Türk kinosunun unudulmaz siması Türkan Şoray, ötən axşam təşkil edilən "Türkan Şoray Rəsm Müsabiqəsi" çərçivəsində gənc istedadlarla bir araya gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, duyğusal anların yaşandığı tədbirdə usta sənətçi müsabiqənin qaliblərinə mükafatlarını təqdim edib.
Bakırköy Cem Karaca Mədəniyyət Mərkəzində, İstanbul Sanat Işıktır Dərnəyinin rəhbəri Doğan Tanyelin təşkilatçılığı ilə baş tutan yarışmada İstanbulun müxtəlif gözəl sənətlər liseylərinin tələbələri iştirak ediblər. Tələbələrin Türkan Şorayın portretini əsas mövzu kimi işlədikləri əsərlər gecəyə damğasını vurub.
Portretləri incələyərkən kövrələn Türkan Şoray səhnəyə çıxaraq qısa çıxış edib: "Burada olduğum qədər heç vaxt xoşbəxt olmamışdım. Ağlamamaq üçün özümü zorla saxlayıram",- o, qeyd edib.