
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hasil edilən 9,1 milyon ton neftin (kondensatla birlikdə) 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının, 2,3 milyon tonu isə SOCAR-ın payına düşüb.
Yeniavaz.comxəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. 4 ay ərzində neftin emalı 1,8 milyon ton təşkil edib.
Bu ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2025-ci il tarixinədək 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə), 480 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 606,9 milyon ton neft, 234,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,9 milyon tona yaxın kondensat, 245,8 milyard kubmetr qaz çıxarılıb.
Elnur Əli