RU

"Pley-offa vəsiqə qazandığımız üçün çox sevincliyik, amma..." - Tural Cəlilov

1-ci Liqanın son turu çərçivəsində dünən Şamaxıda "Cəbrayıl"ı 3:2 hesabı ilə məğlub edən "Şimal" pley-offda oynamaq hüququ qazandı. Paralel keçirilən görüşdə MOİK-ə 4 cavabsız qolla uduzaraq çempionatı tərk edən "Difai"ni turnir cədvəlində qabaqlayan kollektiv mayın 27-də 2-ci Liqada 2-ci olan "Qaradağ Lökbatan"la üz-üzə gələcək. "Şimal"ın çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb "Cəbrayıl" üzərində önəmli qələbə barədə fikirlərini bölüşməsini istədik və liqada qalmaq uğrunda çıxacaqları matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.az-a açıqlaması belə oldu:

"Cəbrayıl"la oyun bizim üçün çox vacib idi. Bilirdik ki, yalnız qələbə qazanmalıyıq. Bütün gücümüzü meydanda qoyduq. Sərgilədiyimiz futbolla nə dərəcədə motivasiyalı olduğumuzu isbatladıq. Uşaqlar sonadək döyüşdülər, qələbə qazanmaq üçün hər top uğrunda mübarizə apardılar. "Cəbrayıl" yaxşı hücum xətti olan, qısa ötürmələrdən uğurla istifa də edən komandadır. Bu mövsüm onlara qarşı keçirdiyimiz bütün oyunlarda əziyyət çəkmişik. İstək və döyüş ruhu sayəsində qalib gələ bildik. 

Pley-offa vəsiqə qazandığımız üçün çox sevincliyik, amma qarşıda çətin sınaq var. "Qaradağ Lökbatan" çox intizamlı komandadır. İkinci Liqada çempion olmağa da layiq idilər. Pley-off bir oyundan ibarətdir. Təbii ki, uda da bilərik, uduza da. Əlimizdən gələni edəcəyik ki, növbəti mövsümə də Birinci Liqada başlayaq. Çox çətin olacağının fərqindəyik. Onlara da uğurlar arzulayıram".

Nihat

Избранный
23
1
fanat.az

2Источники