina etmir. Hətta KTMT-dən də çıxmaq barədə heç bir rəsmi qərar yoxdur...

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
50
azpolitika.info

10Источники