AZ

İsrail İrana hücum edib. Vəziyyət nə yerdədir?

İsrail ordusu gecə İrana hücum edib.

Böyük hücumundan sonra İran İsrailə 100-ə yaxın pilotsuz uçan aparatla cavab verib. İsrail bəyan edib ki, dronları vurub.

İsrail ordusu hücumda İranın İnqilab Keşikçiləri Korpusunun rəisi Hüseyn Salami və digər komandirlərin öldürüldüyünü bildirib.

İran dövlət televiziyası açıqlayıb ki, Tehran şəhərində yaşayış yerləri zərbələrə məruz qalıb və həlak olanlar arasında dinc sakinlər, o cümlədən uşaqlar da var. Lakin bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

İsrailin Baş naziri bildirib ki, hücum "Oyanan Şir" əməliyyatının bir hissəsidir. O əlavə edib ki, İran "İsrailin varlığı üçün birbaşa təhlükə" olub.

Hadisə barədə ətraflı aşağıda oxuyun.

İranın ali lideri isə bildirib ki, o, Təl-Əvivi cəzasız qoymayacaq.

İsrail fövqəladə vəziyyət elan edib və tezliklə cavab hücumlarını gözlədiyini deyib.

İran ABŞ-ı İsrailin hücumlarını dəstəkləməkdə ittiham edib, lakin ABŞ bu ittihamları rədd edib.

Prezident Tramp deyib ki, onun hücumlarla bağlı əvvəldən məlumatı olub, lakin ABŞ bu məsələdə tərəf deyil.

Videonu Youtibe kanalımızda zləyə bilərsiniz.

Prezident Recep Tayyip Erdoğan İsrailin hücumlarını "beynəlxalq hüququ saymayan açıq bir təxribat" kimi qiymətləndirib.

"Netanyahu hökuməti məsuliyyətsiz, aqressiv və hüquqa məhəl qoymayan hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır", - O, X hesabında yazıb.

"Beynəlxalq ictimaiyyət qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna artıq dur deməlidir. Netanyahu və qətliam şəbəkəsinin bölgəmizi alova atan hücumlarının qarşısı mütləq alınmalıdır", - o qeyd edib.

Erdoğan vurğulayıb ki, Yaxın Şərqdə artıq qan, dağıntı və qarşıdurma görmək istəmirlər.

Prezident hücumları "lənətləyib" və hücumda həyatını itirənlərə görə İran xalqına başsağlığı verib.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Bakı İsrailin İrana hücumundan narahat olduğunu bildirib

Azərbaycan İsrailin İrana hücumundan narahat olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 13-də yaydığı bəyanatda bildirib ki, vəziyyətin gərginləşdirilməsini pisləyirlər.

"Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq", - bəyanatda deyilir.

Trump-dan xəbərdarlıq: "İran bir razılaşma əldə etməlidir, yoxsa heç nə qalmayacaq"

ABŞ Prezidenti Donald Trump İranı nüvə proqramı ilə bağlı bir razılaşma əldə etməyə çağırıb və bildirib ki, Tehrana "dəfələrlə şans verib".

ABŞ və İran arasında bu mövzuda aparılan danışıqlar bazar günü altıncı mərhələyə qədəm qoymaq üzrə idi.

Trump "Truth Social" platformasında yazıb:

"Onlara ən sərt ifadələrlə dedim ki, 'sadəcə edin', amma nə qədər çalışsalar da, nə qədər yaxınlaşsalar da, bunu bacara bilmədilər."

O əlavə edib:

"Artıq çox sayda ölüm və dağıntı olub, lakin hələ də bu qırğını dayandırmaq üçün vaxt var".

Onun sözlərinə görə, yoxsa, qarşıda planlaşdırılan hücumlar daha da amansız ola biıər.

Trump xəbərdarlıq edib:

"İran bir razılaşma əldə etməlidir, yoxsa heç nə qalmayacaq və bir zamanlar 'İran İmperiyası' kimi tanınan şeyin qalıqlarını belə xilas etmək mümkün olmayacaq. Daha artıq ölüm, daha artıq dağıntı olmasın. SADƏCƏ EDİN, GEC OLMADAN."

Trump daha əvvəl bildirib ki, İsrailin hava zərbələri endirməzdən əvvəl planlarından xəbərdar olub, lakin ABŞ ordusunun bu əməliyyatda heç bir rolu olmayıb.

Beynəlxalq reyslə uçan 10-dan çox təyyarə Bakıya enməli olub

Israilin Iranı vurmasından sonra beynəlxalq reyslə uçan 10-dan çox təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib, Azərtac yazıb.

Hava limanı bildirib ki, İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda bir sıra beynəlxalq aviaşirkətlərdən onlara ehtiyat eniş üçün sorğular daxil olub.

Bakı Beynəlxalq hava limanından səhər saatlarında müxtəlif istiqamətlərdə uçan beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib.

