AZ

“İrana qarşı savaşın hər an başlanması ehtimalı var...”-Sabiq səfir

“Bunu həm də o hal sübut edir ki, ABŞ İraqdan və bir sıra digər ölkələrdən səfirliklərini çıxarmaq niyyətindədir. Bundan öncə Ağ Ev Amerika vətəndaşlarının ilk növbədə İraqdan çıxarılması üçün tapşırıq verib...”
 
Xəbər verildiyi kimi, əhalisinin bəzi məlumatlara görə, 52 faizini Azərbaycan türkləri təşkil edən qonşu İran ətrafındakı gərginlik yenidən pik həddə çatmaqdadır. Bir yandan İsrail də, İran da savaşa tam hazır olduqlarını bəyan edirlər. Digər tərəfdən isə İranla ABŞ arasında nüvə proqramıyla bağlı danışıqlar dalana dirənib. Görəsən, hadisələrin inkişafı nə göstərir? İrana hücum edilməsi ehtimalı realdırmı?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bunları söyləyib:
 
“Öncə onu deyim ki, vay o gündən ki, bir ölkənin başına bir bəla gələ- onda vasitəçilər meydana çıxır. Vasitəçilər də əvvəlki söhbətlərimizdə dediyimiz kimi, əsas məqsədi özləri üçün bir divident, qazanc əldə etməkdir. Düzdü, Tramp Putinlə telefon danışığında onun İranla danışıqlarda vasitəçi kimi dəstəyini istəmişdi. Bununla ABŞ sanki Rusiyaya bir növ güzəşt edir və Ukrayna ilə bağlı Kremlə nəsə təsri edib müəyyən bir fayda əldə etmək niyyəti güdür...
 
Hazırda MAQATE İranla bağlı yeni hesabatı hazırlayıb. Həmin qurum bu qənaətə gəlib ki, İranda 60 faizdən də artıq zənginləşdirilmiş uran mövcuddur. Və son qərar odur ki, İran bundan istifadə edə bilməz. Belə halda təklif edirlər ki, həmin uran ölkədən çıxmalıdır, məsələn, Rusiyaya sata bilərsiz, amma İranda qalmamalıdır. Ona görə də indi Rusiya xala-xətir qalmasın deyə,  İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmağa və mülki reaktorlar üçün yanacağa çevirməyə hazır olduğunu bəyan edir. Və əslində bu da İranın maraqlarına uyğun deyil...
 
O da var ki, MAQATE-nin idarəedici şurasının 35 üzvündən cəmi 6-sı(Rusiya, Çin, Belarus Nikaraqua, Braziliya) İranı dəstəkləyirlər. Qalanlar isə İrana qarşı mövqe tutduqlarından mənfi rəy verəcəklər. Belə olan halda İrana qarşı qətnamə qəbul olunacaq və onu BMT Təhlükəsizlik Şurasına yollayacaqlar, orada isə daha ağır qərarlar çıxaracaqlar...
 
Xatırladım ki, Tramp İrana ona qarşı qoyulmuş şərtləri yerinə yetirmək üçün iki ay vaxt vermişdi və həmin müddət artıq bitib. Və hazırda Yaxın Şərqdə olduqca gərgin vəziyyət yaranıb. Bunu həm də o hal sübut edir ki, ABŞ İraqdan və bir sıra digər ölkələrdən səfirliklərini çıxarmaq niyyətindədir. Bundan öncə Ağ Ev Amerika vətəndaşlarının ilk növbədə İraqdan çıxarılması üçün tapşırıq verib. Bu da onu göstərir ki, hər an İrana qarşı müharibənin başlanması ehtimalı var. Netanyahunun İranın nüvə obyektlərini vurmaq planı mövcuddur. Ancaq Tramp hər dəfə təkidlə deyir ki, gözləyək, bəlkə İran danışıqlar yoluyla razılığa gəldi. İran isə nüvə proqramı məsələsində Qərbin, ABŞ-ın tələb etdiyi şərtlər daxilində heç bir güzəştə getmək istəmir. Bunu dəfələrlə bildiriblər. Qərb, Amerika isə tələb edir ki, İran ümumiyyətlə, nüvə proqramıyla məşğul olmasın, çünki onların iddiasına görə, bu dövlət nüvə bombası hazırlamaqla məşğuldur və həmin silahı əldə etməsinə az qalıb. Bu baxımdan Qərbin mövqeyi çox kəskindir. Digər tərəfdən isə İran da, İsrail də qarşılıqlı olaraq savaşa tam hazırdırlar. Odur ki, hər an müharibə başlaya bilər. İran isə dəfələrlə bildirib ki, onun ərazisinə hücum ediləcəyi təqdirdə o da buna çox ağır cavab verəcək...”
 
 
Seçilən
34
24
moderator.az

10Mənbələr