AZ

"Bu dondurmalar həzm sistemini sıradan çıxardır, böyrəkləri zədələyir” – Mütəxəssisdən şok açıqlama

Havaların istiləşməsi ilə insanların dondurmaya təlabatı artıb.  Lakin bəzən mənşəyi bəlli olmayan, sanitar normalara uyğun saxlanılmayan dondurmalar satışa çıxarılır. Bəs dondurma alarkən vətəndaşlar nələrə diqqət yetirməlidir? 
Moderator.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, dondurma yay aylarında ən çox istifadə olunan məhsullardan biridir.
Onun sözlərinə görə, dondurma süd məhsulu olduğu üçün tez xarab olmağa meyillidir və düzgün şəkildə hazırlanmadıqda, eləcə də düzgün şəraitdə saxlanılmadıqda insan orqanizminə ciddi ziyan vura bilər:
“Belə hallarda bir çox xəstəliklərin yaranmasına, xüsusilə də mədə-bağırsaq və həzm sistemində pozuntulara səbəb ola bilər. Ümumiyyətlə, yay aylarında dondurma alarkən ilk növbədə diqqətli olmaq lazımdır. Nə qədər ki, aidiyyəti qurumlar tərəfindən monitorinqlər aparılır, bu, bütün satış nöqtələrini əhatə etmir. Çünki açıq şəkildə, çəkilə satılan və ya müəyyən qramla günəş altında təqdim olunan dondurmalar olur ki, bu cür dondurmalar daha çox risk daşıyır. Belə dondurmaların üzərində heç bir forma və ya etiket məlumatı olmadığı üçün onların təzə olub-olmadığını, yaxud da bir dəfə donub, sonra əridilib yenidən dondurulub-dondurulmadığını müəyyən etmək mümkün olmur. Bəzən bu cür dondurmalarda meyvə dadı vermək üçün müxtəlif mürəbbələr, cemlər və souslardan istifadə olunur ki, bu da təhlükəni artırır.
Bu cür açıq şəkildə satılan qarışıq dondurmaların saxlama müddəti maksimum iki-üç gün olmalıdır. Əgər onlar fasiləsiz olaraq dondurulursa, vəziyyət nisbətən yaxşı ola bilər. Lakin əksər hallarda insanlar buna diqqət etmirlər və satıcının sözlərinə inanaraq təzə olub-olmadığını soruşmaqla kifayətlənirlər. İnsan gün ərzində bir neçə fərqli qida qəbul etdiyindən, dondurmanın yaratdığı xoşagəlməz halların nədən qaynaqlandığını ayırd etmək çətin olur.
Ümumiyyətlə, mənşəyi bəlli olmayan, keyfiyyəti naməlum və tanınmayan mənbədən alınan dondurma yemək  tövsiyə olunmur. Çünki dondurma süd, qaymaq, kərə yağı kimi dəyərli və həssas məhsullardan hazırlanır. Keyfiyyətli dondurmanın qiyməti də müvafiq olaraq yüksək olmalıdır ki, insan sağlamlığına zərər verməsin”.
 
Qida mütəxəssisi onu da əlavə edib ki, artıq bir çox hallarda dondurmalar süddən, qaymaqdan, kərə yağından deyil, müxtəlif dadlandırıcılar, qatılaşdırıcılar, stabilizatorlar və digər kimyəvi qatqı maddələrindən hazırlanır:
“Belə məhsullar əsasən kimyəvi qatqılardan ibarət bir kütlədir və insan orqanizmində qəbul olunan artıq kalorilərlə yanaşı, eyni zamanda tərkibindəki süni maddələrə görə sağlamlığa ciddi zərər verə bilər. Bu cür qatqılar qaraciyər və böyrəklərdə toksinlərin yığılmasına, nəticə etibarilə böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola bilər. Əgər paketlənmiş dondurma alacağıqsa, bu zaman diqqət etməli olduğumuz əsas məqam, istehsalçı şirkət haqqında bütün məlumatların — ünvan, əlaqə nömrəsi və dondurmanın tərkibindəki məhsulların tam və açıq şəkildə etiket üzərində qeyd olunmasıdır. Xüsusilə dondurmanın tərkibindəki əsas məhsullar — süd, qaymaq, kərə yağı ən azı 70 faiz təşkil etməlidir. Qalan 30 faiz isə köməkçi maddələr ola bilər. Eyni zamanda, qablaşdırmanın üzərindəki markalanma tam olmalı, yazılar pozulmamış və paketin strukturunda heç bir deformasiyaya yol verilməmiş olmalıdır. Əgər yazılar silinibsə və ya dondurmanın forması dəyişibsə (əriyib yenidən dondurulubsa), bu cür məhsulları almaq tövsiyə olunmur. Bundan əlavə, dondurmanı yeyərkən ağızda xoşagəlməz acı dad hiss olunursa, bu da məhsulun keyfiyyətsiz və tərkibinin uyğun olmamasının göstəricisidir. Dondurmanın miqdarı da vacibdir. Yay aylarında gün ərzində qəbul edilən dondurmanın miqdarı 100-150 qramdan çox olmamalıdır. Eyni zamanda, dondurma əsas yeməkdən sonra deyil, ara yemək zamanı qəbul olunması tövsiyə edilir. Dondurmadan dərhal əvvəl isti çay və ya hər hansı isti qidanın qəbulu isə diş və diş ətinə zərər verə bilər. Bu məqamlara diqqət edilməlidir.”
 
 
Mehin Mehmanqızı
 
Seçilən
10
25
moderator.az

10Mənbələr