Rusiyanın istintaq orqanları şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. O, terrorizmə haqq qazandırmaq və xarici agentin fəaliyyətini tənzimləyən qaydaları pozmaq ittihamları ilə qiyabi olaraq həbsə məhkum edilib.
AZƏRTAC xəbər verir ki, cinayət işi materiallarına görə, ötən il Moskvanın Zamoskvoretski rayon məhkəməsi Kasparovun Rusiyaya ekstradisiya və ya deportasiyası halında RF hüquq-mühafizə orqanlarına təhvil verildiyi və ya bu ölkədə faktiki olaraq saxlanıldığı andan iki ay müddətinə həbsdə saxlanılması barədə qərar çıxarıb.
Terrorizmi haqlı çıxarmaq ittihamı beş ildən yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur. Xarici agentin fəaliyyətini tənzimləyən qaydaları pozmaq ittihamı isə iki ilə qədər həbs və ya cərimə ilə cəzalandırılır.
Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin may ayında xarici agentlər reyestrinə əlavə edib. Hazırda o, Rusiyadan kənarda yaşayır.
Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub. O, 13-cü dünya şahmat çempionu, səkkizqat Olimpiada qalibidir və dəfələrlə beynəlxalq mükafatlar qazanıb.
Fəridə Abdullayeva