RU

WUF13 və Azərbaycanın urban diplomatiya strategiyası

2026-cı ildə Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu – WUF13 təkcə beynəlxalq tədbir deyildi. Əslində, bu Forum müasir şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrin istiqamətini müəyyən edən siyasi, iqtisadi və humanitar platformaya çevrildi. Dünyanın 176 ölkəsindən 57 mindən artıq iştirakçının Bakıya gəlməsi təsadüfi deyildi. Bu, həm urbanizasiya problemlərinin qlobal miqyas aldığını, həm də Azərbaycanın artıq bu dialoqun kənarında deyil, mərkəzində yer aldığını göstərirdi.

Bu fikirləri “İki sahil”ə özəl dəyərləndirməsində ekspert Gülşən Axundova bildirdi.

Onun sözlərinə görə, son illərdə dünya şəhərləri eyni vaxtda bir neçə ciddi çağırışla üz-üzə qalıb: iqlim dəyişiklikləri, nəzarətsiz urbanizasiya, sosial bərabərsizlik, enerji təhlükəsizliyi, miqrasiya və müharibələrin yaratdığı humanitar böhranlar artıq şəhər idarəçiliyini klassik yanaşmalarla mümkün olmayan mərhələyə gətirib çıxarıb. Məhz bu səbəbdən WUF13 əvvəlki forumlardan fərqli olaraq yalnız memarlıq və infrastruktur məsələlərinin müzakirə olunduğu tədbir təsiri bağışlamırdı. Burada şəhərlər artıq siyasi sabitliyin, sosial təhlükəsizliyin və dayanıqlı inkişafın əsas elementi kimi təqdim olunurdu.

Ekspert hesab edir ki, Bakının belə bir forum üçün seçilməsi də xüsusi diqqət çəkən məqamlardan idi. Çünki Azərbaycan son illərdə yalnız enerji və logistika sahəsində deyil, beynəlxalq siyasi platformaların təşkili baxımından da yeni status qazanmağa başlayıb. COP29-dan sonra WUF13-ün də Bakıda keçirilməsi göstərdi ki, ölkə artıq regional çərçivədən çıxaraq qlobal dialoq məkanlarından birinə çevrilir. Bu, müəyyən mənada Azərbaycanın “soft power” imkanlarının genişlənməsi kimi də qiymətləndirilə bilər.

Forumun ən vacib nəticələrindən biri “Bakı Fəaliyyətə Çağırışı” sənədinin qəbul olunması idi. Sənəd formal diplomatik bəyanatdan daha çox gələcək urban siyasətlər üçün strateji istiqamət rolunu oynayırdı. Burada şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması, sosial inklüzivlik, yaşıl transformasiya, postmünaqişə bərpası və insanların təhlükəsiz yaşayış mühitinə çıxışı əsas prioritetlər kimi göstərilmişdi. Əslində sənədin fəlsəfəsi sadə idi: gələcəyin şəhərləri yalnız texnoloji baxımdan inkişaf etmiş deyil, eyni zamanda insan yönümlü və dayanıqlı olmalıdır. Forum çərçivəsində ilk dəfə təşkil edilən Liderlərin Bəyanatları Sessiyası isə WUF tarixində yeni mərhələ hesab oluna bilər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada 27 dövlət və hökumət başçısının iştirakı Forumun siyasi çəkisini ciddi şəkildə artırdı. Əvvəlki illərdə WUF daha çox texnokratik platforma kimi qəbul edilirdisə, Bakı sessiyası göstərdi ki, urbanizasiya artıq dövlətlərin strateji təhlükəsizlik gündəliyinin bir hissəsinə çevrilib.

Gülşən Axundova vurğuladı ki, sessiya zamanı ən çox diqqət çəkən mövzulardan biri postmünaqişə dövründə şəhərlərin bərpası idi. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma layihələri beynəlxalq ekspertlərin və siyasi nümayəndələrin xüsusi marağına səbəb olmuşdu. Burada diqqəti çəkən əsas məqam ondan ibarət idi ki, Azərbaycan sadəcə dağıdılmış infrastrukturu bərpa etmir. Ölkə faktiki olaraq yeni urban model qurmağa çalışır. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı infrastruktur prinsiplərinin birlikdə tətbiqi müasir şəhərsalma siyasətində kifayət qədər nadir görünən kompleks yanaşmadır. Xüsusilə Ağdam, Füzuli, Zəngilan və digər ərazilərdə həyata keçirilən layihələr göstərir ki, postmünaqişə bərpası yalnız tikinti prosesi deyil, həm də sosial və iqtisadi reinteqrasiya məsələsidir. Bu yanaşma WUF13-də bir çox beynəlxalq ekspert tərəfindən “future-oriented reconstruction” – yəni gələcəyə hesablanmış bərpa modeli kimi xarakterizə olunurdu.

Forum zamanı tez-tez vurğulanan məsələlərdən biri də urbisid və ekosid anlayışları idi. Müharibələrin şəhərlərə vurduğu zərər artıq yalnız humanitar problem kimi deyil, qlobal urban təhlükəsizlik məsələsi kimi təqdim edilirdi. Məktəblərin, xəstəxanaların, mədəni irs obyektlərinin və yaşayış məntəqələrinin dağıdılması nəticəsində milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrildiyi qeyd olunurdu. Bu kontekstdə Azərbaycanın “Böyük Qayıdış” proqramı təhlükəsiz və ləyaqətli geri dönüş modeli kimi xüsusi diqqət çəkirdi.

Onun fikrincə, Forumun digər mühüm istiqamətlərindən biri isə ekoloji gündəlik idi. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” adlı tədbir urban siyasətdə ekoloji amillərin artıq ikinci dərəcəli məsələ olmadığını göstərdi. Tədbirin sonunda qəbul edilən “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” kommünikesində təmiz hava və yaşıl infrastruktur məsələlərinin gələcək şəhərsalma siyasətinin əsas komponentlərindən biri olması təklif edildi. WUF13 çərçivəsində təqdim olunan Bakı Şəhər Mükafatı da təsadüfi təşəbbüs deyildi. Bu addım Azərbaycanın urban innovasiya və dayanıqlı şəhər inkişafı sahəsində uzunmüddətli beynəlxalq iştirak niyyətini göstərirdi. Əslində Bakı artıq yalnız forum keçirən şəhər deyil, urbanizasiya sahəsində yeni ideyaların təşviq olunduğu platformaya çevrilməyə çalışır. Forumun təşkilati tərəfi də beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubu gələcək WUF sessiyalarının təşkili üçün Bakı təcrübəsinə əsaslanan idarəetmə mexanizmlərinin hazırlanmasını nəzərdə tutur. Bu isə olduqca mühüm detal idi. Çünki söhbət artıq sadəcə ev sahibliyindən deyil, beynəlxalq tədbir standartlarının formalaşdırılmasında iştirakdan gedir.

Gülşən Axundova bildirdi ki, ümumilikdə WUF13 göstərdi ki, müasir dünyada şəhərsalma yalnız tikinti və memarlıq məsələsi deyil. Şəhərlər artıq siyasi sabitlik, iqtisadi dayanıqlılıq, iqlim təhlükəsizliyi və sosial inkişafın əsas platformasına çevrilir. Bakı Forumu isə Azərbaycanın bu qlobal transformasiyada yalnız müşahidəçi deyil, aktiv iştirakçı və müəyyən mənada yeni yanaşmalar təqdim edən tərəf olmaq istədiyini açıq şəkildə nümayiş etdirdi.

Избранный
62
ikisahil.az

1Источники