Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə verilən maddi köməkdir. Metbuat.az-ın məlumatına görə, bu yardım ailənin üzvlərinin orta aylıq gəliri rəsmi müəyyən edilmiş ehtiyac meyarından aşağı olduqda verilir. Ehtiyac meyarı dedikdə hər il dövlət tərəfindən təsdiqlənən, yaşayış minimumuna əsaslanan göstərici nəzərdə tutulur. Aztəminatlı ailə isə bir nəfərə düşən gəliri bu meyardan aşağı olan ailədir. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə ailə üzvlərinə düşən ehtiyac meyarı arasındakı fərq qədər olur. Bəs sosial yardım kimlərə verilir? Sosial yardımı almaq hüququ olan ailələr arasında əmək qabiliyyətini itirmişlər, əlilliyi olan uşaqlara və ya 8 yaşdan kiçik uşaqlara baxanlar, 23 yaşadək təhsil alan gənclərin ailələri, işsizlikdən sığorta alanlar, həmçinin ailə üzvləri vəfat edən, azadlıqdan məhrum olan və ya itkin düşənlər var. Yardım üçün ailəni təmsil edən şəxs yerli icra hakimiyyətindən ailə haqqında sənəd almalı, notariusda təsdiqlənmiş nümayəndəlik ərizəsi ilə müraciət etməlidir. Sonra isə “Ünvanlı yardım” (VEMTAS) sistemi vasitəsilə elektron müraciət edilir və məlumatlar avtomatik yoxlanılır. Qeyd edək ki, bu yardımın məqsədi az gəlirli ailələrin həyat şəraitini yaxşılaşdırmaq və onlara sosial dəstək verməkdir. Sevinc İbrahimzadə / Metbuat.az