Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 21-də davam etdirilib.
Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasa təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar qatılıblar.
Bako Sahakyana suallar
Məhkəmə iclasında 2007-2020-ci illərdə Azərbaycanın vaxtilə Ermənistan işğalı altında olan ərazilərində yaradılmış qondarma qurumun “rəhbəri” olmuş Bako Sahakyana növbəti suallar ünvanlanıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran B.Sahakyan vaxtilə “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) üzvlərindən biri olduğunu təsdiqləyib.
O, Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib.
Təqsirləndirilən şəxs fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini diqqətə çatdırıb. “Avropa ərazisində radio, Amerikada isə hər il televiziya vasitəsilə tədbirlər keçirilirdi. Bu tədbirlər zamanı vəsaitlər toplanırdı”, - deyə o əlavə edib.
B.Sahakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsi Ermənistanda, bir hissəsi isə qondarma rejimdə müxtəlif işlərin görülməsinə (infrastruktur, səhiyyə, təhsil) sərf olunub. O, fondun gördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaiti hesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlar İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yollarıdır.
Prokurorun sualını cavablandıran B.Sahakyan Ermənistandan verilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirildiyini də təsdiqləyib. Bildirilib ki, fondun vəsaitlərinin bir hissəsi isə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz məskunlaşmaya sərf edilib.
Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübuta yetirilib
Məhkəmə prosesinin davamında Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübuta yetirilib.
Eyni zamanda, vaxtilə işğal altında olmuş ərazilərdə qanunsuz məskunlaşma aparılmasına dair bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olan və istintaq materiallarına əlavə edilmiş sənədlər tədqiq edilib.
Sənədlərlə əksəriyyəti Suriya və Livan, habelə bəzi digər ölkələrin vətəndaşlarının Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qanunsuz şəkildə məskunlaşdırıldığı təsdiqlənib. Bu ərazilərə Azərbaycanın Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonları və digər yerlər daxildir. Məhkəmədə qanunsuz məkunlaşmış şəxslərin Suriya, Liviya və digər ölkələrdə anadan olmalarını sübuta yetirən pasportların surətləri də nümayiş etdirilib.
Ermənilər tərəfindən hazırlanmış və məhkəmədə tədqiq edilən videomaterialda danışan şəxs aşpaz olduğunu, Beyrutdan gəldiyini bildirərək deyib: “Mən Beyrutdan gəlmişəm. Ermənistan vasitəsilə Qarabağa gəldim. Adım Toni Hacardır. Gəldim və gördüm ki, bura çox yaxşıdır. Bizə ev verdilər. Burada işləmək üçün kifayət qədər imkan var”.
Digər videomaterialda Şuşa “icra hakimiyyətinin nümayəndəsi” Elik Harutunyan bildirir ki, yerli “hökumət” (qondarma rejimi nəzərdə tutur – red.) Toni Hacari ailəsinə müvəqqəti mənzil verib, onların kommunal xərclərini ödəyir. Növbəti günlərdə isə “hökumət” Hacari ailəsinə ev verəcək.
“Nümayəndə” qeyd edir ki, 10 il həmin orada yaşadıqdan sonra həmin ev onların özəl mülkiyyətinə çevriləcək.