Xamenei: İsrail "ciddi cəzalanmalıdır"

İranın ali lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrail "ciddi bir cəza" ilə cəzalandırılmalıdır.

O deyib ki, İsrail "bu gün əziz ölkəmizdə bir cinayət törədib" və İranın silahlı qüvvələri "bunu cəzasız qoymayacaq".

"Bu cinayətlə sionist rejim özü üçün acı, ağrılı bir taleyi hazırladı və bunu [taleyi] mütləq yaşayacaq."

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, bundan sonra İran İsrail istiqamətinə təxminən 100 PUA göndərib.

İsrailin hücumunun strategiyası nəyə hesablanıb?

Sebastian Usher

Yaxın Şərq üzrə analitik

İsrailin İrana budəfəki hücumu ötən il həyata keçirilmiş iki hərbi əməliyyatdan daha genişmiqyaslı və intensiv olmaqla qalmadı. Görünən odur ki, bu hücum həm də ötən ilin noyabrında Livanda Hizbullaha qarşı keçirilmiş əməliyyatda istifadə edilən strategiyanın bəzi elementlərini özündə ehtiva edib.

Bu strategiya yalnız İranın raket bazalarını – yəni, onun güclə cavab vermək imkanlarını – hədəf almaqla kifayətlənmir, həm də İranın rəhbərliyində əsas fiqurları sıradan çıxarmağa yönəlib.

Hizbullahın yüksək rütbəli komandirlərinin "başını kəsmək" strategiyası qruplaşma və onun davamlı əks-hücum qabiliyyəti üçün dağıdıcı nəticələr vermişdi.

Tehrandan yayılan görüntülərdə birbaşa hədəf alınmış binalar görünür.

Bu, İsrailin Beyrutun cənub bölgələrinə hücumlarından yayılan kadrlara bənzəyir.

Həmin hücumlar Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə nəticələnmişdi.

İranda o səviyyədə bir liderin öldürüldüyünə dair məlumat yoxdur. Ali lider Əli Xamenei hədəf alınmayıb.

Ancaq İsrailin Baş naziri Benyamin Netanyahunun günlərlə davam edə biləcəyini dediyi bir əməliyyatın ilk saatlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, İnqilab Keşikçiləri Korpusunun komandanının və bir neçə yüksək səviyyəli nüvə aliminin öldürülməsi İran elitasına görünməmiş dərəcədə zərər vurmaq deməkdir.

Bu, yəqin ki, İranın ötən il İsrailə etdiyi iki hücumdan daha sərt bir cavabı şərtləndirəcək.

Ancaq, eyni zamanda Tehranın belə bir sərt cavabı təşkil etmək imkanını da bir o qədər çətinləşdirə bilər.

Görünür, Netanyahunun bu münaqişəni eskalasiya etmək qərarı verəndə hesabladığı da məhz bu olub.

Bunu da oxuyun:

İran İnqilab keşikçiləri - onlar kimdir?

"Bu hücumun vaxtı kifayət qədər gözlənilməz oldu"

Hugo Bachega

Yaxın Şərq müxbiri, Qüdsdən

Bu hücumun vaxtı kifayət qədər gözlənilməz oldu. Bazar günü ABŞ və İran rəsmiləri arasında İranın nüvə proqramı ilə bağlı böhranı diplomatik yolla həll etmək məqsədilə görüş keçiriləcəyi gözlənilirdi.

Bu səhər İrandan yayılan məlumatlarda bildirilir ki, Tehran artıq həmin danışıqlarda iştirak etməyəcək.

Eyni zamanda İsrail ordusu məlumat yayıb ki, İranın cavab hücumu başlayıb və İsrailə 100-dən çox PUA göndərilib.

Narahatlıq ondan ibarətdir ki, bu, İranın daha genişmiqyaslı cavab planının bir hissəsi ola bilər. PUA-lardan sonra raketlər də göndərilə bilər. Məqsəd İsrailin hava hücumundan müdafiə sistemlərini iflic etmək ola bilər.

İsrail rəsmiləri bir müddətdir ki, hücum üçün bir fürsət pəncərəsi gördüklərini deyirdilər.

Keçən il İsrailin hava zərbələri nəticəsində İranın hava hücumundan müdafiə sistemləri ciddi ziyan görmüşdü, həmçinin regiondakı İranın müttəfiqləri, xüsusilə Livandakı Hizbullah zəiflədilmişdi. Onlar artıq bir müddətdir hərbi əməliyyat imkanını müzakirə edirdilər.

Və bu, həqiqətən də böyük bir hücumdur – söhbət nüvə obyektləri, hərbi bazalar, hava hücumundan müdafiə sistemləri, yüksək rütbəli hərbi komandirlər və eləcə də alimlərin hədəf alınmasından gedir.

Seçilən
72
49
bbc.com

10Mənbələr