AZ

Bu gün "Son Zəng"dir

İyunun 14-də Azərbaycan məktəblərində "Son zəng" qeyd olunur. 

Far.Az xəbər verir ki, 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.

Bu il ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın, IX sinfi isə təxminən 158 minə yaxın şagird məzun olur.

Eyni zamanda cari tədris ilində işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.

"Son zəng" tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur.

"Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə "Son zəng"in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb.

Məlumat üçün bildirək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Seçilən
34
31
far.az

10Mənbələr