AZ

Niyazi Bayramov bu il məzun olan şəhid ailəsi üzvləri ilə görüşdü - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2024–2025-ci tədris ilində məzun olan şəhid ailələrinin üzvləri ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov məzunları təbrik edərək, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayıb.

O bildirib ki, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Azərbaycanın azadlığının, müstəqilliyinin və suverenliyinin simvoluna çevriliblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şəhər rəhbəri əlavə edib ki, şəhid övladları yalnız valideynlərinin deyil, bütövlükdə xalqımızın şərəfini və ləyaqətini daşıyırlar. Onların təhsildə, davranışda və vətənpərvərlikdə nümunə olmaları gələcəyimizə olan inamı daha da gücləndirir.

Elçin Kərimov çıxışında qeyd edib ki, 2024–2025-ci tədris ilində Gəncə şəhərində 3758 şagird məzun olub. Bu məzunlar arasında şəhid övladlarının da yer alması hər kəs üçün xüsusi qürur mənbəyidir. Onlar həm məktəbdə uğurla təhsil alıblar, həm də şəhid valideynlərinin adını daim uca tutublar. Elçin Kərimov onu da vurğulayıb ki, bu il əvvəlki illərlə müqayisədə şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda, eləcə də müxtəlif olimpiadalarda daha yüksək nəticələr əldə ediblər. 

Sonda məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. 

Qeyd edək ki, 28 nömrəli tam orta məktəbin məzunu, şəhid Asəf Maşıyevin övladı Maşıyev Əliheydər, 44 nömrəli ingilis dili təmayüllü məktəb-lisey kompleksinin məzunu, şəhid Seymur Allahverdiyevin övladı Allahverdiyeva Asudə, eləcə də 8 nömrəli tam orta məktəbin məzunu, şəhid Cavid Əliyevin bacısı Əliyeva Mədinə Samir qızı 2024–2025-ci tədris ilində məktəbi uğurla başa vurublar.

Hər üç şəhid 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar.






Seçilən
41
50
qafqazinfo.az

10Mənbələr