AZ

Bu gün məktəblərdə “Son zəng” çalınacaq 

  Rəsmi qurumlar valideynlərə çağırış etdi

Bu gün - iyunun 14-də Azərbaycanın bütün orta məktəblərində “Son zəng” çalınır. Bu, təkcə bir dərs ilinin başa çatması deyil, minlərlə gəncin həyat yolunun yeni mərhələsinə qədəm qoyması deməkdir. 11 illik məktəb xatirələrinə vida deyən şagirdlər üçün bu gün həm kövrək, həm də ümid doludur.

Rəsmi rəqəmlərə əsasən, bu il ölkə üzrə 116 min 222 şagird məktəblə vidalaşaraq məzun olur. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, “Son zəng” tədbirləri ilə bağlı bütün təhsil müəssisələrinə nümunəvi təlimat göndərilib. Bu tədbirlərin əsas məqsədi təmtəraqdan uzaq, sadə, mənalı və səmimi ab-hava yaratmaqdır.

“Biz istəyirik ki, valideynlərin üzərinə əlavə maliyyə yükü düşməsin, məktəbdə isə yaradıcı çıxışlar, şagirdlərin özlərinin hazırladığı maraqlı hissələr ön planda olsun. Əsas odur ki, tədbir məktəbin daxilində və yaddaqalan şəkildə keçsin”, - deyə Eşqi Bağırov vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə də tədbirlərin forma və mahiyyəti ilə bağlı maraqlı təklif irəli sürüb. O bildirib ki, “Son zəng” mərasimi rəsmi çıxışlardan çox, xatirələr, musiqilər və şagirdlərin özlərini ifadə etdiyi səhnələrlə yadda qalmalıdır:

“Şagird məktəbdən gülümsəyərək ayrılmalıdır. O hiss etməlidir ki, məktəb onun həyatında yaddan çıxmaz bir mərhələdir. Gələcəkdə qarşılaşacağı çətinliklərdə yenə məktəbə - onu anlayan müəllimlərinə dönə biləcəyini bilməlidir”.

2024-2025-ci tədris ilində işğaldan azad edilən rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

“Son zəng” tədbirlərinin təhlükəsizliyi ilə bağlı Daxili İşlər Nazirliyi də hərəkətə keçib. Nazirliyin yaydığı məlumata görə, iyunun 14-də məktəblərin ətrafında asayişin qorunması üçün əlavə polis naryadları yerləşdirilib. Həmçinin məzunların avtomobillərlə hərəkəti zamanı yol hərəkəti qaydalarına nəzarət gücləndiriləcək, dayanma-durma və parklanma məsələlərinə xüsusi diqqət yetiriləcək.

Daxili İşlər Nazirliyi valideynlərə bir daha xəbərdarlıq edir: “Sürücülük vəsiqəsi olmayan övladlarını sükan arxasına əyləşdirməyin. Məzunlara isə çağırış olunur: sevincli gününüzü məsuliyyətlə keçirin, nə özünüzü, nə də başqalarını təhlükəyə atmayın”.

Bu gün məktəbin həyətində bir-birinə sarılan müəllimlə şagirdin baxışlarında yalnız vida yox, minnətdarlıq da var. Bu gün gənclərin gözündəki parıltı - arzuların, ideyaların, ümidlərin parıltısıdır. “Son zəng” - sadəcə bir simvol deyil. Bu, qapının bağlanması yox, yeni bir üfüqə doğru addımlamaq deməkdir.


Seçilən
38
2
referans.az

10Mənbələr