AZ

İranın öldürülən Baş Qərargah rəisi azərbaycanlı idi? - DOSYE

Dünyanın diqqəti İrana yönəlib. İsrail Ordusunun iyunun 13-də İrana etdiyi hava hücumları nəticəsində bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri də öldürülüb.

Təcrübəli hərbçinin ölümü İran ictimaiyyətini şoka salıb. İranın ali lideri Ayətullah Əli Xamenei bu hücumun cavabsız qalmayacağını və İsrailin dəhşətli acı yaşayacağını bəyan edib.

İsrailin hava hücumu nəticəsində Tehrandakı evində öldürülən general-mayor Məhəmməd Baqiri kimdir?

Modern.az saytı onun qısa tərcümeyi-halını təqdim edir.

Baş Qərargah rəisi vəzifəsi hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe sayılır.

Əsl adı Məhəmməd Hüseyn Əfşordi olan Baqiri 1960-cı ildə anadan olub. Onun doğum yeri bəzi mənbələrdə Tehran, digər mənbələrdə isə Təbriz şəhəri göstərilir.

Hətta onun milliyətcə Azərbaycan türkü olduğuna dair də məlumatlar var.

M.Baqiri 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə - mühəndislik ixtisasına qəbul olunub. 1979-cu ildə birinci kurs tələbəsi olarkən Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsində iştirak edib.

M.Baqiri 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) üzv qəbul edilib.

SEPAH-a qoşulandan sonra Baqeri hərbi karyerasına İran-İraq müharibəsində başlayıb və bu müharibədə əhəmiyyətli təcrübə qazanıb.

İran-İraq müharibəsində təcrübə toplayan Baqiri hərbi kəşfiyyat üzrə mütəxəssis kimi formalaşıb.

M.Baqiri 1980-1988-ci illərdə davam etmiş İran-İrqa müharibəsində yaralanıb. O, “Fəth” və “Nəsr” ordenlərilə təltif olunub.

M.Baqiri Baş Qərargah rəisinin əməliyyat və kəşfiyyat üzrə müavini vəzifəsini də tutub.

O, siyasi coğrafiya üzrə doktorluq elmi dərəcəsinə yiyələnərək İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyurdu.

Məhəmməd Baqiri 28 iyun 2016-cı il tarixində İranın ali rəhbəri Xamenei tərəfindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdi.

M.Baqirinin böyük qardaşı Həsən Baqiri (1956-1983) İran-İraq müharibəsi zamanı SEPAH komandirlərindən biri olub. O, cəbhədə ölüb.

A.Qorxmaz

Seçilən
31
2
modern.az

3Mənbələr