İyunun 14-də ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən bütün zəruri tədbirlər görüləcək.
Nazirliyin mətbaut xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcək. Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq.
“Məzunları bu əlamətdar gün münasibətilə təbrik edir və valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər. Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik”, - deyə müraciətdə bildirilir.