RU

WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi


“Artıq bu bir reallıqdır ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi önəmli məkan, təşəbbüskar ölkə funksiyasını yerinə yetirir. Təkcə siyasi deyil, paralel olaraq mədəni-humanitar, iqtisadi və sosial platformalarda da Azərbaycan ev sahibliyi etdiyi bütün tədbirləri uğurla tamamlayaraq dünyaya nümunəvi ölkə olduğunu göstərir. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunu (WUF13) da xüsusi qeyd etmək lazımdır”.

Newscenter.az xəbər verir ki, bunları ATXƏM sədri İlham İsmayılov səsləndirib. Azərbaycanın COP29 kimi, WUF13-də uğurla başa vurduğunu deyən, İlham İsmayılov ölkəmizin Ümumdünya Şəhərsalma Forumu ilə daha bir ilkə, eyni zamanda rekorda imza atdığını söyləyib. Bildirib ki, Forumun tarixində ilk dəfə idi ki, bu qədər sayda iştirakçı ölkə və nümayəndə qatılırdı:

“180-a yaxın ölkədən 40 mindən artıq iştirakçının Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumuna qatılması həm forumun tarixində bir ilk, həm də rekord göstərici idi. Bundan başqa forum bir sıra yenilikləri və müsbət məqamları ilə də yadda qaldı. Ən başlıcası WUF13-ün tarixində ilk dəfə olaraq müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə liderlər sammiti keçirildi. Tədbirin ən mühüm nəticələrindən biri isə ondan ibarət idi ki, WUF13 Azərbaycanın Şərqlə Qərb arasında körpü rolu oynadığını bir daha təsdiqləmiş oldu. Bu fikri, qənaəti təkcə biz deyil, eyni zamanda iştirakçı dövlətlərin rəsmi şəxsləri və vətəndaş cəmiyyəti nümayəndələri də açıq şəkildə ifadə edirdilər. Birmənalı olaraq vurğulanırdı ki, Azərbaycan coğrafi mövqeyi, multikultural dəyərləri və balanslı xarici siyasət kursu ilə müxtəlif ölkələr və beynəlxalq qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verir. Həmçinin, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın yumşaq güc siyasətinin bir daha nümayişi idi. Yəni, bu cür beynəlxalq tədbirlər Azərbaycanın yalnız siyasi və iqtisadi potensialını deyil, həm də mədəniyyətini, tolerantlığını, zəngin tarixi irisini, mətbəxini, bütün bunlarla paralel olaraq müasir inkişaf modelini, mövcud reallıqları dünyaya təqdim etmək üçün geniş səmərəli platforma rolunu oynayır. Forumun iştirakçısı olan xarici qonaqların Bakının timsalında ümumən Azərbaycanın inkişafı, şəhər infrastrukturu və ölkədə həyata keçirilən layihələrlə yaxından tanış olması dünyada ölkəmiz barədə bir daha müsbət imicin formalaşması, onun möhkəmlənməsinə müsbət təsir göstərdi”.

İlham İsmayılovun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun ən mühüm müsbət məqamlarından biri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, infrastruktur layihələrinin diqqət mərkrəzində olması, bu prosesin dünyaya təqdimatı idi:

“Bildiyimiz kimi Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri tətbiq edir, yaşıl enerji zonaları yaradır, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurur. Bu da öz növbəsində Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Hesab edirəm ki, Ümumdünya Şəhərsalma Forumu bu baxımdan Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından da əhəmiyyətli idi”.

ATXƏM sədri onu da qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti WUF13-də də öz fəallığı, çevikliyi, təşəbbüskarlığı ilə fərqləndi və öz sözünü dedi:

“COP29-da olduğu kimi WUF13-ə də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri öz töhfələrini vermiş oldular. Azərbaycan QHT-ləri əkcə forumda iştirak etməklə kifayətlənmədi. Eyni zamanda onun yüksək səviyyədə təşkilində, xarici tərəfdaşlarla birlikdə günümüz üçün aktual olan mövzulara həsr olunmuş müzakirələrin keçirilməsi, ikitərəfli formatda əməkdaşlıq sazişlərinin imzalanması və s. fəaliyyətlərlə Azərbaycanın vətəndaş cəmiyyəti WUF13-də özünün uğur hekayəsini yazmış oldu. Ümumiyyətlə, son illərdə Azərbaycanın vətəndaş cəmiyyəti sahəsində müsbət mənada həyata keçirilən islahatlar QHT-lərin fəaliyyətində bir canlanma yaradıb. Artıq Azərbaycan QHT-ləri yerli səviyyədə fəaliyyətdən kənara çıxaraq beynəlxalq platformalarda öz sözünü deyir. yüksək səviyyəli əməkdaşlıq qururlar. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsi bunun sübutudur. Onu da qeyd edim ki, həmin forum çərçivəsində ATXƏM QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu baş tutdu. Bu da Azərbaycan QHT-lərinin təşəbbüskarlığı, beynəlxalq platformalara çıxışı və həmin platformalarda uğurlu fəaliyyətinin, eyni zamanda təşəbbüskarlığının tərənnümüdür”.

Süleyman
Избранный
46
1
newscenter.az

2Источники